Gündəm 

Karantin günlərində polislərin gərgin iş rejimi – FOTOREPORTAJ

Azərbaycanda karantin rejimi elan olunan ilk gündən iş qrafiki mürəkkəbləşən peşə sahiblərindən biri də hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Gücləndirilmiş iş rejiminə keçən polis eyni zamanda müxtəlif istiqamətlərdə fəaliyyət göstərmək məcburiyyəti qarşısında qalıb. Hüquq qaydalarının qorunmasından, kriminogen duruma nəzarət edilməsindən, cinayət işlərinin araşdırılmasından, ictimai asayişin və təhlükəsizliyin mühafizəsindən əlavə, polisin üzərinə karantin rejiminin icra olunmasına nəzarət də qoyuldu. Vətəndaşlara karantin rejiminin qaydalarını aşılamaq, onlarla maarifləndirici söhbətlər aparmaq polisin yeni vəzifələrindən biri oldu. Bəs polislər insanlarla ünsiyyətdə özlərini necə aparmalıdır, onlara bu haqda nə kimi təlimatlar verilir?

Sübh tezdən Oxu.Az-ın əməkdaşları paytaxtın Nərimanov rayonunun polis idarəsinə üz tutdu.

Səhər düzülüşündə idarənin şəxsi heyəti ilə bərabər, Daxili Qoşunların və FHN-nin ezam olunmuş əməkdaşları da sıralanmışdı. İdarənin rəis müavini, polis polkovniki Habil Əliyev şəxsi heyət qarşısında çıxışı zamanı bir sıra məqamlara toxundu.

Bu gün polisdə nizam-intizama və təlim-tərbiyə işlərinə də böyük diqqət yetirilir. Yüksək rütbəli rəislər şəxsi heyətə vətəndaşlarla ünsiyyətdə intizam qaydalarına riayət etməyin vacibliyini aşılayırlar, onlardan qaydalara, daxili nizamnaməyə riayət etmək və təlimatlara uyğun hərəkət etməyi tələb edirlər.

Pandemiya dövründə insanlar özünütəcrid vəziyyətində yaşayırlar, alışmadıqları müəyyən sıxıntılara məruz qalırlar, evdən nadir hallarda, sms-icazə ilə çıxırlar, isti hava şəraitində qoruyucu maska taxmağa məcburdurlar və bütün bunlar onların mənəvi-psixoloji durumuna təsirsiz ötüşmür. Bu gərgin dövrdə vətəndaşların ciddi streslə üzləşdiyi də polis əməkdaşlarının nəzərinə çatdırılır.

Təlimatdan sonra polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə patrullara bölünüb küçələrə çıxırlar. Qeyd etmək lazımdır ki, polislərə kömək edən hərbçilərin heyəti MAXE-lərdən (müddətdən artıq xidmət edən hərçilər) və zabitlərdən ibarətdir, yəni sıravi əsgərlər patrula cəlb olunmur.

Hər bir patrul müəyyən əraziyə nəzarət edir. Əməkdaşlar vətəndaşların evlərini tərk etmək icazəsinin olub-olmamasını yoxlayır. Bu zaman xüsusi vasitələr, elektron cihazlar və tətbiqlər onların köməyinə gəlir.

Polisin əsas nəzarət yetirdiyi insanların sıx toplaşdığı yerlərdə, mağazalarda, içtimai nəqliyyatda, avtobus dayanacaqlarında, bankomatların, imtahan keçirilən məktəblərin qarşısında sosial məsafəyə riayət olunması və fərdi qoruyucu vasitələrdən istifadə təkidlə tələb olunur.

Bizi müşayiət edən polis kapitanı Elçin Mirzəli bildirir ki, əvvəlki vaxtdan fərqli olaraq, insanlar operativ qərargahın tətbiq etdiyi qaydalara daha çox riayət edirlər.

“İnsanlar sanki ayılıb. Vətəndaşların 90%-i, demək olar ki, qaydalara riayət edir. Təəssüflər olsun ki, bu, sərtləşdirilmiş rejimin son dönəminə təsadüf etdi”.

Vətəndaşlar qaydalara riayət etməklə yanaşı, polislərin işini də anlayışla qarşılayırlar. İş yerlərinə tələsdiklərinə baxmayaraq, polis əməkdaşlarının tələbi ilə ayaq saxlayır, icazələrini, sənədlərini təqdim edirlər.

“Yoxlamalara müsbət yanaşıram. Bu istilərdə nümunəvi xidmət aparan polislərə də minnətdarıq”, “Bu qaydalar təkcə Azərbaycanda deyil, bütün dünyada tətbiq edilir”, “Düşünürəm ki, hələ müəyyən müddət maska taxılmalıdır, digər qaydalara riayət edilməlidir”, – bu kimi oxşar ifadələri qısa reydimiz zamanı dindirdiyimiz vətəndaşlardan eşitdik. İnsanların əsas istəyi isə pandemiyanın bitməsi, ölkəmizin bu bəladan tezliklə yaxa qurtarmasıdır.

Daha çox xəbərlər