Cəmiyyət 

“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda konfrans öz işinə başlayıb

ARANTV.AZ xəbər xebrir ki, oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Kənd Təsərrüfati Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilir.

Konfrans akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilib. Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda görkəmli alimin məzarını ziyarət ediblər.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil olunan konfransda bu elm müəssisəsinin direktoru, akademik İradə Hüseynova dünya şöhrətli alim, akademik Cəlal Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan biologiya elminin inkişafında müstəsna xidmətlərindən söz açıb. Bildirib ki, görkəmli alim biologiya və aqrar elmlərin müxtəlif istiqamətlərinin inkişafına dəyərli töhfələr verib. Akademik Cəlal Əliyev ömrünü fotosintez prosesinin öyrənilməsinə həsr edib. Alimin elmi fəaliyyətinin müəyyən dövrü Əkinçilik İnstitutu ilə bağlı olub. Hər zaman tələbələrinə böyük diqqət və qayğı ilə yanaşan Cəlal müəllimin yetirmələri bu gün ölkədə və xaricdə elmi fəaliyyətlərini uğurla davam etdirirlər.

İ.Hüseynova akademik Cəlal Əliyevin elmi irsinin öyrənilməsi baxımından konfransın gənc alim və tələbələr üçün əhəmiyyətini qeyd edib.

Çıxış edənlər akademik Cəlal Əliyevin Azərbaycan biologiya və aqrar elmlərinin inkişafında xidmətlərindən, ictimai- siyasi fəaliyyətindən söz açıblar.

Sonra gənc alim və tələbələrin məruzələri dinlənilib.

Daha çox xəbərlər