Millət vəkili deputatın səlahiyyətinin əlindən alınması barədə qanun dəyişikliyinə etiraz etdi
“Deputat status haqqında qanuna onun səlahiyyətinin əlindən alınması barədə dəyişiklikləri heç cür başa düşə bilmirəm. Bu məsələni komitə iclasında səsləndirmişdim, lakin cavab ala bilməmişdim”.
ARANTV.AZ xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bügünkü plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlarına dəyişikliklərə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsi yenidən işlənməlidir.
“Dəyişiklikdə qeyd edilir ki, deputatın iclasda iştirakı mümkün olmadıqda İntizam Komisisyası onun mandatdan məhrum edilməsi məsələsinə onun iştirakı olmadan baxıla bilər. Necə ola bilər ki, xalq deputata mandat verir, amma onun iştirakı olmadan onun barəsində qərar verilir? Bundan başqa, Milli Məclisin buraxılmasının Daxili Nizamnaməyə daxil edilməsinə ehtiyac yoxdur. Bu barədə Milli Məclis qərar vermir axı, bu maddə Milli Məclisin Daxili Nizamnaməsinə daxil edilsin. Deputatlığa xitam verilməsində də yenə də qeyd edilir ki, deputat iştirak etmədikdə bu məsələyə baxılır. Hesab edirəm ki, burada yenə də deputatın özünün imtina etməsi ifadəsi əlavə edilməlidir. Bəlkə, iki nəfər deputatı şərləyir? Xalqı təmsil edən şəxs barədə necə ola bilər ki, onun iştirakı olmadan qərar verilsin?”.
Millət vəkili bildirib ki, bundan başqa İntizam Komissiyası üzvlərinin sayının artırılmasına da ehtiyac var, onların sayı ən azı 13 nəfərə çatdırılmalıdır.
“İntizam Komissiyasının rəyi ilə Mərkəzi Seçki Komissiyasının deputatlıq hüququndan məhrum edilməsi doğru yanaşma deyil. Komissiyanın qərarına mütləq Milli Məclisdə baxılmalıdır”.
Ölkə.Az

