Sosial 

Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir

Ölkədə hamı qanun qarşısında bərabərdir. Qanun və qaydaları pozanlara heç bir güzəşt edilməyəcək, belələrinə qarşı ən sərt cəza tədbirləri davam etdiriləcək

Bəşəriyyət üçün müdhiş təhlükəyə çevrilən koronavirus pandemiyası ilə mübarizədə atdığı addımları, reallaşdırdığı genişmiqyaslı tədbirlər ilə Azərbaycan bütün dünyaya nümunə oldu. Ölkəmiz “Biz birlikdə güclüyük!” şüarı ilə görünməmiş nümunə ortaya qoyub.

Prezident İlham Əliyev martın 19-da koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Ölkə başçısının digər bir Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və qısa müddətdə bu fonda miyonlarla manat vəsaitlər ianə olunub. Pandemiyanın mənfi fəsadlarını minimuma endirmək üçün dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılıb və təsirləri qiymətləndirmək məqsədilə dörd İşçi Qrup yaradılıb. Qısa müddət ərzində makroiqtisadi sabitliyi qorumaq və məşğulluğu təmin etmək üçün ölkənin sosial-iqtisadi və maliyyə vəziyyəti təhlil edilib, lazımi əlavə tədbirlərin görülməsi, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı təkliflər hazırlanıb.

COVID-19 pandemiyası dövründə məşğulluğa və sosial rifaha dəstək yönümündə genişmiqyaslı tədbirlərin reallaşdırılması bir daha təsdiq etdi ki, ölkə başçısının siyasətinin mərkəzində vətəndaş amili, onun rifahı dayanır. Məhz bu cətin günlərdə həyata keçirilən tədbirlər ilk növbədə dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunmasına imkan verib. Sosial ödənişlərin davamlılığı təmin edilməklə, əsasən həssas qruplardan olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib. 600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramı, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min kiçik ailə təsərrüfatlarının qurulması istiqamətində atılan addımlar 82 min ailənin 340 minədək üzvünün ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı, bir daha sübut etdi ki, dövlət hər zaman olduğu kimi? pandemiya bəlasının tüğyan etdiyi dövrdə də vətəndaşının yanında oldu.

Yeni növ koronavirus infeksiyası ilə bağlı ilkin hallar üzə çıxdığı andan etibarən ölkəmizdə atılan addımlar, reallaşdırılan sosial izolyasiya tədbirləri, eləcə də o çətin günlərdə qısa müddət ərzində tibbi infrastrukturunun təkmilləşdirilməsi, modul tipli xəstəxanaların yaradılması, test laboratoriyalarının qurulması öz nəticəsini verdi. Belə ki, xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə oldu, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı isə yeni yoluxma hallarının sayını kəskin üstələdi.

Bir məsələni xüsusi ilə qeyd edtmək lazımdır ki, Azərbaycan daxildə olduğu kimi, beynəlxalq müstəvidə də koronavirus bəlasına qarşı ciddi mübarizə aparır. Ölkəmizin Ümumdünya Səhiyə Təşkilatına 10 milyon ABŞ dolları ianə etməsi, həmçinin 30- dan çox dövlətə humanitar yardım göstərməsi virusa qarşı qlobal həmrəylik nümunəsi idi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının videokonfrans formatında Zirvə görüşlərinin keçirilməsi, həmçinin dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri qismində BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif etməsi bunun əyani təsdiqidir.

Şübhəsiz, bu qlobal təhlükə ilə mübarizədə görülən tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir. Koronavirus pandemiyasının ilk günlərindən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu gözəgörünməz düşmən ilə bağlı reallaşdırılan karantin tədbirləri ilə bağlı səsləndirdikləri fikirlər, sosial məsuliyyətə və nizam-intizama çağırışları bunu bir daha təsdiq edir. Kimliyindən, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş karantin rejiminin şərtlərinə əməl etməlidir. Çünki ictimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir. Kimliyindən asılı olmayaraq məsuliyyətsiz, qanunları və qaydaları pozan şəxslərə qarşı ciddi cəza tədbirləri görüləcək. Çünki hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları var. Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir.

Prezident İlham Əliyev avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda bildirib ki, qanun hər kəs üçün qanundur, heç kim qanundan üstün ola bilməz: “Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.

Zahid Rza“İki sahil”

Daha çox xəbərlər