Avstriya casusluqda ittiham etdiyi rusiyalı diplomatı ölkəsindən çıxarır
Avstriya rusiyalı diplomatı davranışının Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına zidd hesab etdiyinə görə ölkədən çıxarır.
Bu barədə TASS Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü Klaudia Türçerin açıqlamasına istinadla xəbər yayır.
“Rusiyalı diplomatın göndəriləcəyini təsdiqləyə bilərəm. Onun davranışı Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına ziddir”, – deyə Türçer qeyd edib.
“Kronen Zeitung”in xəbərinə görə, Avstriyada rusiyalı diplomat arzuolunmaz şəxs hesab edilərək 1 sentyabr tarixinə qədər ölkə ərazisini tərk etməli olduğu bildirilib.
Qeyd edilir ki, diplomat sənaye casusluğunda ittiham edilir. O, Avstriyanın yüksək texnologiya müəssisələrindən birində ölkə vətəndaşı vasitəsilə məlumat toplamaqda şübhəli bilinir.
Avstriya vətəndaşı müəssisədəki casusluq fəaliyyəti barədə rəhbərliyini müstəqil şəkildə məlumatlandırıb və rus diplomatı özünün kuratoru adlandırıb.
Diplomatik toxunulmazlığını əsas gətirərək rusiyalı diplomat ifadə verməkdən imtina edib.

