Siyasət 

Həqiqət anı

Və yaxud Azərbaycan Ordusu Paşinyana tüpürdüyünü necə yalatdırdı?

Düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş 12-15 iyul döyüşlərinin başlanmasından bir həftə ötür. Günlər keçdikcə sərhəd döyüşünün ilk anlarından hər kəsi düşündürən “Bütün dünya COVID-19 adlı gözəgörünməz düşmənlə çarpışdığı indiki həssas məqamda Ermənistan hansı ağılla və məntiqlə atəşkəsi pozur”, “Niyə məhz cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqaməti”, “İşğalçı ordunun növbəti qəfil hücumu hansı strateji məqsədlərə hesablanmışdı”, “Atəşkəsin pozulduğu ilk andan Rusiyanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) özünün avantürist planlarının reallaşdırılmasına cəlb etmək Ermənistanın nəyinə lazım idi və düşmən bu hərbi-siyasi ittifaqı niyə çirkin oyunlarına cəlb edə bilmədi” sualları və digər məsələlər ətrafında sular durulmaqdadır.

İlk olaraq bütün dünyanın diqqəti koronavirusla mübarizəyə yönəldiyi bir vaxtda Ermənistanın öz xislətinə uyğun olaraq hansısa absurd bəhanələrlə cəbhə xəttindən xeyli aralıda Azərbaycanın dövlət sərhədini xaincəsinə pozmasından başlayaq. Məlumdur ki, bütün dünyada COVID-19-un tüğyan etdiyi mart-aprel-may aylarında Ermənistan pandemiyadan ən çox əziyyət çəkən ölkə olmasına baxmayaraq öldürücü virusla ümumbəşəri mübarizə qaydalarını kobud surətdə pozaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində iki turdan ibarət qondarma “prezident seçkiləri”, Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı “hərbi parad”, yenə də Azərbaycanın bu qədim mədəniyyət və incəsənət beşiyində qondarma “Dağlıq Qarabağ respublikası”nın yeni “seçilmiş” qondarma “prezidenti”nin “andiçmə” mərasimini və digər şoular təşkil etmişdi. Bu şoularda başda Azərbaycana və ümumilikdə türk dünyasına aqressiv münasibətdə öz sələflərini də kölgədə qoyan “demokrat” baş nazir Nikol Paşinyan olmaqla işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin dövlətimizin və xalqımızın ünvanına olmazın hədyanlar, aşağılayıcı fikirlər səsləndirmələri də yaddaşlardan silinməyib. O da yadımızdadır ki, pandemiya dövründə işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan rəhbərliyinin beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqla keçirdiyi “tədbirlər”, xüsusilə qondarma “prezident seçkiləri” şousu beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən, necə deyərlər, yüngülvari qınanılsa da, təcavüzkara layiq olduğu yer göstərilməmişdi. Görünür, tarix boyu fürsəti fövtə verməyib dünya üçün həssas məqamlardan yararlanmaqla Azərbaycana qarşı terror və işğalçılıq siyasətini daha geniş coğrafiyada reallaşdıran ermənilər bu dəfə də pandemiya şəraitindən istifadə etməklə yeni ərazilərimizi zəbt etmək niyyətinə düşmüşdülər.

“Niyə məhz cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqaməti” sualının cavabına gəldikdə isə zənnimcə, bu məqamda Dağlıq Qarabağ münaqişəsinin ən yaxın tarixinə qısa ekskurs etmək zərurəti yaranır. Hakimiyyətə küçə mübarizəsindən gələn və iqtidarda olduğu iki il ərzində düşüncəsi və təfəkkürü küçə psixologiyası səddini aşa bilməyən Paşinyanın son vaxtlar su yoluna döndərdiyi Dağlıq Qarabağa qanunsuz səfərləri zamanı sayıqlamalarını xatırlayırsınızmı? O, dövlətimizin və xalqımızın ünvanına olmazın hədyanlar, böhtanlar üyüdüb tökür, guya Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrindən güclü olması barədə sərsəm fikirlər uydururdu. Ən qəribəsi bu idi ki, Paşinyan bu sözləri 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müzəffər ordumuza müraciətlə “Xankəndini vurmağa hazır olun!” əmrindən dərhal sonra dabanlarına tüpürərək “ana Ermənistan”a aparan yollarda basabas yaradan Dağlıq Qarabağdakı həmcinslərinə deyirdi.

Populizmdə, sərsəmlikdə, müharibə ritorikası ilə danışmaqda heç də özünün baş nazirindən geri qalmayan Ermənistanın müdafiə naziri David Tonoyan isə belə bir sərsəm açıqlama vermişdi: “Əgər Azərbaycan atəşkəsi pozsa yeni-yeni ərazilər itirəcəkdir.” Bu sərsəm erməni hətta Gəncə də daxil olmaqla Azərbaycanın Kür çayına qədər ərazilərini işğal edə biləcəklərini, lazım gələrsə raketləri Bakıya tuşlayacaqlarını iddia edirdi. Çox güman ki, hakimiyyətə Ermənistanı çox qısa müddətdə cənnət məkana döndərəcəyi barədə populist şüarlarla gələn Nikol və onun qaragüruhçu komandası xalq arasında sürətlə itirməkdə olduğu nüfuzunu bərpa etmək, xüsusilə ona qarşı vahid cəbhədə birləşən müxalifətin artan təzyiqlərini neytrallaşdırmaq üçün “Azərbaycanla müharibə kartı”dan yararlanmaq fikrinə düşmüşdü.

Bəs görəsən Paşinyanın bu təxribat əməlini münaqişənin əsas subyekti olan cəbhə xəttində deyil, dövlət sərhədinin Tovuz istiqamətində törətməkdə hansı strateji məqsədləri olub? Maraqlıdır ki, bu sualın cavabı özünü çox gözlətmədi. İşğalçı dövlətin sərhəddə təxribat törətdiyi gün, yəni iyulın 12-də guya Azərbaycanın təcavüzünə məruz qalması ilə bağlı haray-həşir salaraq üzvü olduğu KTMT-dən qurumun fövqəladə iclasını çağırmağı israrla tələb etməsi çox qaranlıq mətləblərə işıq saldı. Məlum oldu ki, Azərbaycanın şanlı ordusunun uğurlu əks-həmlələri nəticəsində uzun burnu əməlli-başlı ovulan Nikol Paşinyanın əsas strateji niyyəti Rusiyanın söz sahibi olduğu KTMT-ni bu avantüraya qoşmaqla yaxınlığından Qərb üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Cənub Qaz Dəhlizinin və digər layihələrin keçdiyi ərazilərdə hərbi əməliyyatları alovlandırmaq, nəticədə Rusiya ilə Qərb ölkələrini üz-üzə qoymaqdır. Lakin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının dediklərindən məlum oldu ki, təxribat başlanan andan Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycanın siyasi və hərbi rəhbərliyinin yorulmaq bilmədən sərgilədiyi titanik fəaliyyət sayəsində nəinki düşmənin bu alçaq niyyəti baş tutmamış, əksinə, əvvəlki təxribatlardan fərqli olaraq bu dəfə bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Azərbaycanın haqlı mövqeyini birmənalı müdafiə etmişlər. Hətta Ukrayna, Pakistan, Qazaxıstan, Yaponiya, İngiltərə, İsrail, Moldova və digər dövlətlər işğalçını öz adı ilə çağırmaqdan belə çəkinməmişlər. Qardaş Türkiyə isə qətiyyətli addımları ilə xüsusi təşəkkürə və xalqımızın sonsuz minnətdarlıq duyğularına layiqdir.

Üç günlük hərbi əməliyyatlar zamanı yağı düşmən Aprel döyüşlərində ermənilərə tarixi dərs verən Azərbaycan xalqının və onun şanlı ordusunun son illərdə qarşı tərəfin açıq təhdidlərinə, bir an belə səngiməyən müharibə ritorikasına, hətta aşağılayıcı, alçaldıcı ifadələrinə səbrlə, təmkinlə yanaşmasından “ruhlanaraq” özü haqqında yaratdığı məğlubedilməzlik mifinin darmadağın olmasına şahidlik etdi. Başda rəşadətli ordumuzun qəhrəman general-mayoru Polad Həşimov olmaqla Vətən, torpaq yolunda şəhidlik zirvəsinə yüksələn igid zabit və əsgərlərimizin sarsılmaz döyüş ruhu ermənilərin üzərinə şahin kimi şığıyan hərbçilərimizə qələbəyə gedən yolda bələdçilik edən mayak oldu. Bir sözlə, Tovuz təxribatına qədər daim heç zaman olmayan hərbi gücü ilə öyünən Ermənistan qarşısında hər an düşmənin başına od ələməyə hazır olan qüdrətli, yenilməz Azərbaycan Ordusunu gördü. İyulun 14-dən 15-nə keçən gecə Bakıda on minlərlə insanın iştirakı ilə “Qarabağ!”, “Şəhidlər ölməz, Vətən bölünməz” və digər vətənpərvərlik şüarları ilə keçirilən izdihamlı yürüş isə bir daha xalq-iqtidar-ordu birliyinin əyani təzahürünə çevrildi. Məhz bu birliyin, həmrəyliyin nəticəsində havadarlarının təhriki ilə xaincəsinə torpaqlarımıza soxulan düşmən nəinki geri otuzduruldu, hətta onların möhkəmləndirilmiş istehkamları, saysız-hesabsız döyüş texnikası darmadağın edildi. Bu günlər sosial şəbəkələrdə qan ağlayan ermənilər Tovuz döyüşləri zamanı Ermənistan ordusunun ən azı 145 nəfər itki verdiyini, silah-sursat anbarlarının, dayaq məntəqələrinin, canlı qüvvəsinin yerləşdiyi ərazilərin və digər strateji hərbi obyektlərinin rəşadətli Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edildiyini böyük təşviş içində paylaşmaqdadırlar.

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur.” Bu günlərdə Ermənistanın hakimiyyətyönlü mətbuatının manşetinə çıxarılan, müxalifyönlü və müstəqil mediada isə ironiya obyektinə çevrilən bu fikir bilirsiniz kimə məxsusdur? Nə qədər təəccüblü olsa da indiyədək “Münaqişənin sülh yolu ilə həllinin perspektivi yoxdur”, “Müharibə ilə alınan torpaqların sülh yolu ilə geri qaytarılması mümkün deyil” və sair sərsəm iddialarla erməni cəmiyyətinin rəğbətini qazanmağa çalışan Nikol Paşinyana! Bəli, məhz Nikol Paşinyana! Gərək nə qədər həyasız, abırsız, ismətsiz, nəhayət, erməni olasan ki, dünənə qədər öz aləmində ən ağır ifadələrlə aşağılamağa nail olduğunu düşündüyün xalqın, onun rəşadətli ordusunun, necə deyərlər, vuran qolunu görəndən sonra əvvəlki mövqeyindən 180 dərəcə geriyə dönüş edəsən! Bax, belə! Nəhayət, yuxarıda apardığımız təhlillərdən belə bir qəti nəticəyə gəlmək olar ki, 2020-ci ilin 12-15 iyul günləri çağdaş tariximizə sözün birbaşa mənasında həqiqətin yalan, ədalətin ədalətsizlik üzərində zəfər çaldığı anlar kimi daxil olacaqdır.

Əhməd Qurbanoğlu, “İki sahil”

Daha çox xəbərlər