Sosial 

Ermənistan yersiz təxribatlardan, diversiya əməllərindən əl çəkməlidir

Məlum olduğu kimi, ötən ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu, avqustun 23-də isə cəbhənin Goranboy rayonu istiqamətində işğalçı ölkənin silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun həyata keçirdiyi təxribatlar bir daha Ermənistanın güclü Azərbaycan Ordusu qarşısında duruş gətirməkdə aciz olduğunu sübuta yetirdi.

Bunu Azərbaycan xalqı 2016-cı ildə dördgünlük Aprel döyüşlərində gördü. Həmin döyüşlərə qədər Ermənistan hərbçiləri cəbhə bölgəsində təxribat törətməyə sanki adət etmişdilər. Ancaq Aprel döyüşlərində Azərbaycan Ordusunun güclü müqaviməti ilə qarşılaşdılar və bununla da “güclü Ermənistan ordusu” mifi məhv oldu. Həmin döyüşlərdən sonra Ermənistanın rəsmiləri də Azərbaycan Ordusu qarşısında aciz qaldıqlarını etiraf etdilər. Ardınca Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi. Bu gün artıq dünyada tanınan Cocuq Mərcanlı kəndində, Lələtəpə yüksəkliyində dalğalanan Azərbaycan bayrağı ordumuzun gücünün, qüdrətinin təcəssümüdür. Belə bir güclü ordu qarşısında Ermənistan silahlı qüvvələrinin davam gətirəcəyi xülyadır. Görünür, işğalçı ölkə qüdrətli ordumuzun bu dərslərini unutmuşdur. 2020-ci ilin iyulunda Tovuz istiqamətində yeni ərazilərimizi işğal etmək niyyəti ilə hücuma keçən Ermənistan ordusu ön cəbhədəki hərbi qüvvələrimizin inadlı müqaviməti və sərt zərbələri ilə qarşılaşdı və qorxaraq geri çəkilməyə məcbur oldular. Tovuz döyüşləri Ermənistana böyük canlı qüvvə və hərbi texnika itkisi bahasına başa gəldi.

Bəs bu gün acınacaqlı, çətin durumda olan işğalçı ölkəni bu cür təxribatlar törətməyə vadar edən nədir? Təbii ki, ilk növbədə, ölkəmizin dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsi, mövqeyinin möhkəmləndirilməsi, pandemiya dövründə Azərbaycanın dünya ictimaiyyətinə humanist yardım göstərməsi. Bundan əlavə, Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19-a qarşı mübarizəyə həsr olunmuş nüfuzlu beynəlxalq təşkilatların videokonfrans formatında Zirvə görüşlərinin keçirilməsi. Həmçinin dövlət başçımız Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinə qatılaraq Azərbaycanın mövqeyini ifadə edib. Bundan əlavə, Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarının videoformatda Zirvə görüşü də çox önəmli tədbir oldu. Ən əsası isə BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkili təşəbbüsünə 130-dan çox ölkədən dəstək gəlməsidir. Hazırda  Azərbaycandan fərqli olaraq Ermənistanın həm daxildə, həm də beynəlxalq aləmdə vəziyyəti çox gərgindir. Nikol Paşinyanın yalanlarından təngə gəlmiş xalq artıq onun istefasını tələb edir. Hətta onun öz tərəfdarları, bəzi deputatlar da Paşinyan hakimiyyətinə qarşı çıxırlar. O, isə etiraz edənləri təhdid və həbslə susdurmaq istəyir. Paşinyanın ölkəyə rəhbərliyindən sonra işğalçı ölkə beynəlxalq aləmdə öz dayaqlarını tamamilə itirməkdədir. Onun hakimiyyətə gəlməmişdən əvvəl verdiyi vədlər hələ də yerinə yetirilməyib. Bütün bunlardan sonra ictimaiyyətin ayağa qalxdığını görən Paşinyan gah Dağlıq Qarabağa səfər edir, işğalçı ordu vasitəsilə gah sərhədboyu ərazilərdə atəşkəs rejimini pozur, gah da təxribatlar törətməklə əhalinin diqqətini ölkədəki böhran vəziyyətindən yayındırır.

Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu cəbhənin Goranboy rayonu istiqamətində yenidən təxribat törətməsi də məhz Paşinyan hakimiyyətinin növbəti təxribatlardan biri kimi qiymətləndirilir.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin bu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hətta şücaətli əsgərlərimiz bununla kifayətlənməyərək, döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə, baş leytenant Qurgen Alberyanı əsir götürüblər. Bununla bağlı Müdafiə Nazirliyinin məlumatında deyilir: “Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət, bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Ancaq özünün işğalçılıq siyasəti ilə dünyada nüfuzunu tamamilə itirmiş Ermənistan tərəfi hadisənin mahiyyətini başqa cür təqdim etməyə çalışır. Cəbhənin Goranboy istiqamətində Azərbaycanın ordu bölmələri tərəfindən əsir götürülmüş erməni zabiti haqqında Ermənistan Müdafiə Nazirliyinin məlumatı, yumşaq desək, gülüş doğurur. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan bildirib ki, zabit Qurgen Alberyan pis hava şəraitində azıb və itib: “Onun axtarışı aparılır”.

Ermənistan Müdafiə Nazirliyinin erməni zabitin guya yolu azaraq Azərbaycan tərəfinə keçməsi ilə bağlı açıqlamasına Azərbaycan Müdafiə Nazirliyindən münasibət bildirilib. Qeyd edilib ki, əgər bir zabit “itir” və 24 saatdan da artıq vaxt keçməsinə baxmayaraq bu barədə ictimaiyyətə heç bir məlumat verilmirsə bu, Ermənistan ordusunda özbaşınalığın, intizamsızlığın hökm sürdüyünü, artan cinayət hadisələrinin, qeyri-döyüş itkilərinin daim və məqsədyönlü şəkildə ictimaiyyətdən gizlədildiyini bir daha sübut edir. Hər dəfə təxribat qrupuna bələdçilik edən Ermənistan vətəndaşı və ya qrupunun üzvü Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirildikdən sonra qarşı tərəf eyni senariyə əsasən bu şəxsləri psixi problemləri olan kənd sakini, ruhi xəstə, çoban, cinayət törətmiş kriminal element və sərxoş halda yolunu azaraq itkin düşən kimi təqdim edir.

Ermənistanın yeni Azərbaycan ərazilərini ələ keçirmək məqsədilə hücumları beynəlxalq aləm, eləcə də dünyanın əksər ölkələri tərəfindən ittiham edilir. Azərbaycanın mövqeyi isə birmənalı şəkildə dəstəklənir. Ölkəmiz buna Prezident, Ali Baş Komandan İlham Əliyevin illərdən bəri apardığı uğurlu xarici siyasət, Azərbaycanın milli maraqlarını dünyada qətiyyətlə müdafiə etməsi sayəsində nail olub.

Mənsumə Babayeva “İki sahil”

Daha çox xəbərlər