Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi bölgələrə investisiyanın cəlbi baxımından vacibdir
Yusif Bağırzadə: Əhalisinin sayına görə Gəncə şəhirinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir
“Dövlər başçısının inzibati islahatlarla bağlı müvafiq göstərişləri artıq icra edilməkdədir. Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi bunun ən gözəl nümunəsi ola bilər. Bir-birinə yaxın məsafədə yerləşən rayonlar vahid bir quberniya, ya da əyalət formasında birləşə bilər. Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsinə gəldikdə isə adı çəkilən bu iki rayon onsuz da Gəncənin tərkib hissəsi idi. Gəncədə sovet və müstəqillik dövründə Kəpəz və Nizami rayonları formal icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərib. Şəhərdə ictimai-sosial münasibətlərin idarə edilməsi, tənzimlənmə, vətəndaşlara xidmət, mədəni, mənəvi tədbirlər Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilib. Mən hələ parlament üzvü olaraq fəaliyyət göstərdiyim 1995-2000-ci illərdə bir neçə dəfə müvafiq təşəbbüslə çıxış etmişəm. Əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir. Bizdə Sumqayıt şəhərinin idarə edilməsi təcrübəsi də mövcuddur. Çünki bu şəhər də əhali sayına görə Gəncə kimi böyükdür. Sumqayıt, eyni zamanda, böyük sənaye şəhəridir. Bu böyüklüyündə şəhərdə vahid icra mərkəzi mövcuddur. İdarəçilik də qanunvericiliyə uyğun formada mərkəzi icra orqanı tərəfindən təmin edilir. Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüsdə məqsəd ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəlməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsidir”.
Bu fikirləri “İki sahil”ə politoloq Yusif Bağırzadə Gəncə şəhərinin Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin ləğvi ilə bağlı təklifləri şərh edərkən bildirib.
Politoloq qeyd edib ki, bu rayonlar yaranandan əslində, formal fəaliyyət göstərir. Şəhərin demək olar ki, bütün idarəetməsi, bütün tədbirlərin həyata keçirilməsi, siyasi, iqtisadi, sosial həyatı hamısı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən tənzimlənir. İdarəetməni rahatlatmaq, təkrarçılığı aradan qaldırmaq baxımından bu, müsbət bir fikirdir. Belə ki, Sumqayıtda da təxmini eynisayda əhali yaşayır və Sumqayıt bir mərkəzdən çox uğurla idarə olunur. Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi və idarəçiliyin şəhər administrasiyasında cəmləşməsi əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı qərarların icrasının səmərəliliyini daha da artıracaq. Bu yolla həm də büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi bölgələrə investisiyanın cəlb ediməsi baxmından da vacibdir. Ölkə başçısı da bir müddət əvvəl regionlara yerli və xarici investisiyanın daha çox cəlb edilməsi ilə bağlı göstərişlər verdi. Bu baxımdan gözlənilir ki, aparılan kadr və struktur islahatları davamlı olacaq. Bu, eyni zamanda, bürokratik əngəllərin aradan qaldırılmasına gətirib çıxarır. Belə ki, vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq. İdarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq. İnzibati-struktur islahatlarının davam etdirilməsi bütövlükdə idarəetmə aparatının optimallaşmasını hədəfləyir. Eyni zamanda, yerli səviyyədə kadr islahatlarının aparılması, yerli icra hakimiyyəti başçılarının gənclərdən təyin edilməsi islahatların effektivliyini daha da artırır”.
Həmsöhbətimiz bu mütərəqqi ideyanın Gəncə şəhəri ilə məhdudlaşmamalı olduğunu da diqqətə çatdırıb.

