Vətəndaşların məsuliyyəti birinci dərəcəli məsələdir
2020-ci il başlayandan bütün dünya qlobal pandemiyaya qarşı savaşır. Bu savaşda müxtəlif üsullara əl atılır, yeni “silahlar” – peyvənd və dərmanlar yaratmağa çoxsaylı cəhdlər edilir. Lakin buna baxmayaraq, hələ də dünya koronavirusa uduzur. Bu virus hələ də insanları yoluxdurmaqda, canlar almaqda davam edir. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan virusdan dünyasını dəyişir.
Təəssüf ki, bu qlobal bəla ölkəmizdən də yan keçmədi. Ancaq buna baxmayaraq, həyata keçirilən səmərəli tədbirlər nəticəsində Azərbaycan ilkin nəticədə koronavirusla mübarizədə uğurlu nəticələr əldə etdi. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın məsələyə ilk gündən həssas reaksiyaları, həyata keçirilən tədbirlər göstərdi ki, Azərbaycan dövləti insanların sağlamlığı üçün lazım olan bütün addımları atır.
Avqustun 31-də Prezident İlham Əliyevin iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı da atılan addımların uğurlu davamı kimi qiymətləndirilir. Dövlətimizin başçısı açılış zamanı bildirib ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır: “Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, – mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, – hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir. Çünki dövlət üzərinə nə düşübsə, onu edib – qeyd etdiyim addımlar, ayrılan vəsait. Hətta baxmayaraq ki, dünyada neftin qiyməti hələ də aşağı səviyyədədir və iqtisadi sahədə tənəzzül var, biz büdcəmizi artırmışıq. Büdcəmizə əlavələr edildi, büdcə dürüstləşməsi aparıldı və bunun əsas məqsədi pandemiyaya qarşı mübarizədə daha da səmərəli addımların atılması və vətəndaşların sosial müdafiəsinin təmin edilməsidir”.
Hazırda Azərbaycanda COVID-19 infeksiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət dinamika əldə edilib.
Məhz effektiv tədbirlərin nəticəsidir ki, avqustun 5-dən ölkəmizdə mərhələli şəkildə sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılmasına, bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına start verilib. SMS icazə sistemi ləğv edilib, çimərliklər açılıb. Avqustun 10-dan iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketi qüvvəyə minib. Bir sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. İri ticarət mərkəzləri və “Mall”lardan başqa, qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan mağazalar açılıb, bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilmiş məhdudiyyətlər aradan götürülüb. Ötən ayın 18-dən isə ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib. Hətta Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aparılan yumşaldılma tədbirləri çərçivəsində milli parkların qapıları ziyarətçilərin üzünə açılıb.
Onu da qeyd edək ki, sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tamamilə ləğvi hələlik məqsədəuyğun hesab edilmir. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi 30 sentyabradək uzadılıb. Bununla belə, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 31 avqustdan etibarən sərt karantin rejimi zonasından çıxarılıb. Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək. Hətta sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşlarımızı tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan düzgün istifadə etməyə çağırırıq.
Mənsumə Babayeva, “İki sahil”

