Sosial 

Qələbə Azərbaycan xalqının zəfər salnaməsinə əbədi yazılıb

Dağlıq Qarabağ  münaqişəsinin  həlli üçün siyasi, diplomatik müstəvidə, döyüş meydanında üstün mövqeyə malik Azərbaycan  güclü ordusuna inanır və arxalanır  

 

«Bizim üçün bir nömrəli milli məsələ – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm – beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil» sözləri ilə  Prezident , Ali Baş Komandan kimi  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini açıqlayan dövlət başçımız İlham Əliyev 2016-cı il Aprel döyüşlərinin, 2018-ci il uğurlu Naxçıvan əməliyyatının  davamı olan İyul hadisələrini Milli Ordumuzun rəşadət səhifələri adlandırır. Həmin döyüşlərdə  Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, strateji yüksəklikləri azad edən Milli Ordumuz   Ermənistanın bir neçə yaşayış məntəqəsinə, Ermənistandan Dağlıq Qarabağa gedən Gorus- Laçın-Xankəndi  avtomobil yoluna  nəzarət edir.

Sələflərindən fərqli addım atmağa çalışan,  cəbhə xəttini   Ermənistan- Azərbaycan dövlət sərhədinin Tovuz  istiqamətinə «yönəldən»,  əslində isə  boyundan hündürə tullanmaqla  həyatının ən böyük  qələtini edən Paşinyan  Azərbaycan əsgərinin onun  başına endirdiyi zərbələrdən hələ də  özünə gəlməyib.
Bu ilin iyul ayında  işğalçının Ermənistan- Azərbaycan dövlət sərhədində törətdiyi təxribat da həmişəki kimi Ermənistanın məğlubiyyəti ilə nəticələndi.  «Qarabağ Azərbaycandır-nida işarəsi» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini yerinə yetirən  Milli Ordumuzun əsgərləri baş nazirin ağzından vurdular.  Aprel döyüşlərində olduğu kimi, düşmənə ağır zərbə endirilərək şəhidlərimizin qisası alındı. Baş verən  toqquşmalar və qanlı döyüşlər   Azərbaycanın müdafiə qüdrətini,  Silahlı Qüvvələrimizin gücünü, xalqla iqtidar  birliyini dünyaya bəyan etdi.  Canlı qüvvə və texnika sarıdan xeyli itki verən Ermənistana tarixi dərs verən Azərbaycan  Qarabağ uğrundakı müharibədə  üstünlüyünü subut etdi.   Artıq bütün dünya ictimaiyyəti də bilir ki, Ermənistanın törətdiyi təxribatların əsas səbəbi xarici havadarları,  beynəlxalq fondlar  tərəfindən maliyyələşən, dəstəklənən,  hakimiyyətə qanunsuz yollarla gələn,    ölkəni  idarə edə bilməyən,  daxili gərginliyi azaltmağa çalışan Nikol Paşinyanın diqqəti özündən  uzaqlaşdırmaq cəhdidir. Çevriliş texnologiyalarından  istifadə edərək hakimiyyətə gələn, ermənilərə « çiçəklənən Ermənistan», «demokratik ölkə»  vəd edən Paşinyanın  yalanlarından təngə gələn  ermənilərin idarəetmə  təcrübəsi olmayan iqtidar əleyhinə  keçirdikləri aksiyalardan təşvişə düşən baş nazir  işğal altında saxladıqları «Dağlıq Qarabağa müstəqillik veriləcəyi» bəhanəsi ilə xalqını aldadır, iqtidarlıq müddətini uzatmağa çalışır. İqtisadi böhran içərisində qalan,  əhalisi miskin vəziyyətdə yaşayan Ermənistanı xarici ölkələrdən  ayrılan ianələr hesabına yaşatmağın qeyri-mümkün olduğun anlayan Paşinyan ona kreslo bəxş edən havadarlarının əmrlərini yerinə yetirir,  təxribatlar törədir.

Əvvəlki iqtidarın  iş prinsipinə uyğun dövlət büdcəsini talan edən, korrupsiya rejimini davam etdirən Paşinyanın ailə mafiyasının yaratdığı   iqtisadi  bataqlıqda çabalayan  Ermənistanın üzləşdiyi siyasi böhran da işğalçı dövləti  asılı vəziyyətə salıb. İyul ayında  təxribat törətməklə  çıxılmaz vəziyyətini guya düzəltməyə çalışan Paşinyan əksinə, daha dərin bataqlığa düşdü.  Məğlubiyyətinin acısını Ermənistanın diasporla iş üzrə  komissarının ofisində çalışan 13 məmuru işdən çıxarmaqla bildirən Paşinyan  özünə daha bir problem yaratdı. Xarici ölkələrdən gələn ianələr azaldı. Ermənilərin diaspor təşkilatlarının müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizə göstərdiyi  təzyiqlər, yetirdikləri xəsarətlər daşnakların özləri haqqında formalaşdırdıqları «məzlum», «zavallı millət» məfhumunun üstündən qırmızı xətt çəkdi.  Azərbaycan informasiya müharibəsində də düşməni qabaqladı.

Güclü Azərbaycan Ordusunun əsgərlərinin müqavimətinə tab gətirməyərək ilk həmlədən məğlubiyyətə uğrayan,  bir neçə hərbi   məntəqəsi darmadağın edilən işğalçı  canlı qüvvə, hərbi texnika, silah-sursat- sarıdan xeyli itki verərək geri çəkildi.

Aldığı zərbədən hələ də özünə gələ bilməyən Ermənistanın  «yeni təxribatlara hazırlıq, əlavə torpaqların işğalı,  Cəncəni vurmaq, Naxçıvanı almaq» barədəki  cəfəngiyyatlarına  özləri belə inanmayan ermənilər havadarlarının əmrinə uyğun   iddialar irəli sürsələr də,  buna da əmindirlər ki,  xəyalları ac toyuğun yuxuda darı görmək misalına bənzəyir.  Azərbaycan əsgərinin verdiyi qulaqburmasının ağrısını hələ də yaşayan Ermənistanın  qorxaq əsgərləri həmişə olduğu kimi, yenə də  silah -sursatlarını ataraq  döyüş bölgəsini tərk edəcəklər. Havadarlarından nə qədər silah-sursat, hərbi texnika alsalar da,  döyüş əzmi olmayan  ermənilər tarixən Azərbaycanın mərd  oğullarının qeyrəti  qarşısında tab gətirməyiblər.

Həmişə əli başqalarının cibində olan Ermənistan  miskin, forpost dövlət olduğunu İyul hadisələri zamanı də göstərdi.  Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra dəstək üçün üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət  etsə də, bu   istəyinə nail olmadı.
KTMT-yə müraciət etməklə qorxaqlığını  biruzə verən, döyüşlərdə    ölən əsgərlərinin sayını  gizlədən Paşinyanın bu  xəyanəti həm də riyakarlıqdır.

Xalqına da , ordusuna da sahib çıxan Prezident İlham Əliyevin   «Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir. Onu da bildirməliyəm ki, baxmayaraq, kəndlərimiz atəşə tutuldu, ağsaqqal həlak oldu, bizim kəndlərimizdə yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi, bir nəfər də heç yerə getmədi. Amma bizdə olan operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, bəzi şəhərlər boşaldılır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır» sözləri  isə qətiyyətli  Ali Baş Komandan kimi   Azərbaycan xalqına əmin-amanlıq, qələbə əzmi, vədidir. Danışıqlar xatirinə  danışıq aparılmayacağını bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi,   Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın güclü ordusu var. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin  əsas şərtidir. Dövlətimiz  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım  belə geri atılmayacaq.  Çünki Dağlıq Qarabağ  münaqişəsinin  həlli üçün siyasi, diplomatik müstəvidə, döyüş meydanında üstün mövqeyə malik Azərbaycan xalqı güclü ordusuna inanır və arxalanır. Bu inamı yaradan Ali Baş Komandan İlham Əliyevin «Son dörd il ərzində  üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də  bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də  düşmənə sarsıdıcı zərbələr endirdik» sözləridir.

Bu günlərdə  Rusiyada keçirilən «Beynəlxalq Ordu Oyunları-2020» hərbi müsabiqəsində  iştirak edən Azərbaycan tankçılarının 16 ölkə arasında 4-cü yeri qazanması da  Milli Ordumuzun qüdrətini göstərir. «Dəniz kuboku» və «Tank biatlonu» müsabiqələridə ölkəmizi layinqincə təmisl edən əsgərlərimizin  qazandıqları bu uğurlar da Ermənistana ciddi xəbərdarlıqdır.

Xuraman İsmayılqızı«İki sahil»

Daha çox xəbərlər