İnsanlığa dayaq olaq…
19 avqust – Beynəlxalq Humanitar Yardım Günüdür
Azərbaycan bu gün əldə etdiyi inkişaf sayəsində humanizm prinsiplərinə sadiq olaraq beynəlxalq humanitar missiyaları dəstəkləyir
Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir. Bu gün BMT tərəfindən 2008-ci ildə təsis edilib. İlk dəfə isə 2009-cu il avqustun 19-da qeyd olunub. Bu mühüm tarix ehtiyacı olan insanlara humanitar yardım göstərərkən həyatını itirənlərin xatirəsinə həsr edilib.
BMT Baş katibinin xüsusi nümayəndəsi Serxio Vieyra de Mello və onun İraqdakı Yardım Missiyasında çalışan 21 həmkarı 2003-cü il avqustun 19-da Bağdaddakı “Kanal Otel”də kamikadzenin özünü partlatması nəticəsində həlak olublar. Bu tarix məhz onların xatirəsini anmaq üçün qurum tərəfindən xüsusi olaraq seçilib.
Qeyd edək ki, dünyada qarşıdurma və müharibələr 68 milyondan çox insanın doğma yurdlarından didərgin düşməsinə, evsiz qalmasına səbəb olub. Uşaqlar və kişilər məcburi olaraq silahlı qruplara cəlb edilir, qadınlar təcavüzə və istismara məruz qalırlar. Humanitar yardım fəalları dünya miqyasında milyonlarla insanın həyatını qurtarmaq üçün köməklərini əsirgəmirlər. Onlar münaqişə zonalarında, təbii fəlakətlərin baş verdiyi ərazilərdə yardıma ehtiyacı olanlara köməyə tələsir və bəzən həyatlarını riskə atırlar. Humanitar yardım qrupları aclıqdan, müharibələrdən, cinsi ayrı-seçkilik və şiddətdən, təbii fəlakətlərdən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə, uşaqlara, təmiz suya ehtiyacı olanlara kömək əllərini uzadırlar.
Təbii fəlakətlərdən əziyyət çəkən insanların sayı son on ildə artıb. Hər il təxminən 211 milyon nəfər təbii fəlakətlərin mənfi təsirinə məruz qalır. Dünyada əhalinin sayının, iqtisadi böhranın, ekoloji və sağlamlıq problemlərinin, aclıq dərəcəsinin, müharibə və təbii fəlakətlərin çoxalması, qiymətlərin bahalaşması humanitar yardım işçilərinin fəaliyyətinin önəmini daha da artırır.
Hazırda qlobal pandemiyaya qarşı mübarizə aparan, onun təsirindən az itki ilə çıxmaq üçün daxili imkanlarını səfərbər edən Azərbaycan dövləti hər zaman olduğu kimi, məhz bu çətin dövrdə də xoşməramlı missiyasını davam etdirir. İndiyədək Azərbaycan pandemiyadan əziyyət çəkən bir çox dövlətə kömək əlini uzadıb. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib: “Onu deyə bilərəm ki, biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu, artıq bilindi və biz də əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür. Çünki hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik”.
Göründüyü kimi, Azərbaycan bu gün əldə etdiyi inkişaf sayəsində humanizm prinsiplərinə sadiq olaraq beynəlxalq humanitar missiyaları dəstəkləyir. Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif qitələrdə humanitar yardım və davamlı inkişaf layihələrini həyata keçirirlər.

