Nardaranda daş karxanasının direktoruna məcburi göstəriş verildi – VİDEO
Nardarandakı daş karxanasının direktoruna məcburi göstəriş verilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətininin rəis müavini Ramal Bağırov məlumat verib.
O bildirib ki, Nardaranda fəaliyyət göstərən daş karxanasının istismarı zamanı ətrafa tozun və səs-küyün yayılması ilə bağlı daxil olan çoxsaylı şikayətlər araşdırılıb:
“Araşdırma zamanı sözügedən ərazidə “Nardaran Daş Karxanası LTD” MMC-nin fəaliyyəti zamanı ətrafa tozun və səs-küyün yayılması faktı öz təsdiqini tapıb. Ətrafa səs-küy və tozun yayılmasının qarşısının alınması məqsədilə müəssisənin direktoruna məcburi göstəriş verilib”.
Xatırladaq ki, ötən gün Nardaran qəsəbəsi Ləhiş bağlarında yaşayan bir qrup sakin redaksiyamıza ünvanladığı şikayətdə daş karxanasının fəaliyyəti nəticəsində
ətrafa yayılan toz və səs-küydən şikayətçi olduqlarını bildiriblər.
Daş karxananın fasiləsiz olaraq işləməsi ətrafdakı yaşayış evlərində olan insanlara narahatlıq yaradırdı.

