Sosial 

Qaydalara əməl edək, sağlamlığımızı qoruyaq…

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalın istifadəyə verilməsi ilə  Azərbaycanda COVID-19-a qarşı mübarizə üçün imkanlar artırıldı

Hospitalın açılışı münasibətilə tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşən  Prezident İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan, ən müasir standartlara cavab verən hospitalda yaradılan şəraiti yüksək dəyərləndirdi. Bu il iyulun 7-də açılan 800 çarpayılıq hospitalın artıq 2277 çarpayılıq tibb müəssisəsinə çevrilməsi, hər bir çarpayının oksigen xəttinə birləşmiş cihazlarla təmin olunması təqdirəlayiqdir.  Ümumilikdə 267 reanimasiya çarpayısı olan,
laboratoriyalarında müxtəlif müayinələri dəqiqliklə və operativ şəkildə aparmaq üçün bütün şərait yaradılan  hospitaldakı  məlumatların idarəetmə sistemi sayəsində mərkəzi qərargahda müalicə prosesinə aid bütün məlumatların eyni mənbədən qəbul edilib, idarə olunması isə  yenilikdir.

Ümumiyyətlə,  pandemiya dövründə ölkəmizdə yeni tibb müəssisələrinin tikintisi üçün xeyli vəsaitin ayrılması, mövcud çarpayı fondunun artırılmasına    imkan yaradan 600 yerlik «Yeni Klinika»nın, 4100 çarpayıya malik  modul tipli 11 xəstəxananın inşa edilməsi, ehtiyat variant kimi iki Olimpiya Kompleksinin  səhiyyə ocağı  kimi modernləşdirilməsi COVID ilə mübarizədə Azərbaycan təcrübəsinin uğurlarındandır.

«COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır. Bununla bərabər, laboratoriyaların sayını böyük dərəcədə – bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi. Bu gün biz o laboratoriyaların sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 mindən çox test keçirilibdir. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir» söyləyən Prezident İlham Əliyev vurğulayır ki, əsas məqsədimiz və vəzifəmiz insanlara yüksək səviyyəli  tibbi xidmət göstərməkdir.

Pandemiya  dövründə  həyatlarını təhlükə altında qoyaraq xəstələrin müalicəsi ilə  məşğul olan həkimlərin əməyini yüksək  qiymətləndirən  Prezident İlham Əliyevin «Səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub. Təkcə onu demək kifayətdir ki, COVID xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı 3-5 misli artırılıb» sözlərində ölkə vətəndaşlarının da  sağlamlıq keşikçilərinə minnətdarlıqları  ifadə olunur.  Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan dəvət olunmuş  həkim briqadaları ilə birgə fəaliyyət göstərən tibb işçilərimizin dünya səhiyyə sistemində tətbiq olunan yeniliklər barədə  mükəmməl təcrübə qazanmaları səhiyyəmizin  gələcək inkişafı üçün də etibarlı zəmindir. Pandemiya dövründə   COVID-lə mübarizəni  nəzarətdə saxlayan tolerant ölkə kimi tanınan  Azərbaycanın  Ümumdünya Səhiyyə Təşkilatına (ÜST), 30-dan çox ölkəyə humanitar yardım göstərməsi də beynəlxalq səviyyəli birlik və həmrəyliyin təzahürüdür.

Koronavirusa qarşı mübarizənin ilk günlərindən ölkədə  insan amilinə  qayğını dövlətin    sosial-iqtisadi  siyasətinin əsas prioriteti kimi diqqətdə saxlayan Prezident İlham Əliyevin tövsiyə və təkliflərinə əsasən əhalinin sosial müdafiəsinin qorunması istiqamətində  mühüm layihə və  islahatlar  həyata keçirildi. Pandemiya dövründə   inkişaf etmiş ölkələrdə  iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsində olsa da, ölkəmizdə  görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb.

Görülən işlərlə  kifayətlənməməyi, gözlənilən  təhlükələrə qarşı hər zaman hazır olmağı  tövsiyə edən dövlət başçımız ÜST –ın tövsiyələrinə  əməl edilməsini,   koronavirusa qarşı peyvəndlərin  tapılması üzərində aparılan tədqiqat işləri ilə maraqlanmağı, COVID qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparılmasını tapşırır. «Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki,  beynəlxalq sertifikatlaşdırma aparılandan sonra daha çox ümidverici  vaksin ölkəmizə gətiriləcək.
Bu sadalananlar dövlətin ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğının gündəlik mənzərəsidir. Amma  koronavirusa qarşı mübarizədə   əsas məsələ vətəndaşların dövlətin qarşıya qoyduğu  tələblərə ciddi  riayət etməsidir.  Aylardan bəri davam edən karantin rejiminin bəzi sahələr üzrə yumşaldılması,  xəstəliyə yoluxanlarla  sağalanlar arasında  müsbət tendensiyanın davam etməsi  heç kimdə  arxayınlıq yaratmamalıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəlik açıqlamasında da  bildirilir ki, əgər müsbət dinamika davam edərsə və xəstələnmə hallarında  artım olmazsa,  yumşalma tədbirləri  digər sahələrə də şamil olunacaq.
Belə ki, vəziyyətin tam nəzarət altında saxlanılması dövlət kimi, hər bir vətəndaşın da borcudur.  Ölkədə yoluxma hallarının minimuma endirilməsi üçün  mövcud resurslardan səmərəli istifadə edən dövlətimizin  müəyyənləşdirdiyi qaydalara riayət etməklə istənilən nəticəyə nail olmaq mümkündür.
Müşahidələr göstərir ki,  sərhədləri açan, turist qəbuluna  «yaşıl işıq» yandıran  Avropa ölkələrində  pandemiyanın yeni dalğası başlandı,  koronavirusa yoluxanların sayı artdı. «Əlbəttə ki, bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım bizi düşündürür və daha ehtiyatlı addımların atılmasına sövq edir. Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, – mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, – hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir» söyləyən dövlət başçımızın tələbi də bəllidir: Karantin rejiminin yumşaldılacağı sahələrdə gözlənilən təhlükələr, risklər nəzərə alınmalı, vətəndaşlar tövsiyə olunan gigiyenik qaydalara ciddi yanaşmalı, maskalardan, qoruyucu dezinfeksiya vasitələrindən mütəmadi istifadə olunmalıdır: «Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. Ancaq böyük şəhərlərdə bu qalıbdır və bizim hamımızdan asılıdır ki, daha da inamla və daha da qısa müddət ərzində əlavə yumşalma addımları ataq.»

Xuraman İsmayılqızı«İki sahil»

Daha çox xəbərlər