Sosial 

COVID-19: Karantin şərtlərinə və tələblərinə əməl etmək bu qədərmi çətindir?

Azərbaycanda koronavirusla bağlı iyunun 21-nə olan statistik məlumatlar açıqlanıb. Həmin gün Azərbaycanda koronavirusa daha 491 yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. 4947 nəfərə isə koronavirus testi aparılıb. Ümumiyyətlə hazırkı dövrə qədər ölkəmizdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir .

Azərbaycanda pandemiya ilə mübarizənin ilk aylarında vəziyyət demək olar ki, stabil idi. Pandemiya tam nəzarət altında idi, virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması istiqamətində Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsi göz qabağındadır. Bu dövrdə xəstəlikdən sağalanların sayı infeksiyaya yoluxanların sayını üstələdi. İnsan itkisinin sayı isə minimuma endi. Dövlət bu müsbət tendensiyanı nəzərə alaraq, karantin rejminin şərtlərini yumşaltdı İyunun 1-də karantin şərtləri yumşaldıqdan sonra əhalidə pandemiyanın aradan qalxması ilə bağlı yaranan arxayınçılıq, diqqətsizlik, gigiyenik qaydalara əməl etməməyin nəticəsində virus yenidən yayılmağa bağladı.  Nəticədə koronavirusa yoluxanların və vəfat edənlərin sayı günbəgün artmağa başladı.

Bəzi vətəndaşlarımız qoyulan qaydalara, karantin tələblərinə laqeydlik və biganəlik göstərdilər. Xüsusilə həftəsonu tətbiq edilən sərt karantin rejimi ilə bağlı həftənin cümə günündən rayonlara, istirahət bölgələrinə qeyri-qanuni yollarla başlanan səfərlər, həm yollarda sıxlıq, tıxac yaratdı, həm də üz tutduqları rayonların, bölgələrinin insanları, vətəndaşları üçün də böyük narahatlığa səbəb oldu. Səfərə çıxanlar öz yersiz səfərləri ilə həm özlərinin, həm yaxınlarının, həm də o bölgələrdəki insanların həyatını böyük risk və təhlükə altında qoymuş oldular. Nəticədə qaydaların yenidən sərtləşdirilməsi və cəza sanksiyalarının tətbiq olunmasına ehtiyac zərurətdən yarandı. Bu, insanların məsuliyyətsiz davranışları nəticəsində qəbul edilməsi zəruri olan qərardır. Çünki bəzi insanlar nə xəstəliyi, nə qorunmanı, nə də kimdənsə yoluxa bilmə və ya kiməsə yoluxdurma ehtimalını düşünmürlər. Hələ də bu xəstəliyin ciddiliyini başa düşməyən, evdə özünü kortəbii müalicə edən, xəstəliyi gizlədən, “belə xəstəlik yoxdur, virusa inanmıram, virus yoxdur, mən koronaya yolxumaram” deyən vətəndaşlarımız var. Tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etmək, sosial məsafəni gözləmək, karantin şərtlərinə və tələblərinə əməl etmək bu qədərmi çətindir? Hamının yadındadır ki, pandemiya başlayanda təbii olaraq heç bir ölkə buna hazır olmadığından maska qıtlığı yaranmışdı. Bəziləri sosial şəbəkələrdə “maska yoxdur, nə taxaq? başlıqlı “demaqoq” statuslarla “çıxış edirdilər”. Cənab Prezidentin tapşırığı ilə ölkədə maska istehsal edən müəssisə işə salındı və bu problem aradan qalxdı.  Həmin “təbliğat” aparanlardan soruşmaq lazımdır ki, “bəs, maska arzulayırdınız, niyə taxmırsınız?”

Fədakar həkimlərimiz aylardır ailələrinə həsrət qalıblar. Gecə – gündüz , istirahət demədən işləyirlər, saatlarla xüsusi ağırçəkili geyimdə olurlar. Bu cür qoruyucu geyimlərdə  saatlarla qalmaq nə qədər çətin olsa da yorulmadan çalışır, COVID – 19- la mübarizə aparırlar.  Evdə qalmaq istəməyən vətəndaşlar dövlətimizə və həkimlərimizə necə kömək edirlər?  Reanimasiya otaqlarında qalan xəstələr necə əziyyət çəkirlər? Həkimlər onları həyata qaytarmaq üçün necə əzmlə çalışırlar, nə qədər stress keçirirlər, bilirsinizmi?

Sevindirici haldır ki, dövlət xəstələrimizə sahib çıxır, onların müayinə və müalicəsini öz öhdəsinə götürür. Cənab Prezident xüsusi olaraq ölkəmizdə koronavirus xəstələrinin tam dövlət hesabına müalicə aldıqları barədə demişdir: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.

Bəşər tarixindəki bu çətin və təlaşlı dönəmin nə zaman bitəcəyi ciddi narahatlığa səbəb olur. Çünki koronavirus pandemiyasının yaratdığı fəlakət daha böyük miqyas almağa başlayır. Hər gün artan yoluxma və ya ölüm göstəriciləri, statistika, müqayisəli təhlillər insanı dəhşətə gətirir. Vəziyyətin ciddiyyətini anlamamaq, koronavirus varlığına inanmamaq isə sadəcə absurddur. Artıq koronavirus qarşısıalınmaz bəlaya çevrilib. Bu, nə qədər çəkəcək heç kəs bilmir. Digər dünya dövlətlərində olduğu kimi,  Azərbaycanda mövcud  məsələ ciddi problemə çevrilib.

Ona görə də məsuliyyətli olmaq hazırkı dövrün bir nömrəli zəruri  tələbidir. İlk olaraq özünüzü qoruyun, təlimatlandırın və profilaktik tədbirlər görün. Unutmayın ki, heç kəs bu virus sığortalanmayıb. Hər kəs yoluxa  və yoluxdura bilər. Mümkün olmaqdıqca evdə çıxmayın, ictimai yerlərdə sosial məsafəni qoruyun, insanlarla sıx təmasdan çəkinin,  tibbi maska və əlcəklərdən istifadə edin. İmmun sisteminizin möhkəm olması üçün meyvə, vitamin, sağlam qida məhsulları qəbul edin. İdman edin, oturaq vəziyyət çox qalmayın, gigiyenik qaydalara mütləq və düzgün şəkildə əməl edin. Xüsusi dezinfeksiyaedici məhsulları, tibbi spirti özünüzlə gəzdirin, mütəmadi olaraq istifadə edin. İctimai nəqliyyat vasitələrində maksimum dərəcədə tədbirli və ehtiyatlı olun. Unutmayın ki, özünüzü qorumaqla ailənizi, yaxınlarınızı və ətrafınızı qorumuş olursunuz. Eyni tendensiya özünüzü qorumadıqda, məsuliyyətsiz olduqda özünü göstərir. Ona görə də bütün bəşəriyyət naminə koronavirusdan qorunun və qoruyun!

Yaqut Ağaşahqızı,

“İki sahil”

Daha çox xəbərlər