Sosial 

Aşura günündə qanvermə aksiyalarında iştirak etmək ən savab əməldir

Məhərrəm ayı ilə bağlı mərasimlər bu il qonşu İran İslam Respublikasında, digər müsəlman ölkələrində də məhdudiyyətlərə riayət edilməklə keçirilir

 

İslam tarixinin ən dəyərli  aylarından olan,   özünəməxsus ayinləri ilə seçilən Məhərrəm ayı başlayıb. Bu ay üçün xarakterik olan inanclara əməl olunması,  İslam dini uğrunda  Kərbəlada  şəhid olanların  yad edilməsi, «şami-qəriban» mərasiminin təşkili, müqəddəs «Qurani-Kərim»dən ayələrin oxunması,  ehsanların paylanması illərdən bəri yaşadılan dəyərlərimizdəndir. Məscidlərdə həmin günün tarixi,  mahiyyəti,   İslam dininin insanlara bəxş etdiyi saflığı, başqalarına qarşı ədalətli olmağı tövsiyə edən   söhbətlər aparılır, din xadimlərinin müxtəlif surələrin təfsiri ilə bağlı açıqlamaları dinlənilir. İllərdən bəri bu dəyərləri qoruyan insanlar  sovet ideologiyasının  təzyiq və təsirlərinin ən güclü dönəmində belə  inanclarına sadiq qalmış,  mənəvi dəyərlərini qoruyub, saxlamışlar. Müstəqillik illərində   Azərbaycandakı demokratik şərait, vicdan azadlığı vətəndaşlara mənsub olduğu dininə uyğun ayinləri icra etmək sərbəstliyi yaratdı.  Hicri tarixi ilə hesablanan  Məhərrəm ayının ayinləri  İslam ölkəsi olan Azərbaycanda da həmişə özünəxas xarakterik ayinləri ilə qeyd olunub. Bu il isə fərqli cəhətlər mövcuddur.

Pandemiya ilə əlaqədar Ümumdünya Səhiyyət Təşkilatının tövsiyələrinə uyğun qaydaların tətbiqi ölkəmizdə də  insanların sağlamlığının qorunması naminə ayinlərin  keçirilməsində     məhdudiyyətlərin qoyulmasını aktuallaşdırır. Bu , əsasən onunla  izah olunur ki,  Bütün dünyada kütləvi tədbirlər qadağan olunub, insanların bir yerə toplaşması prosedurlarını tənzimləyən xüsusi qaydalar həyata keçirilir. Ekspertlər  pandemiya dövründə izdiham, mitinq, ayrı-ayrı mərasimlərin insan həyatı üçün ölümcül təhlükə olduğuna dair ardıcıl açıqlamalar, bəyanatlar verirlər. İslamın vacib şərtlərindən  olan və hər il milyonlarla möminin iştirak etdiyi  Həcc ziyarəti  bütün dünyada  mövcud olan şəraitlə  əlaqədar dayandırıldı. Ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla, bu il Azərbaycanda Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları qılınmadı. Müxtəlif dinlərə  sitayiş edən xarici ölkələrin təcrübəsi də  göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir.  Bu baxımdan pandemiya dövründə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək günümüzün və zamanın  başlıca şərtidir. Xatırladaq ki, bir müddət öncə Bakıda keçirilmiş aksiyada minlərlə insanın iştirakı virusa yoluxma hallarını artırdı.  Bu baxımdan kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükə yarada bilər. Yəni, mövcud şəraitdə  Aşura mərasiminin məscidlərdə qeyd olunmamasında  qeyri-adi səbəb yoxdur. Bu, kütləvi tədbirlərlə  əlaqədar verilmiş qərarların məntiqi davamıdır. Bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayırlar.

Müqəddəs «Quran- Kərim»in bütün ayələrində insanlar birliyə, təmizliyə, paklığa çağırılır. Açıq şəkildə deyilir ki,  xəstəlik  yayılan ərazilərə getmə ki, xəstələnərsən. Özün xəstə olsan evdən bayıra çıxma ki, başqalarını da xəstələndirərsən. İnsan sağlamlığının qorunmasının dinimizin əsas şərtlərindən biri olduğunu nəzərə alaraq  bu tövsiyələrə əməl olunmasına  hörmətlə yanaşmalıyıq.  Pandemiya dövrünə  təsadüf edən Aşura mərasimləri bu il qonşu İran İslam Respublikasında,  digər müsəlman ölkələrində də  bu  qadağalara riayət edilməklə keçirilir. Məhərrəm ayında, Aşura mərasimlərində insanların kütləvi halda bir yerə toplaşmasına qarşı tətbiq olunan məhdudiyyətlər  yalnız insanların sağlamlığı naminə   həyata keçirilən tədbirlərdəndir. Bu ayda, Aşura günündə qanvermə aksiyalarında iştirak etmək, insanların həyatını qurtarmaq daha məqsədəuyğun və savabdır.

Bəllidir ki, Aşura günündə  bütün müsəlmanlar Kərbəla şəhidlərinin xatirəsini yad etmək üçün məscidlərdə, tanınmış ziyarətgahlarda  təşkil olunan mərasimlərdə  elliklə iştirak edirlər. Təbii ki,  yüzlərlə, minlərlə  insanın bir yerə toplaşması, xüsusilə qapalı məkanlarda  təşkil olunan mərasimlərdə iştirak  koronavirusa  yoluxma hallarını artıran amillərdən biridir. Buna görə də Qafqaz Müsəlmanları İdarəsinin  rəhbərliyi, tanımış   din xadimləri də   bu il Məhərrəm ayına məxsus  ayinlərin keçirilməsində məhdudiyyətlərin tətbiqini  insanlara diqqət və qayğı kimi dəyərləndirir, ölkə vətəndaşlarını bu  tövsiyələrə   hörmətlə yanaşmağa çağırırlar.

Pandemiya başlandığı ilk günlərdən  virusa yoluxma hallarına qarşı mübarizənin gücləndirildiyi Azərbaycanda həyata keçirilən profilaktiki tədbirlər müsbət nəticəsini verir. Azərbaycanın  möminləri, inanclı şəxsləri dövlətin bu sahədə qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, gördüyü işləri yüksək qiymətləndirir və yüksək məsuliyyət və intizamlı davranışla qlobal bəla ilə mübarizədə iştirak edirlər. Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejiminin  sərtləşdirilməsinə, uzadılmasına  məcburiyyət yarana bilər.

Həmişə müqəddəs dəyərlərə hörmətlə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini hər zaman yüksək tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində hazırkı çətinliyi də geridə qoyacaq, inanclarını növbəti illərdə davam etdirəcək. Azərbaycan xalqı, vətəndaşlarımız həmişə anlaşıqlı olub, yüksək mədəniyyət nümayiş etdiriblər. Dindarlarımız da insanları hazırkı mürəkkəb vəziyyəti nəzərə almağa dəvət edir, çağırışlar səsləndirirlər.

Xuraman İsmayılqızı«İki sahil»

Daha çox xəbərlər