Ermənistan danışıqlar prosesini pozur
Əsli Kazımova: BMT və ATƏT səviyyəsində Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunmasının zamanıdır
Niyə işğalçı və regionun təhlükəsizliyinə zidd siyasət yürütməyə davam edən, BMT-nin qətnamələrini heçə sayann bir dövlətin Təhlükəsizlik Şurasında iştirakına veto qoyulmur?
Son aylar ərzində Ermənistan tərəfinin törətdiyi əməllərə nəzər salaraq bu ölkənin təhrikçi və təxribatçı mahiyyətini, faşist xislətini aşkar şəkildə müşahidə etmək olar. Ermənistan baş nazirinin danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri, danışıqlarla bağlı əsassız şərtlər irəli sürməsi, 2019-cu ilin avqustunda səsləndirdiyi cəfəng bəyanatı, 2020-ci ilin 12-16 iyul tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın mövqelərinə hücumu, 23 avqust tarixində Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribat cəhdi, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin nümayişkaranə şəkildə həyata keçirilməsi, Azərbaycanı Sərsəng su anbarını və Mingəçevir bəndini partlatmaqla hədələməsi, Gəncənin hədəf kimi göstərilməsi və digər bu kimi təxribatlar münaqişənin siyasi həllinə birbaşa zərbədir.
Bəs aylardır ki, sərhəd tanımayan arsızlıq, həyacızlıq və vəhşiliklə davam edən erməni təxribatlarının əsas mahiyyəti nəyə hesablanıb?
“Ermənistanın məkirli işğalçılıq siyasəti danışıqlar prosesini pozur. ATƏT-in Mİnsk qrupu ikili standartlarla yanaşmanı durdurmalıdır. Əks halda bu quruma xatırlatmaq gərəkdir ki, onların “kor münasibət” sərgiləyən fəaliyyətlərindən rəsmi Bakı imtina etmək hüququna da malikdir. Ermənistan Suriya və Livan ermənilərini qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərinə köçürməyə davam edir. Bu birmənalı olaraq ermənilərin 1990-cı illərdə başlatdıqları türklərin etnik təmizlənməsi siyasətinin tərkib hissəsidir. O zaman da dünya birliyi susurdu, bu gün də susur. Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində “VOMAK” adlı qadınlardan ibarət terror qruplaşması yaradır. Etibarlı mənbələrin məlumatına görə, qruplaşmaya 5000 qadın cəlb olunub. Anna Akopyan isə erməni qadınlarının “Dünyada sülh naminə” snayperçi qadınlar yetişdirdiklərini qeyd edir. Gördüyünüz kimi, erməni təfəkküründə sülh belə terrorla təmin edilir. Belə bir təfəkkürə sahib işğalçı ölkənin BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunması BMT-nin ciddiyyətini şübhə altına salır. Maraqlısı odur ki, beynəlxalq hüquqdan, İnsan Haqları Konvensiyasından danışan ölkələr buna susur. Məgər regionda açıq-aşkar terror qruplaşmasının yaradılması təhlükəsizliyin pozulması demək deyilmi? Metsamor AES-in fəaliyyəti regionun təhlükəsizliyi hesab olunmurmu? Niyə Ermənistan bu gün də BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunur? Niyə işğalçı və regionun təhlükəsizliyinə zidd siyasət yürütməyə davam edən, BMT-nin qətnamələrini heçə sayan bir dövlətin Təhlükəsizlik Şurasında iştirakına veto qoyulmur?”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Həmsöhbətimizin sözlərinə görə, bütün bu amillər danışıqlar prosesini pozmaq üçün yetərlidir. Ermənistanın baş nazirinin xanımı açıq-aşkar qadınlardan ibarət erməni terror qruplaşmasına rəhbərlik edir: “Hər gün cəbhə bölgəsində yaşayan onlarla mülki insanın həyatı risk altındadır, çünki rəsmi İrəvan məkrili işğalçılıq siyasətini davam etdirir, atəşkəsi pozur. Cari ilin 12 iyul tarixində baş verən Tovuz təxribatı da bunun baris nümunəsidir. ATƏT isə susmağa davam edir. Hesab edirəm ki, beynəlxalq hüquq və insan haqları Konvensiyasına zidd olaraq yürüdülən məkrili erməni siyasətinə qarşı beynəlxalq səviyyədə sanksiya tətbiq olunmalıdır. Böyük güclər erməni lobbisinin maraqlarına xidmət etmədiklərini, onların əlində marionet olmadıqlarını isbat etməlidir. İşğalçı Ermənistanın şərt dili ilə danışması yolverilməzdir. Fikrimcə, ilkin mərhələdə, BMT və ATƏT səviyyəsində Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunmasının zamanıdır”.
Daha sonra partiya sədri rəsmi Bakının Ermənistanı iqtisadi blokadada saxlamaq mövqeyini daha da sərtləşdirə bilməsi ilə bağlı danışıb: “Hesab edirəm ki, rəsmi İrəvanı iqtisadi baxımdan bir qədər daha dalana dirəməyin vaxtı çatıb. Azərbaycan danışıqlar prosesinin uzadıldığı müddət ərazində Ermənistan tərəfinin Azərbaycana verdiyi zərərləri dəf edə bilməsi üçün rəsmi İrəvanın təzminat ödəməyə məcbur etməlidir”.

