Sosial 

“Azərbaycanın dövlətçilik ənənələri tarixi prizmada” mövzusunda onlayn görüş keçirilib

Bu gün Gənclər Fondunun təşkilatçılığı ilə “Azərbaycanın dövlətçilik ənənələri tarixi prizmada” mövzusunda onlayn görüş keçirilib.

Görüş “Facebook”dan canlı yayımlanıb. Tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Dövlət İdarəçilik Akademiyasının Tarix Kafedrasının müdiri Firdövsiyyə Əhmədova və Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin üzvü, departament müdiri, professor Tahirə Allahyarova çıxış ediblər.

Natiqlər Azərbaycanın qədim və zəngin dövlətçilik ənənələrinə malik olduğunu vurğulayıblar, dövlətçiliyimizin formalaşması, təlatümlü və eyni zamanda şanlı inkişafı tarixindən bəhs ediblər.

Xüsusilə qeyd edilib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətçiliyin müasir modeli yaranıb, hüquqi, demokratik, iqtisadi cəhətdən qüdrətli dövlətin formalaşması istiqamətində mühüm addımlar atılıb.

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən daxili və xarici siyasət məhz milli dövlətçiliyimizin daha da möhkəmlənməsinə və milli maraqlarımızın maksimum təmin olunmasına yönəlib.

Onlayn tədbirə qoşulan izləyicilər müzakirələrdə aktiv iştirak edərək onları maraqlandıran sualları natiqlərə ünvanlayıblar. Tədbirin sonunda gənclər üçün intellektual müsabiqə keçirilib.

Daha çox xəbərlər