Qanun hamı üçündür: ancaq sadə insanlar üçün yox
Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.
Avqustun 18-də Novxanıdakı dəbdəbəli villada AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin, sabiq millət vəkili İlham Əliyevin qızının toyu olub. Təzə bəy də Rövşən Mustafayevin oğludur.
Toyda BDU-nun sabiq rektoru Abel Məhərrəmovun əttökən “tost”unu eşidibsiniz yəqin – videolar yayılıb.
Toydakı qonaqların arasında ombudsman Sabinə Əliyeva və onun əri, deputat Siyavuş Novruzov da olub.
Toydan videolar yayılandan sonra bu adamların bəziləri “video saxtadır, quramadır, toy olmayıb” dedi, bəziləri “toy çox əvvəl olub” söylədi, bəzisi isə “toplantı idi, yaxşı eləmişəm” söylədi.
Prezident Adminstrasiyasının sabiq rəhbəri, Təhlükəsizlik Şurasının üzvü, AMEA prezidenti Ramiz Mehdiyevin pandemiya ilə bağlı tətbiq edilən karantin müddətində nəvəsinə toy etməsi təbii ki, cəmiyyətdə ciddi narazılığa və vəttəndaşların sərt qınağına səbəb olub.
Dünyanın istisnasız olaraq, bütün ölkələrində olduğu kimi, Azərbaycanda da COVİD-19 koronavirus pandemiyası ilə bağlı karantin rejimidir, vətəndaşların bir sıra hüquqları və azadlıqları onların təhlükəsizliyi, sağlamlığının təminatı üçün məhdudlaşdırılıb.
Xüsusilə də belə şəraitdə toy və yas mərasimlərinin keçirilməsi, 5 nəfərdən artıq şəxsin bir yerə toplaşması yasaqdır.
Ən başlıca məqam odur ki, sivil və çağdaş dövlətlərdə, o cümlədən Azərbaycanda kimliyindən, maddi durumundan, sosial və siyasi statusundan asılı olmayaraq qanun qarşısında istisnasız olaraq bütün vətəndaşların bərabərliyi prinsipi var. Bu səbəbdən də ölkədə kimsə özünü başqalarından daha üstün, daha imtiyazlı, qanunları tapdalayıb keçəcək iqtidarda birisi saya bilməz və saymamalıdır da.

Sosial şəbəkələrdə yayılmış videogörüntülərdən bəlli olur ki, həmin toy qapalı məkanda keçirilib, xeyli adam da iştirak edib.
Bu isə karantin rejimi qaydalarının kobud şəkildə, qəsdən və bilərəkdən pozulmasıdır.
Digər tərəfdən, həmin mərasimdə bir zamanlar dövlət idarəetmə aparatında çox yüksək vəzifələr tutan, habelə indiki millət vəkili olan və rəsmi qurumlara rəhbərlik edən şəxslərin iştirak etmələri ən azı təəccüb, təəssüf hissi doğurur.
Nə gərəkdi qanunlara bunca sayğısızlıq, nümayişkaranə şəkildə etinasız davranmaq?
Həmin toy mərasimini karantin rejimi qaydalarına uyğun olaraq açıq məkanda, məhdud sayda iştirakçı ilə, təmtəraq və dəbdəbəsiz keçirmək olmazdımı?
Sosial şəbəkələrdə bəlli videonun doğurduğu qıcıq və vətəndaşların əsəbi etirazları da tamamən haqlıdır, anlaşılandır.
Çünki qanunlar yalnız sadə vətəndaşlar, kasıblar üçün deyil. Bu videodakı görüntülərə tamaşa edən hər sıravi vətəndaşın tam haqqı var ki, o da toy və ya yas mərasimlərinə qarşı tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasını tələb etsin.
6 aydır ölkə mediası, dövlət qurumları vətəndaşlara fasiləsiz xitablar edir, ölkə əhalisini karantin rejiminin qaydalarına riayət etməyə çağırır.
Bəs sabiq yüksək çinli məmurlar və millət vəkili, habelə indi yüksək vəzifədə olan adamlar karantin rejiminin qaydalarını pozurlarsa, belə davranırlarsa, vətəndaşdan nəyisə tələb etmək bir qədər çətinləşir.
Bu baxımdan istər akademik Ramiz Mehdiyevin və onun ailə üzvlərinin, istərsə də həmin toyda iştirak etmiş deputatın və ya vəzifəli şəxslərin davranışlarına hüquqi qiymət verilib.
Amma onların əməlləri həm də mənəvi məsuliyyəti ehtiva edir ki, bunun izharlarından biri vətəndaşlarımızın haqlı qınağıdır.
Bütün bunlar, prosesin mənəvi tərəfidir. Çünki hüquq-mühafizə orqanları mütləq şəkildə qanun pozucuları barədə ölçü götürməli idilər.
Məhz bu səbəbdən məlum toyun təşkilatçısı, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş millət vəkili İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinin qərarı ilə hər biri 15 sutka müddətinə azadlıqdan məhrum olunublar.

Millət vəkili Siyavuş Novruzova YAP tərəfindən töhmət verilib.
Siyavuş Novruzovun həmin toyda iştirak etməsinə, sonra da bu iştiraka haqq qazandırmasına sadəcə, təəssüf edirəm.
Qaydanı pozanlar mütləq cəzalandırılmalıydılar. Çünki bu cəza olmasaydı, vətəndaşlar arasında dövlətin yürütdüyü siyasətə qarşı inamsızlıq yarana bilərdi.
Çünki koronavirus pandemiyası dövründə, karantin rejiminin tətbiq olunduğu vaxtda şəhər və rayonlarımızda toy və ya yas məclisi keçirən sadə insanlar saxlanılır, cərimələnir.
Bu yasaqlar və sərt cəzalar qanunu pozan istənilən yüksək vəzifəli məmura, özlərini qanundan yuxarı tutanlara da şamil edilməlidir.
Bir daha təkrar edirəm: qanunlar sadəcə, sadə vətəndaşlar və kasıblar üçün nəzərdə tutulmayıb.
Kimsə özünü imtiyazlı, hər şeyə qadir sayaraq qanunlara, yəni dövlətə meydan oxuya bilməz.
Əksini düşünən kəs – vəzifəsindən və maddi durumundan asılı olmayaraq – çox ciddi səhv edir.
Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır.
Məmurlarımız, vəzifəli şəxslərimiz də bütün vətəndaşlarımız kimi birdəfəlik anlamalı və bilməlidirlər: Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək.

Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.
Dünyanı cənginə almış COVİD-19 koronavirus pandemiyası ilə mübarizə bizim üçün ümummilli məsələdir, millətin və dövlətin qarşısındakı əsas problemlərdən biridir.
Bəhs etdiyim mübarizədə kimsə şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz.
Bu gerçəyi bəzi akademiklər, sabiq rektorlar, millət vəkilləri, məmurlar anlamalıdırlar.
Gec də olsa…

