Siyasət 

“Bir millət, iki dövlət” hələ çox zəfərlərə imza atacaq…

Strateji tərəfdaşımız olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi  Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mühüm tərkib hissəsidir. Bu baxımdan, sentyabrın 2-də Yunanıstanın Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən dövlət başçısının rəsmi Ankaranın mövqeyindən çıxış edərək bunu açıq şəkildə dünyaya bəyan etdi. Dövlətimizin başçısı qəbulda Azərbaycanın xarici siyasəti, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan– Türkiyə qardaşlığı və sair aktual mövzular barədə çox mühüm fikir və mülahizələr səsləndirdi.

Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən dövlətimizin başçısının söylədiyi “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” fikirləri sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Bu sözlər özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus keyfiyyətdir, ümumilikdə, Azərbaycanın mövqeyini, gücünü, beynəlxalq münasibətlər sistemində yerini göstərir, həmçinin Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Dövlətimizin başçısının qəbuldakı nitqi Türkiyənin bir çox aparıcı KİV-lərində dərin razılıq  və fəxr hissi ilə qarşıla­nıb. Türkiyənin aparıcı informasiya agentliyi olan “Anadolu” qeyd edib ki, Yunanıstan səfirini qəbul edən Prezident İlham Əliyev olduqca açıq, Azərbaycanın milli maraq­larına əsaslanan fikirlər səsləndirmişdir. Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə açıq danışaraq bir daha nümayiş et­dirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz. Azərbaycan Prezidenti Şərqi Aralıq dənizi region məsələsində də Türkiyənin mövqe­yini qəti şəkildə dəstəkləmişdir. Türkiyə mətbuatında gedən  şərh və məqalələrdən qırmızı xətlə keçən fikir budur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsidir. Azərbaycan və Türkiyənin qardaşlıq münasibətləri bütün dünya üçün nümunədir. Prezident İlham Əliyev Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən  söylədiyi fikirlərdən sonra hər kəs bilir ki, əgər bu sularda hərbi qarşıdurma olarsa, Türkiyə tək olmayacaq və münaqişə, ilk növbədə, sahil ölkələrinə böyük zərər vuracaq. Belə bir prinsipial məqamda Prezident İlham Əliyevin açıq dəstək verməsi Türkiyədə böyük rəğbətlə qarşılandı. İndi həm Türkiyə əhalisi, həm də yaxın qonşular əmin oldular ki, vəziyyət heç də göründüyü kimi deyil. Azərbaycan hər zaman olduğu kimi, bu gün də Türkiyənin yanındadır.

Son zamanlar qeydə alınan faktlar isə Azərbaycan –Türkiyə qar­daşlığında növbəti parlaq, könül oxşayan, qəlblərə rahatlıq gətirən, gələcəyə inam yaradan addımlardır. Azərbaycan Xarici İşlər və Müdafiə nazirlərinin Türkiyəyə səfər etmələri, yüksək səviyyəli görüşlər keçirmələri, xüsusilə hər iki nazirin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi, eyni za­manda, Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitlərinin Azərbaycana gəlməsi, növbəti birgə hərbi təlimlərin keçirilməsi, bununla düşmənə və onun havadarlarına gözdağı verilməsi, eləcə də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılığı ilə yüksək səviyyəli hərbi nümayəndə heyətinin ölkəmizə səfər etməsi, Prezident, Ali Baş Ko­mandan İlham Əliyevlə görüşməsi hər birimizi qürurlandırır və iftixar hissi doğurur. Bunlar sözlə ifadəsi mümkün olmayan hisslərdir.

Hər iki dövlət xarici diplomatiya və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini artırır. Xarici İşlər naziri kimi ilk xarici səfərini məhz Türkiyəyə  edən Ceyhun Bayramov qardaş ölkə ilə ikitərəfli münasibətlərin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. İndiyədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 241 sənədin imzalanması çox mühüm faktdır. Hazırda 29 əlavə müqaviləyə baxıldığını və onların da yaxın günlərdə imzalanacağına şübhə ola bilməz.

Xatırladaq ki, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin  İstanbula səfər edib. Səfərin əsas məqsədi Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir.

Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi. Tarixin çətin sınaqlarında, kritik durumlarda belə ölkələr arasındakı  qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın təxribatlar törətdiyi bir vaxtda da Türkiyə Azərbaycanın haqq mübarizəsinə qoşuldu, haqlı mövqeyimizi dəstəkləyərək Ermənistanın işğalçılıq və terrorizm siyasətini ifşa edən açıqlamalar verdi. Türkiyə dəfələrlə bildirib ki, Azərbaycan tək deyil, onun ərazi bütövlüyünün bərpası istiqamətində bütün siyasi və hərbi qərarlarını dəstəkləyir. Eyni zamanda, Azərbaycan da Türkiyəyə qarşı eyni münasibəti sərgiləyir. Qeyd edək ki, Türkiyənin Prezident Administrasiyası Azərbaycan-Türkiyə qardaşlığı və Tovuz hadisələri barədə “Bir millət, iki dövlət” adlı sənədli film hazırlayıb. Filmdə Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları, işğalçı Ermənistanın iyulun 12-də Tovuz istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan sonra rayondan görüntülər, bir sıra rəsmi şəxslərin və mülki vətəndaşların fikirləri yer alıb.

Azərbaycan-Türkiyə münasibətləri, eyni zamanda, NATO ilə əməkdaşlıq sənədləri, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr çərçivəsində NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir, hərbi kadrların hazırlanması, maddi-texniki təchizat, müdafiə sənayesi sahələrində yeni birgə əməkdaşlıq uğurla davam etdirilir. 2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Göründüyü kimi, iki ölkənin ordularının iştirakı ilə keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır. Nəzərə alsaq ki, Türkiyə Silahlı Qüvvələri dünyanın güclü orduları arasında 9-cu yerdədir, Türkiyə hərbi potensialına görə NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir, belə böyük hərbi potensiala malik qardaş ölkə ilə hərbi təcrübəni bölüşmək ölkəmizin xeyrinə olan amildir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı təlimlərinin keçirilməsi, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyətinin və hərbi müdafiə vasitələrinin cəlb edilməsi ikitərəfli sıx əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə olduğu kimi, hərbi sahədə də yüksələn xətlə davam etdirildiyini göstərir.  İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq, silahlı qüvvələr arasında təcrübə mübadiləsi təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə etmiş, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərmişdir. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan etmişdir. Son təlimlərin Tovuz hadisələrindən sonra başlaması, daha geniştərkibli şəxsi heyətin iştirakı və uzunmüddətli olması işğalçı Ermənistan hökumətini, təcavüzkar dövlətin havadarlarını ciddi təşvişə saldı. Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə olunmaqla 500 tondan artıq hərbi təyinatlı yük işğalçı ölkəyə daşınıb. Eyni zamanda, müxtəlif ölkələrdən olan terrorçular, muzdlular hesabına könüllülər dəstəsinin yaradılması Ermənistanın sülhə yox, məkrli siyasətlərini həyata keçirməyə hazırlaşdığını göstərir. Bütün baş verən hadisələrdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və burada generallarla müşavirə keçirməsi isə beynəlxalq hüququn normalarını kobud şəkildə pozmasının əyani nümayişidir.

Hazırkı ictimai-siyasi durum, ölkəmizin geosiyasi vəziyyəti həm Türkiyənin, həm də Azərbaycanın hərbi potensialını daim yeniləməyi, modernləşdirməyi, yeni silahlar əldə etməyi  zəruri edir. Xüsusən də Azərbaycan üçün. Ona görə ölkələrimiz arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. İnanırıq ki, Azərbaycan -Türkiyə həmrəyliyi, birliyi nəticəsində həm terrorun kökü birdəfəlik kəsiləcək, həm də Ermənistan, onun havadarları tərəfindən Qarabağ işğalına birdəfəlik son qoyu­lacaq. “Bir millət, iki dövlət”in qar­daşlığı, müttəfiqliyi hələ çox zəfərlərə imza atacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”

Daha çox xəbərlər