Əsas vəzifə insanların layiqli həyat şəraitini təmin etməkdir
Karantin rejiminin yumşaldılması laqeydliyə əsas verməməli, heç kim arxayınlaşmamalıdır, küçəyə çıxan insanlar qoruyucu vasitələrdən istifadə etməli, sosial məsafəni qorumalıdırlar
Artıq 6 aydan çoxdur ki, dünya koronavirus bəlası ilə üz-üzədir. Keçən ilin sonlarından Çindən yayılmağa başlayan koronavirus qısa zaman ərzində dünyanın demək olar ki, dörd bir tərəfini öz cənginə aldı. Virusun geniş arealda yayılmasına qarşı adekvat tədbirlər görülsə də, onu önləmək, qarşısını almaq təəssüf ki, mümkün olmadı. COVID-19 adı alan bu virusa qarşı ayrı-ayrı ölkələr öz tibbi imkanları daxilində mübarizə aparırlar. Nisbətən səmərəli mübarizə aparıb COVID-19-u qismən zərərsizləşdirən dövlətlər də var, onun qarşısında aciz duruma düşənlər də. Azərbaycan dövlətinin və hökumətinin zamanında, hələ virusun geniş areala yayılmadığı ərəfədə gördüyü tədbirlər, atdığı adekvat addımlar ölkəmizi Çin, İtaliya, İspaniya, İran kimi acı tale yaşayan dövlətlərlə eyni sırada qərarlaşdırmadı. Belə ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı. Həmçinin qabaqlayıcı tədbirlərin görülməsi və respublikanın bütün ərazilərində monitorinqin aparılması üçün ekspert qrupları təşkil olundu. Sonrakı günlərdə qonşu ölkələrlə gediş-gəlişin, məktəblərin, bağçaların, idman zallarının, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması, park və ictimai istirahət yerlərinə girişin qadağan olunması, kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması, martın 24-dən xüsusi karantin rejiminin, aprelin 5-dən isə ölkədə hərəkət məhdudiyyətinin tətbiqi kimi qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər Azərbaycanda koronavirus infeksiyası probleminin bir sıra ölkələrdəki kimi təhlükəli hal almasının qarşısını aldı. Son 17 ilə yaxın müddət ərzində tikilib istifadəyə verilən səhiyyə ocaqları, tibb mərkəzləri, müasir tipli xəstəxanalar bu gün koronavirus pandemiyasına qarşı aparılan mübarizədə önəmli rol oynayır. Hazırda da bu sahədə işlər uğurla davam edir və koronavirus pandemiyasının aradan qalxmaması səbəbindən təkcə paytaxt deyil, eləcə də regionlarda modul tipli xəstəxanaların quraşdırılması prosesi davam edir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin şimal-qərb regionuna səfəri zamanı Şəkidə, Qobustanda, İsmayıllıda və Qəbələdə bu tipli xəstəxanaların açılışında iştirak etməsi də deyilənləri təsdiqləyir. Şəkidə modul tipli xəstəxananın açılışında dövlət başçısı bildirdi ki, bundan sonra da məlum oldu ki, bundan sonra da sözügedən proses davamlı xarakter daşıyacaq və daha yeni-yeni səhiyyə ocaqları, tibb məntəqələri, modul tipli xəstəxanalar inşa ediləcək. Hər zaman olduğu kimi, Prezident İlham Əliyev xalqımızın və dövlətimizin bu qlobal təhlükədən alnıaçıq çıxması və insanların çətinlik çəkməməsi üçün nə lazımdırsa edir. Çünki istər pandemiyanın yayıldığı hazırkı dönəmdə, istərsə də digər dövrlərdə əhalinin, vətəndaşların sağlamlığı əsas prioritetdir. Vaxtında həyata keçirilmiş tədbirlər, yeni xəstəxanaların tikilməsi və əsaslı bərpa olunması COVID-19-la uğurlu mübarizə aparmaq üçün lazımi şəraiti təmin edib. Eyni zamanda, pandemiyanın yaratdığı iqtisadi çətinliklərə rəğmən nəinki heç bir sosial layihə təxirə salınmayıb, sosial tədbirlər daha da gücləndirilib, hazırda layihələrin icrası rekord səviyyədə təmin olunmaqdadır. Çünki bu gün əsas vəzifə insanların layiqli həyat şəraitini təmin etməkdir. Təkcə bu il 90 min insan üçün ictimai ödənişli iş yerlərinin açılması məşğulluğun əhatə dairəsinin genişlənməsinə xidmət edir ki, bu da pandemiyanın yaratdığı iqtisadi böhran fonunda olduqca vacibdir. Vətəndaşlarımızın tezliklə sağalması və mövcud vəziyyətdən az itkilərlə çıxması üçün bütün imkanlar səfərbər edilib. Növbəti məhdudlaşdırıcı tədbirlər artıq müsbət dinamikanı təmin edib. Sevindirici haldır ki, son həftələr ölkəmizdə sağalanların sayı yoluxanların sayını üstələyib. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunmuşdur. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilmişdir. Prezident İlham Əliyevin qərarlarının və dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin müsbət nəticəsi olaraq avqust ayının 5-dən Azərbaycanda da karantin rejiminin yumşaldılmasına başlanılıb, bəzi sahələrdə çalışan insanların fəaliyyətinə icazə verilib. Bu heç də koronavirus təhlükəsinin bitdiyi, virusun yoxa çıxdığı demək deyil. Karantin rejiminin yumşaldılması laqeydliyə əsas verməməli, heç kim arxayınlaşmamalıdır. Küçəyə çıxan insanlar qoruyucu vasitələrdən kütləvi halda istifadə etməli, sosial məsafəni qorumalıdırlar. Beləliklə, ölkə ictimaiyyəti bu çətin günlərdə bir daha yanında öz liderini, onun qayğısını, dəstəyini gördü.
Nigar Orucova, “İki sahil”

