Cəmiyyət 

Azərbaycan Pekində keçirilən “Sevgi sərhəd tanımır” sərgi-yarmarkasında təmsil olunub

ARANTV.AZ xəbər verir ki, Azərbaycan Pekində “Sevgi sərhəd tanımır” devizi altında keçirilən ənənəvi sərgi-yarmarkada təmsil olunub. “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, milli mətbəxin təamları böyük maraq yaradıb.

Çin Xarici İşlər Nazirliyinin təşkil etdiyi ənənəvi xeyriyyə sərgi-yarmarkası müxtəlif ölkələrdə istehsal olunan məhsulların satışından əldə olunan gəliri humanitar layihələrə yönəltməklə maddi dəstək məqsədi daşıyır. Azərbaycanın Çindəki səfirliyinin hazırladığı geniş pavilyonda milli mədəniyyətimizi tanıdan və təbliğ edən müxtəlif eksponatlar, o cümlədən geyim nümunələri, suvenirlər nümayiş etdirilib. Tədbirin xaraketirinə uyğun olaraq milli mətbəximizin təamlarından plov, dolma, kabab, kükü, manqal salatı, qutab, pavlaxa və şəkərbura, “Made in Azerbaijan” brendi ilə istehsal olunan kənd təsərrüfatı məhsulları, o cümlədən şərab və konyaklar, kompotlar, mürəbbələr, habelə Azərbaycan narı satışa çıxarılıb. Azərbaycan pavilyonuna baş çəkən Çinin dövlət qurumlarının vəzifəli şəxslərinə, Pekin sakinlərinə, əcnəbi diplomatlara Azərbaycan istehsalı olan məhsullar, təamlar təqdim edilib.

Gün ərzində 15 mindən çox adamın ziyarət etdiyi yarmarkada 90-a yaxın ölkə və beynəlxalq təşkilatın 140-a yaxın pavilyonu fəaliyyət göstərib.

Daha çox xəbərlər