Heç bir məmur adi vətəndaşdan üstün deyil
“Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar”.
Bu gün Faiq Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırov isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olundular.
Prezident İlham Əliyev bununla əlaqədar olaraq həmin şəxsləri videoformatda qəbul edib.
Dövlət başçısının qəbulda söylədikləri sadəcə, Biləsuvar və Saatlı rayonları ilə bağlı deyildi. İlham Əliyevin söylədikləri bütün rayonların İH başçıları ilə yanaşı, məmurlara və dövlət qurumlarının rəhbərlərinə ünvanlanmış fəaliyyət qaydalarının, yaşam prinsiplərinin sadalanması idi.
Azərbaycanın əyalətində problemlər çoxdur. Sözsüz, uğurlar var, ciddi işlər görülür, iqtisadiyyatın qeyri-neft sektorunun gücləndirilməsi sahəsində aparılan işlərlə regionların sosial-iqtisadi inkişaf proqramı üzvi şəkildə birləşib.
Lakin görüləsi işlər də az deyil.
İlk əvvəl rayonlardakı vəziyyət dürüst təhlil edilməli, dəqiq araşdırılmalıdır. Məqsəd mövcud nöqsanları və çatışmazlıqları bəlirləməkdir. Məhz belə olarsa rayon sakinlərini narahat edən problemləri həll etmək olar.
Eyni zamanda, icra hakimiyyətlərinin başçılarına müəyyən mənada aktiv iş üçün kart-blanş da verilib.
Belə ki, əgər hansısa problemi rayon səviyyəsində çözmək mümkün deyilsə, onlar mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət etməlidir.
Dövlət başçısının dediklərinə diqqət verin: “Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik”.

Konkret fəaliyyət taktikasının sadə izahıdır. Aqrar təsərrüfat dünyanın istisnasız olaraq, bütün dövlətlərinin iqtisadiyyatının önəmli hissəsi, ərzaq təhlükəsizliyinin təminatının bel sütunudur. Azərbaycanda da belədir.
İcra hakimiyyətinin başçısı işini kabinetə qapanmaq, rayonu “məsafəli” idarə etmək sanırsa, yanılır. Belələrinin idarəetmə mexanizmlərinin hansı nöqsanlara və fəsadlara səbəb olduğunu görmüşük.
Bilaəks, İH başçısı rəhbərlik etdiyi rayonun kəndlərini dolaşmalı, sakinləri narahat edən məsələlərdən hali olmalıdır. Daha dəqiq desək, rayon sakinləri, kəndlilərlə başçı arasında birbaşa, vasitəçilərsiz mükalimə yaranmasa, nə kəndli məmura inanacaq, nə də məmur kəndlini düşünməyəcək.
Biləsuvarla Saatlıda ciddi işlər görülüb və həmin işlər yerli icra hakimiyyətlərinin uğuru yox, dövlət səviyyəsində reallaşdırılan proqramların nəticəsidir.
Rayonlarda bütün infrastruktur layihələri uğurla icra edilir. Bu layihələrin böyük hissəsi artıq icra edilib, başa çatıb.
Hazırda dördüncü regional inkişaf proqramı icra edilməkdədir və bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynamışdır. Bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib və ardıcıllıqla icra olunur. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq. O cümlədən Biləsuvar və Saatlı rayonlarında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıbdır. Qazlaşdırma təqribən 100 faizə yaxınlaşır və 100 faiz olmalıdır. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır.
Avtomobil yolları çəkilir, içməli su layihələri başa çatıb. Bu, həm Saatlı, həm Biləsuvar şəhərləri üçün həmişə çox ciddi problem idi. Artıq Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su şəhər sakinlərinə çatdırılır. Eyni zamanda, kəndlərdə modul tipli təmizləyici qurğular, artezian quyuları vasitəsilə bu məsələlər öz həllini tapır və bundan sonra da buna xüsusi diqqət göstərilməlidir, eyni zamanda, suvarma məsələlərinə də. Çünki həm keçən il, həm bu il quraqlıq vətəndaşlara böyük problemlər yaradıb, kənd təsərrüfatının daha da yüksək templərlə inkişafını əngəlləyib. Nəzərə alsaq ki, həm Saatlı, həm Biləsuvar taxılçılıq, pambıqçılıq rayonlarıdır, burada əlbəttə ki, su amilinin çox böyük önəmi var.
Digər məsələ sahibkarlığın inkişafı ilə bağlıdır. Məqsədlərimizə çatmaq üçün mütləq şəkildə iqtisadiyyatın qeyri-neft sektoru inkişaf etdirilməlidir.

Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Koronavirus pandemiyası ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir.
Bununla belə, rayonlarda sahibkarların incidilməsi, yerli icra orqanları tərəfindən onlardan rüşvət tələb olunması bəlası var.
İH başçıları belə rüsvayçılığın və qanunsuzluğun yaşanmaması üçün əllərindən gələni etməlirlər.
Məmurlar əsla unutmamalıdır ki, sahibkarlara dəstək, kömək onların borcudur. Sahibkar sadəcə, dövlət vergisini ödəməlidir. Həmin məbləğən savayı kimsəyə, hansısa məmura və s.-yə pul verməməlidir. Verirsə, rüşvət verir demək.
Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər.
İcra hakimiyyətlərinin başçılarının qarşılarında duran digər məsələ rəhbərlik etdikləri rayonlara yerli və xarici investorların cəlb olunmasıdır.
Sərmayə olmadan heç bir rayonumuz inkişaf edə bilməz.
Prezident İlham Əliyev bununla bağlı dedi: “Əsas ümidimiz yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar. Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik”.
Eyni zamanda, sahibkarlarımız da ilk əvvəl dövləti və xalqı düşünməli, pullarını xarici ölkələrin iqtisadiyyatlarına yatırmamalıdır.
Sahibkarlarımız düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər.
Bəhs etdiyim məsələ mənəvi öhdəlikdir, sahibkarlar unutmamalıdır bu öhdəliyi.
Onların vəsaiti ölkə iqtisadiyyatının xeyrinə işləməlidir.
Dövlət qanunlarla xaricə sərmayə çıxarılmasını yasaqlamır, belə fikri də yoxdur.
Lakin müvafiq dövlət qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır.
Və sonda – rayonlardakı məmurlar vicdanla çalışmalıdır.
Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır.
Kimsə unutmamalıdır ki, Azərbaycanda korrupsiya və rühvətxorluqla mübarizə şüarçılıq deyil, söz deyil – əməli işlər görülür.
Rüşvətxorluluğa dözümlülük sıfır səviyyədə olmalıdır.
Yerli məmurların işinə qiyməti isə xalq verəcək. Onlar yaşamları, əməlləri ilə çalışmalıdırlar ki, sakinlərin hörmətini qazansınlar.
“Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar.

Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır”, – dövlət başçısı söylədi.
Tövsiyyə, tapşırıq, nəsihət və göstəriş idi.
Rayonlarda məmurların iş və yaşam prinsipi Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük olacaqsa, həm vətəndaşqlar onları dəstəkləyəcək, həm də ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndiriləcəklər.
Əks təqdirdə, əyri yolla getsələr, özlərini rayonda ağa, xan və ya ərbab saysalar, qanun qarşısında cavab verəcəklər.

