Gömrükçülər üçün onlayn təlim başlayıb
İyunun 17-dən Dövlət Gömrük Komitəsində (DGK) BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının birgə layihəsi olan “Konteyner daşımalarına nəzarət üzrə qlobal proqram” çərçivəsində Strateji Ticarət və İxrac Nəzarəti mövzusunda onlayn təlim keçirilir.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin aidiyyəti strukturlarının əməkdaşları üçün keçirilən təlimin məqsədi strateji ticarət, eləcə də ixrac nəzarətinə düşən malların identifikasiya olunması və onların qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində potensialın yüksəldilməsidir.
BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin eksperti Ercan Saka bildirib ki, təlimdən öncə iştirakçıların mövzu ilə bağlı bilik səviyyələrinin öyrənilməsi məqsədilə keçirilən qiymətləndirmənin nəticələri qənaətbəxşdir. Belə ki, azərbaycanlı gömrükçülərin bilik səviyyələri 96 faizdən yuxarıdır.
BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin eksperti Adam Baçelor və sözügedən idarənin Gürcüstandakı layihə ofisinin rəhbəri Naidə Şamilova çıxış edərək təlimin gömrükçülərin strateji ticarət və ixrac nəzarəti barədə bilik və bacarıqlarını artırmağa geniş imkanlar yaradacağını bildiriblər.
İyunun 19-dək davam edəcək təlimdə ekspertlər “BMT Təhlükəsizlik Şurasının 1540 nömrəli Qətnaməsi”, “Strateji Nəzarətin icmalı”, “Kütləvi Qırğın Silahlarının icmalı: Nüvə Kütləvi Qırğın Silahlarının icmalı: raketlər”, “Kütləvi Qırğın Silahları: kimyəvi, bioloji”, “Birləşmiş Millətlər Təşkilatının sanksiyaları və embarqoları”, “Faktın tədqiqi”, “Fırıldaqçılıq nümunələri və risk göstəriciləri” mövzularında təqdimatlar keçirəcək və müzakirələr aparılacaq.
Sonda təlim zamanı iştirakçıların əldə etdikləri bilik və bacarıqlar yenidən qiymətləndiriləcək.

