Avstriya tətil regionlarından geri dönənlər üzərində nəzarəti gücləndirir
Avstriya hökuməti Xorvatiyanın ardınca digər tətil regionlarından geri dönənlər üzərində epidemioloji nəzarətin gücləndirilməsi barədə qərar qəbul edib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, avqustun 18-də hökumət rəsmiləri İspaniyanın əsas tətil adaları sayılan Balear adaları (İbiza, Mayorka, Formentera və Menorka) ilə bağlı ən yüksək (6-cı pillə) səyahət xəbərdarlığı elan edib. Avqustun 24-dən qüvvəyə minəcək xəbərdarlıq çərçivəsində həmin adalardan Avstriyaya dönən şəxslər mənfi PCR testi təqdim etməli və ya iki həftəlik ev karantininə razı olmalıdırlar.
Federal Kansler Sebastian Kurts mətbuat konfransında bildirib ki, ölkənin quru sərhədlərində əlavə olaraq 500 polis və 800 əsgər sərhəd nəzarətinə cəlb ediləcək. Onun sözlərinə görə, ötən günlərdə tətil regionlarından geri dönənlər ölkədə yoluxma hallarının artmasına səbəb olub, məhz buna görə də potensial regionlar diqqət mərkəzində saxlanılmalıdır. Federal Kansler ispan adalarından geri dönənləri hava limanlarında yaradılmış pulsuz test imkanından istifadə etməyə çağırıb.
Daxili İşlər naziri Karl Nehammer ölkəyə geri dönən şəxsləri karantin qaydalarına əməl etməyə çağırıb və bildirib ki, hazırda ölkə üzrə 20 min nəfər ev şəraitində karantinə alınıb. Qeyd edilib ki, karantin qaydalarına riayət etməyənləri 1450 avroyadək cəza gözləyir. Qaydaları pozan şəxsin virus daşıyıcısı olduğu müəyyən edildikdə isə cinayət məsuliyyəti yarana bilər.Eyni zamanda hökumət təmsilçiləri əhalini virusla mübarizədə qarşıdakı həssas dövrə hazır olmağa çağırıb.

