Cəmiyyət 

Məcburi köçkünlər üçün göz müayinələri keçirilib

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi respublikanın bütün bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə xüsusi həssaslıqla yanaşır, onları narahat edən məsələlərin araşdırılması və həll olunması üçün mövcud qanunvericilik əsasında bütün zəruri tədbirləri görür. Bundan başqa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlərin qəzalı və həyat üçün təhlükəli bina və tikililərdən yeni mənzillərə köçürülməsinə imkan yaradan layihələrin icrasını daim diqqətdə saxlayır. Bu yaxınlarda istifadəyə verilən “Qobu Park” yaşayış kompleksi məhz belə layihələrdən biridir. Ötən həftə burada Komitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün əmək yarmarkası təşkil etdi. Bu dəfəki sosial layihə çərçivəsində isə  məcburi köçkünlər göz müayinəsindən keçirildilər. Aksiya “Dünyagöz” Göz Klinikasının təşəbbüsü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Sakinlər gün ərzində peşəkar oftalmoloqlar tərəfindən pulsuz müayinə edildi və lazımi məsləhətlər aldılar. Ehtiyac yarandığı təqdirdə vətəndaşlar stasionar müalicəyə cəlb olunacaqlar. Prezident İlham Əliyevin Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən də razılıqla qarşılandı.

Bu cür sosial layihələrin gələcəkdə də keçirilməsi nəzərdə tutulub.

Daha çox xəbərlər