Cəmiyyət 

Akademik Mahmud Kərimovun 70 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir

ARANTV.AZ xəbər verir ki, Akademik Mahmud Kərimov zəngin elmi yaradıcılığı və  çoxşaxəli fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb. Alimin bir çox istiqamətlər üzrə müəyyənləşdirdiyi metodlar və əldə etdiyi elmi nəticələr həmişə aktuallığı, fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə seçilib.

Bu fikirlər akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfransda səsləndirildi. Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirdi ki, alim dövlətin elm siyasətinə böyük töhfələr verib, Azərbaycan elminin dünya elm strukturlarına sürətlə inteqrasiyasına, xarici ölkələrlə əlaqələrin xeyli genişlənməsinə xidmət edib.

Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Nazim Məmmədov məruzəsində dedi ki, Mahmud Kərimovun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilib və 200-ə yaxın elmi əsərdə əksini tapıb. Mərhum alim elmi nailiyyətlərinə görə bir çox patent və müəlliflik şəhadətnamələri alıb. 2001-ci ildə Akademiyanın prezidenti seçilən Mahmud Kərimov ömrünün sonunadək bu vəzifədə çalışıb. Tədbirdə  Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov, BDU-nun rektoru Abel Məhərrəmov, AMEA-nın Kimya Elmləri bölməsinin akademik-katibi Vaqif Fərzəliyev, İdarəetmə Sistemləri İnstitutunun direktoru Telman Əliyev və digərləri də görkəmli alimin yüksək insani keyfiyyətlərindən, fizika elminin inkişafına verdiyi töhfələrdən danışdılar.

İşini bölmə iclaslarında davam etdirən konfrans noyabrın 14-də yekunlaşacaq.

Daha çox xəbərlər