Gündəm 

Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib

ARANTV.AZ xəbər verir ki, Astanada Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib. İclasda Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.

Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, gənclər və idman, dövlət qulluğu, əqli mülkiyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin Hökumətlərarası Komissiyanın 2017-ci il dekabrın 7-də Bakıda keçirilmiş 14-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, eləcə də ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Qazaxıstanın energetika naziri Kanat Bozumbayev vurğulayıb ki, Qazaxıstandan Azərbaycana ixracın həcmi 2,2 dəfə artaraq 134,6 milyon dollar təşkil edib. Azərbaycandan idxal olunan məhsulların həcmi isə 75,7 faiz artıb. Nazir bildirib ki, bu rəqəm 33,5 milyon dollar civarında olub. Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək və yeni birgə layihələrin realizasiyasını təmin etməkdir. İclasda göstərilən bütün istiqamətlər üzrə razılığın əldə olunmasından məmnunluq ifadə olunub. Bildirilib ki, komissiyanın protokolunda göstərildiyi kimi hər iki ölkənin işgüzar dairələrinin mütəmadi görüşlərini təşkil etmək, iş adamları arasına əlaqələrin genişləndirilməsi ilə bağlı layihələri həyata keçirmək lazımdır. Qazaxıstanın Aktau ilə yanaşı digər şəhərlərində də Ticarət evlərinin yaradılması məsələləri ilə bağlı razılıq əldə olunub. Komissiyanın razılaşdırılmış protokoluna görə, Qazaxıstan bazarında Azərbaycanın tərkib hissəsi sayılan Dağlıq Qarabağda qanunsuz istehsal olunan məhsulların satışı, xidmətlər, eləcə də Qazaxıstan şirkətlərinin Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərimizdə fəaliyyəti yolverilməzdir. Qazaxıstan tərəfi protokolda bəyan edir ki, bu prinsiplər 29 may 2014-cü ildə Avrasiya İqtisadi Təşkilatına üzvlüyün şərtlərinə əsaslanır. Həmin şərtlərə görə, Ermənistan məhz öz sərhədləri daxilində bu təşkilata üzv qəbul olunub. Hər iki ölkə bir daha öz mövqeyini təsdiqləyərək bildirib ki, ikitərəfli əməkdaşlıqda  beynəlxalq hüquq və prinsiplər, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət, beynəlxalq səviyyədə sərhədlərin toxunulmazlığı bundan sonra da əsas götürüləcək. İclasda eyni zamanda, 2017-ci ilin aprelində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından geniş istifadə ilə bağlı verilmiş tapşırıqlar əsasında hazırlanan və 2018-2020-ci illəri əhatə edən Strateji yol xəritəsi üzrə ötən dövr ərzində görülən işlər müzakirə edilib. İclasda gündəlikdəki məsələlərin müzakirəsinin yekunu olaraq Protokol imzalanıb. Sonda qarşılıqlı hədiyyələr təqdm olunub.

Daha çox xəbərlər