Siyasət 

Azərbaycanın sabit gələcəyinə və inkişafına inamın təzahürü

Dövlətimizin başçısı İlham Əliyev   “Qobu” Elektrik Stansiyasının təməlinin qoyulması mərasimində bu mühüm məqamı xüsusi  diqqətə çatdırmışdır ki, hazırda  dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır

 

Dövlətimizin başçısı İlham Əliyev 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıq, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlinin qoyulması mərasimi çərçivəsində energetiklərlə görüşündə bir daha Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolundan bəhs edərək bu əminliyi ifadə etmişdir ki,  təməl daşı qoyulan  “Qobu” Elektrik Stansiyası ümumi enerji potensialımızı gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək və eyni zamanda, bundan sonra daxili tələbatı təmin edəcək: «Çünki tələbat artır, Azərbaycan əhalisi artır. Müstəqillik dövründə Azərbaycan əhalisi 8 milyondan 10 milyona qalxmışdır və bu meyillər davam edəcək. Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir, hər il əhalimiz artır. Bu, ölkəmizdə görülən işləri əks etdirir. Çünki insanların yaşayış səviyyəsi yaxşılaşır. Ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq demoqrafik vəziyyətə bilavasitə təsir edən amillərdəndir.»

Cənab İlham Əliyev həmin çıxışında pandemiya dövrünün çətinliklərinə baxmayaraq, hətta bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10-15-20 faiz səviyyəsində olduğu halda  Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyətin  qənaətbəxşliyini diqqətə çatdırıb: «Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Bax, budur, bugünkü Azərbaycan reallıqları. Bu, bir daha onu deməyə əsas verir ki, bundan sonra da elektrik stansiyalarının tikintisi və mövcud stansiyaların istismar müddətinin uzadılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz enerji potensialımızdan maksimum istifadə edirik və etməliyik.»

Bugünümüzün reallığı budur ki, Azərbaycan  qlobal enerji bazarının mühüm faktorlarından biridir. Dövlətimizin başçısı İlham Əliyevin daim bildirdiyi kimi, bu gün Azərbaycan  müstəqil dövlət kimi ayaqda möhkəm dayanıb, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir,  nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edir və Avropanın enerji xəritəsini yenidən tərtib edirik. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyev  Bakı dərin özüllər zavodunda  «Qarabağ» dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində  Azərbaycan Televiziyasına müsahibəsində də ölkəmizin  enerji sahəsində qazandığı uğurları və perspektivləri açıqlamışdır.

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqət yetirsək, bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş imicinə bir daha işıq salarıq. Təkcə bu uğuru qeyd etmək kifayətdir ki,  müqavilənin imzalanmasının   23-cü ildönümü ərəfəsində, 2017-ci ildə  “Yeni əsrin müqaviləsi”nin imzalanması  ötən bu dövr ərzində Azərbaycanın qazandığı uğurların ümumiləşdirilmiş ifadəsi oldu. 2018-ci ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, onun əsas seqmentlərindən olan TANAP istifadəyə  verildi.   Artıq göründüyü kimi, əməkdaşlıq regional çərçivədən beynəlxalq əməkdaşlığa doğru inkişaf edir.

Cari ilin əvvəlində  keçirilən Dünya İqtisadi Forumunun 50-ci iclası  dünyanın ölkə Prezidenti İlham Əliyevin qlobal enerji bazarı ilə bağlı uzaqgörən ideyalarını dəstəklədiyini bir daha təsdiqləmişdir. Belə ki,  OPEC-in baş katibi cənab   İlham Əliyevi uzaqgörən və çox qətiyyətli lider adlandıraraq bildirmişdir ki, beş il bundan əvvəl   Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz: «Çünki Siz də dediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Çünki biz hamımız eyni nefti istehsal edirdik və onu eyni bazarlara satırdıq. O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü”.

Bu məsələdə o qədər də fəallıq göstərməyən OPEC ilk dəfə Prezident İlham Əliyevin çağırışından sonra qiymət azalmasının qarşısının alınmasına dair birgə fəaliyyətə başladı.  2016-cı il oktyabrın 29-da Vyanada OPEC-ə üzv və üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin birinci iclası keçirildi. İlk iclas 21 ölkənin, o cümlədən qeyri-OPEC ölkələrindən 6 dövlətin (Azərbaycan, Braziliya, Qazaxıstan, Meksika, Oman və Rusiya) nümayəndə heyətlərinin iştirakı ilə məhsuldar müzakirələr baş tutmuşdu. Aparılan danışıqların nəticəsi olaraq  2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə edilmişdi. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atdı. İlin birinci yarısı üçün nəzərdə tutulmuş Vyana Bəyannaməsinə uyğun olaraq Azərbaycan həmin vaxt hasilatı sutkada 35 min barel azaltmaqla bağlı öhdəlik götürmüşdü.

Göründüyü kimi, dövlətimizin başçısı  İlham Əliyevin təşəbbüsü və çağırışından sonra OPEC-ə üzv olan və olmayan ölkələr arasında “OPEC+” adı alan əməkdaşlıq formatı yaranıb.  Cənab İlham Əliyev  bunu nadir tərəfdaşlıq formatı adlandırır: ” Hesab edirəm ki, bu formata malik olan, lakin təkcə format yox, eyni zamanda, qərarları səmərəli icra edən başqa belə bir beynəlxalq təşkilat yoxdur. Bəzən hətta bir təşkilat daxilində razılığa gəlmək mümkün olmur. Lakin OPEC-ə üzv olan və üzv olmayan ölkələr, böyük və kiçik neft istehsalçıları birləşdilər. Çünki bu, bizim ümumi məqsədimiz idi”.

29 illik  müstəqillik tarixinə malik olan Azərbaycanın ilk illərdə yaşadığı duruma diqqəti yönəldən cənab İlham Əliyev bu əsas məqamı da  qeyd edir ki, əlbəttə, ölkəmizin inkişafı üçün xarici sərmayə lazım idi. Belə bir vəziyyətdə xarici böyük neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək  böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Ulu öndər  Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Belə bir çətin  vəziyyətdə 1994-cü il sentyabrın 20-də  “Əsrin kontraktı”nın imzalanması ölkəmizə  sərmayə axınını stimullaşdırdı.

“Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən bu reallıq  xüsusi qeyd edilir ki, ölkəmiz çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı.  Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmiş və  bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı,  1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı: “Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, Cənub Qaz Dəhlizinin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək.”

“Əsrin müqaviləsi”nin məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin bəhrəsi olduğunu önə çəkən xarici şirkətlərin təmsilçiləri də  bildirirlər ki, 6 fərqli ölkədən olan 11 şirkət SOCAR ilə birlikdə  ölkənin enerji  yolunda  yeni bir səhifə açdı.

Təhlillər bu reallığı ortaya qoyur ki, dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslanır. Cənab İlham Əliyev bildirir ki,  əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi  birləşdiririk. Ölkə Prezidenti  “Qobu” Elektrik Stansiyasının təməlinin qoyulması mərasimində bu mühüm məqamı da diqqətə çatdırmışdır ki, hazırda  dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. Cari ilin  əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanıb. Bu əminlik ifadə edilmişdir ki,  ilin sonuna qədər bütün sənədlərin imzalanması başa çatacaq və stansiyaların tikintisinə start veriləcək: “Azərbaycanda 440 meqavat gücündə bərpaolunan enerji növlərinin yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat vəsait qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, həmçinin Azərbaycanın sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür. Onu da bildirməliyəm ki, hazırda bizim Energetika Nazirliyi dünyanın bir neçə ən böyük enerji şirkəti ilə danışıqlar aparır. Biz bu şirkətlərlə bərpaolunan yeni Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar danışıqları apararkən hesab edirik ki, istədiyimizə nail olacağıq və xarici investisiyalar bu sahəyə daha böyük həcmdə gələcəkdir.” Dövlətimizin başçısı xarici və yerli investorları istilik, su və digər bərpaolunan  enerji  stansiyalarının tikintisinə dəvət edərək bildirir ki, çünki bu gün Azərbaycanda investisiya qoyuluşu sahəsində çox böyük işlər görülür, Azərbaycanda biznes mühiti yaxşılaşır.

Son 17 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Ölkə Prezidenti daim sahibkarlığın inkişafının prioritetliyini önə çəkərək, biznes mühitinin yaxşılaşdırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Bir mühüm məqamı da qeyd edək ki, cənab İlham Əliyevin Fərmanı əsasında Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasını şərtləndirən amillər sırasında biznes mühitinin sağlamlaşdırılması, səmərəliliyin  artırılması da əsas rol oynayır.  Dövlətimizin başçısı İlham Əliyev koronavirusla mübarizə sahəsində  görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı  videoformatda keçirilən müşavirədə idarəetmə sahəsində təkmilləşməni zəruri edən səbəblərə  bir daha diqqəti yönəldərək, aidiyyəti qurumlara, dövlət şirkət və müəssisələrinə tapşırıqlar verdi: “Bizim niyyətimiz və siyasətimiz  artıq birmənalı şəkildə  vətəndaşlara təqdim edilib.  Şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə  bundan sonra da  atılacaq addımlar əminəm ki, həm pandemiya dövründə, həm də  postpandemiya dövründə  bizə yeni imkanlar qazandıracaq.”

“Qobu” Elektrik Stansiyasının təməlinin qoyulması mərasimində də Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar təqdir olunaraq bu reallıq böyük inamla qeyd edilmişdir ki,   “Doing Business” proqramında biz tarixi nailiyyətlərə çata bilmişik. Dünya Bankı tərəfindən hazırlanan bu reytinq cədvəlində Azərbaycan artıq qabaqcıl yerlərdədir. Eyni zamanda, Azərbaycan  dayanıqlı inkişaf baxımından çox böyük irəliləyişə nail olub. BMT-nin Dayanıqlı İnkişaf İndeksinə görə, ölkəmiz  ildən-ilə mövqeyini yaxşılaşdırır. Ona görə Azərbaycan bu gün xarici sərmayələr üçün çox cəlbedici ölkə olaraq qalır,  bu sahə – elektroenergetika  çox böyük maraq doğurur,  artıq reallıqlar  bunu təsdiqləyir.

Göründüyü kimi, ölkəmizin enerji  sektorunda qazandığı  uğurlar iqtisadiyyatın şaxələndirilməsində əhəmiyyətli rola malikdir. Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi, şəffaflığın qorunması, hədəflərin dövrün tələblərinə uyğun müəyyənləşdirilməsi davamlı inkişafın əsasıdır.  Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan, eyni zamanda, iqtisadi qüdrətini, maliyyə imkanlarını artırmaqla dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir.

O da məlumdur ki,  2013-2020-ci illərdə ÜDM-i iki dəfə artırmağı qarşıya mühüm vəzifə qoyan  Prezident İlham Əliyev buna nail olmaq üçün yeni müəssisələrin istifadəyə verilməsini iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin 4,8 faizdən  də aşağı salınması baxımından günün tələbi kimi qeyd edir.  «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında, eyni zamanda, müxtəlif istiqamətləri əhatə edən Strateji yol xəritələrində  bu məqamların parametrləri  reallığı əks etdirməklə,  həlli yolları da göstərilib.  Təbii ki, bu sahədə enerji resurslarından səmərəli istifadə  başlıca istiqamətdir. Qarşıya qoyulan hədəfə çatmaq üçün isə neft-qaz gəlirlərindən  istifadə olunması mexanizmi təkmilləşdirildi, karbohidrogenlərin satışından əldə edilən gəlirlər tədricən həmin vəsaitlərin investisiyasından qazanılan gəlirlə əvəzlənməsi strategiyası həyata keçirildi, bu istiqamətdə aparılan işlər intensivləşdirilir.  Neft amilindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial  və bazar strukturu şəbəkəsi daha da təkmilləşdirilir,  idarəçiliyin mütərəqqi formalarından istifadəyə diqqət  artırılır.

Uğurlarımız  beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Təkcə bir rəqəmi qeyd etmək kifayətdir ki, Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan elektrik enerjisinin əlçatanlıq indeksinə görə dünyada ikinci yerdədir.  Dünya miqyasında ikinci yerdə olmaq özlüyündə böyük tarixi nailiyyətdir, xüsusilə infrastruktur layihələrinin ən vacib olan sahəsində – elektroenergetika sahəsində. İnkişafın Azərbaycan modelinin mövcudluğu  səbəbsiz yerə təqdir olunmur və öyrənilməsinə səy göstərilmir. Dövlətimizin başçısı İlham Əliyev uğurlarımızı şərtləndirən amilləri belə ümumiləşdirir: “Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.”

Təhlillər belə bir ümumiləşdirməyə əsas verir ki,  əməkdaşlığın inkişafına xidmət edən hər yeni format, gündəmə gətirilən hər yeni layihə  özlüyündə yeni-yeni  hədəflərin uğurlu icrasını  stimullaşdırmaqla  səylərin artırılmasını və birləşdirilməsini  bir tələb kimi ortaya qoyur.

Yeganə Əliyeva“İki sahil”

Daha çox xəbərlər