Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir
Dövlətimizin başçısı İlham Əliyev Yunanıstan səfiri Nikolaos Piperiqkosu qəbul edərkən ölkəmizin qətiyyətli mövqeyini ifadə etmiş, əzm və iradə göstərmişdir
Xarici siyasətində iki və çoxtərəfli çərçivədə əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanaraq, həqiqətlərinin təbliği üçün geniş imkanlar əldə edir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə ölkəmizin əməkdaşlığının əsasında bu prinsiplər dayanır: Qarşılıqlı hörmət və maraqlar. Azərbaycan atdığı hər addımında dövlət maraqlarını qoruduğunu, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşdığını təsdiqləyir.
Dövlətimizin başçısı İlham Əliyevin Yunanıstan səfiri Nikolaos Piperiqkosu qəbul edərkən Azərbaycanın milli maraqlarına əsaslanan fikirləri bu gün ölkə mətbuatında geniş müzakirə olunur. İxtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il diplomat yetişdirən, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə açıq danışaraq bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz. «Düşünürəm ki, əməkdaşlığımıza mənfi təsir göstərən bir neçə məsələ olub» söyləyən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə etmiş, əzm və iradə göstərmişdir. Azərbaycanın Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqdan narahatlığını xüsusi önə çəkən dövlətimizin başçısı İlham Əliyev diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəltmişdir. Ermənilər ərazilərimizi işğal edib, Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir.
Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Həmin qəbulda bu mühüm məqam da xüsusi qeyd edilib ki, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir.
Ermənistanın zaman-zaman təxribatlar törətdiyini, münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını önə çəkən cənab İlham Əliyev bildirmişdir ki, Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb: «Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, – dünən sonuncu uçuş idi, – Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.»
Qəbulda Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginliklərə diqqət yönəldən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Rəsmi Ankara Azərbaycanı bütün məsələlərdə dəstəkləyir: «Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.»
Dövlətimizin başçısı İlham Əliyeı bu əminliyi də ifadə etmişdir ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsidir. Daim çıxışlarında Azərbaycan-Türkiyə birliyini regionda sabitliyin, təhlükəsizliyin qaranti kimi dəyərləndirən cənab İlham Əliyev «Bizim birliyimizdən çox şey asılıdır» söyləyərək dostluğumuzun sarsılmazlığını faktlar əsasında diqqətə çatdırır. Azərbaycan müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün Azərbaycan qədər əzmkarlıq göstərir. Rəsmi dövlət nümayəndələrinin, eyni zamanda, güclü diasporun Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyli yolunda atılan ciddi siyasi addımlar hesab olunur.
“Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi- bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki, maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Türkiyə -Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması və eyni zamanda ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. “Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılması mümkün deyil” kimi qərarında israrlı olan rəsmi Ankaranın bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha bəyan etdi.
“Bu onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün məsələləri birgə səylərlə, birgə iradə ilə, Türkiyə-Azərbaycan qardaşlığı əsasında həll edirik” kimi sözləri ilə bölgədə əməkdaşlığın genişlənməsi üçün yaranan böyük imkanlardan səmərəli istifadəni bütünlükdə dünya dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün gərəkli hesab edən Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin həllində bilavasitə Azərbaycanın yanında olmaqla ən yüksək tribunalardan problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini bəyan edən rəsmi Ankara münaqişənin həllində vasitəçiliyi həyata keçirməyə hazır olduğunu da bəyan edir. Baxmayaraq ki, işğalçı Ermənistan bunun əleyhinə olduğunu bəyan edir. Türkiyənin Azərbaycanın yanında olmasını birtərəflilik kimi qiymətləndirən işğalçı dövlət bu kimi yanaşmaları ilə ədalət meyarından nə qədər xəbərsiz olduğunu açıqlayır. Bu başqa yazının mövzusu olsa da, bu kimi addımlara Türkiyə və Azərbaycanın vahid mövqedən münasibət bildirmələri birliyin sarsılmazlığını, ən əsası bu həmrəyliyin regionda sabitliyin, təhlükəsizliyin təminatı olduğunu təsdiqləyir. Bir əsas məqamı da qeyd edək ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə cənab İlham Əliyev bu mühüm hadisəni Azərbaycan və Türkiyənin müştərək yeri kimi dəyərləndirmişdi. İki dost, qardaş ölkənin daim vahid mövqedən çıxış etməsi dünyaya nümunə kimi qeyd edilir.
Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq, bu gün Azərbaycan və Türkiyənin bu sahədə biri-birindən önəmli uğurlara imza atdığını daha aydın görə bilərik. Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına, maraq doğuracaqlarına inamların tükənməzliyi bu gün də aktuallığını qoruyur. Əsrin möcüzəsi adlandırılan, hər iki dövlətin bilavasitə təşəbbüsü və dəstəyi ilə reallaşan BTC və BTƏ neft-qaz kəmərlərindən sonra Bakı-Tbilisi- Qars dəmir yolunun istifadəyə verilməsi bu reallığı ortaya qoydu ki, bu layihə də siyasi, iqtisadi və regional əhəmiyyətinə görə enerji layihələrindən heç də geridə qalmır. Tarixi İpək Yolunun bərpası kimi böyük önəm verilən, Çindən başlanan bu yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula istiqamətlənir, Londonu, bütün Avropa ölkələrini birləşdirir. Geosiyasi inqilab adlandırılan bu xətlə Çindən gələn və Transsibir magistralı ilə ötürülən yüklər Bosfordan keçməklə Avropa ölkələrinə daşınacaq. Böyük əhəmiyyətli marşrut kimi miqyasına, coğrafiyasına və qitələrarası əməkdaşlığın gücləndirilməsi baxımından böyük imkanlara malik olan, diqqət çəkən, siyasi və iqtisadi əhəmiyyətinə görə fərqlənən BTQ dəmir yolu da hər iki xalqın qardaşlığının təcəssümü kimi dünya dövlətlərini birləşdirir. Prezident İlham Əliyev dövlətlər, xalqlar arasında körpü rolunu oynayan layihərin hər iki dövlətin siyasi iradəsi və qətiyyəti əsasında gerçəkləşdiyini bildirir. TANAP-ın istifadəyə verilməsi səylərin birləşdirilməsinin qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaratdığını bir daha nümayiş etdirdi. «TANAP ortaq baxışımızın ən son bəhrəsidir» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan eyni zamanda bildirmişdir ki, TANAP, həmçinin qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəçisidir.
Qısa təhlil Azərbaycan-Türkiyə münasibətlərinin bu gününə işıq salmaqla yanaşı, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu da nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır» söyləməklə bir daha qarşıdakı illərin aydın mənzərəsini yaradır. Bildirilir ki, düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.
Göründüyü kimi, Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə xüsusi önəm verilir. Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdikləri kimi, bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq təkcə region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün əhəmiyyətlidir.
Ölkə Prezidenti İlham Əliyev bu fikri xüsusi qeyd edir ki, bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, maneəsiz həyata keçirdik. 2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəməri istifadəyə verildi. Bu gün ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyil. Bu layihələr nəinki ölkəmizi gücləndirir, həm də xalqımıza xeyir gətirir. Bir sözlə, Azərbaycan enerji sektorunda da liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. «Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir.» Cənab İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu əsaslı şəkildə diqqətə çatdıraraq bildirir ki, dörd layihədən – «Şahdəniz», Cənubi Qafqaz Kəməri, TANAP və TAP-dan ibarət Cənub Qaz Dəhlizi ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, zəngin qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək.
Dövlət başçısı Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsinin həm ölkələrimiz, xalqlarımız, həm də dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti olduğunu bildirir. «Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında qərar qəbul edirlər. Biz buna qarşı öz siyasətimizi, öz həqiqətimizi, öz təbliğatımızı, öz gücümüzü qoymalıyıq. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq bizim işimizdir-dövlətlərin, diaspor təşkilatlarının, hər bir vətənpərvər insanın işidir» bildirən cənab İlham Əliyev «Gücümüz birliyimizdədir» söyləməklə bütün türk dünyasını vahid mövqedən çıxış etməyə, birgə səylər göstərməyə çağırır.
Türkiyənin 12 iyulda Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata ilk münasibət bildirən dövlət olduğunu önə çəkən cənab İlham Əliyev bir daha bu reallığı xüsusi diqqətə çatdırmışdır ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur.
Yeganə Əliyeva, «İki sahil»

