Sosial 

Vətəndaşlar bilməlidirlər ki…

Koronavirus infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah son bir ay ərzində karantin rejiminin yumşaldılması barədə bir neçə qərar verib. Hazırda ölkənin əksər şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejimi növbəti dəfə ləğv edilib, bir çox məhdudiyyətlər aradan qaldırılıb.

Belə ki, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 8 sentyabrdan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla). Eyni zamanda sözügedən tarixdən müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul tarixli qərarına uyğun olaraq ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilib. İctimai iaşə obyektlərinin daxilində xidmət göstərilən zaman isə aşağıdakı hallara nəzər yetiriləcək. Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalı, bu müəssisələrin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır.

Həmçinin növbəti yumşalma qərarı ölkə ərazisində təhsil müəssisələrinin sentyabrın 15-dən mərhələli şəkildə açılması ilə bağlı olub. Bu tarixdən ilk olaraq ibtidai siniflərdə dərslər keçiriləcək. Yuxarı sinif şagirdləri isə sentyabrın 15-də onlayn tədrisə başlayacaqlar. Tədricən yuxarı siniflərdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa ediləcək. Oktyabrın 1-dən etibarən 5-9-cu siniflərin, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.

Sözsüz ki, bu yumşalmalar pandemiyanın sona çatması anlamına gəlməməli, insanlarda arxayınlıq yaratmamalıdır. Ölkə vətəndaşları maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməli, o cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən açılan obyektlərdə qayda-qanunlara, tələblərə riayət olunmalıdır. Həm istehlakçılar, həm də sahibkarlar bilməlidirlər ki, mövcud qaydalara ciddi şəkildə riayət olunmasa koronavirusa yoluxma sayı yenidən arta, xəstəliyin miqyası genişlənə bilər. Xüsusilə də payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. Ölkəmizdə yumşalma addımları da elə atılır ki, xəstələrin sayı kəskin artmasın. Dövlət tərəfindən qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin təmini dayanır. “Bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığıdır” söyləyən Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının videoformatda açılışında bildirdi ki, əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, – mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, – hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir.

Bunun üçün Operativ Qərargah da mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırır.

Mənsumə Babayeva“İki sahil”

Daha çox xəbərlər