Siyasət 

Milli Məclisdə 2019-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb

ARANTV.AZ xəbər verir ki, Milli Məclisdə 2019-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb. Bildirilib ki, gələn il  də dövlət büdcəsinin sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi ölkənin əsas maliyyə sənədinin müsbət cəhətlərindəndir.

2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq. Növbəti ilin dövlət büdcəsi layihəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi, yəni 10 milyard manatdan çoxu bu proqramlar əsasında xərclənəcək. Bu isə 2018-ci illə müqayisədə 2 milyard 77 milyon manat çoxdur. 2019-cü il dövlət büdcəsi və büdcə zərfinə daxil qanun layihələrinin əsas istiqamətlərindən danışan Milli Məclisin sədri Oqtay Əsədov dedi ki, dövlət başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini həyata keçirməyə imkan yaradıb. 2018-ci ilin 9 ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilib. Bu dövr ərzində valyuta ehtiyatları 3 milyard ABŞ dolları artaraq 45 milyard ABŞ dollarına çatıb. Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir.

Spiker dedi ki, 2019-cu ildə ölkədə vergi sistemində köklü islahatlar həyata keçiriləcək. Bununla bağlı Milli Məclisə qanun layihələri daxil olub. Vergi Məcəlləsində prinsipal dəyişikliklərin edilməsində məqsəd iqtisadi fəaliyyəti stimullaşdırmaq,  kiçik və orta sahibkarlığın inkişafına daha geniş imkan yaratmaqadır. Sosial sığorta və işsizlikdən sığorta haqqlarının toplanmasında nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün vergi  güzəştlərinin müəyyənləşdirlməsi, eləcə də özəl və qeyri-neft sektorunda çalışanların gəlir vergisindən azad edilməsi uzun müddətli perspektivdə dövlət büdcəsinin artırılmasına gətirib çıxaracaq. Nəticədə bu islahatlar ölkə iqtisadiyyaıtna öz töhfəsini verəcək. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, əmək bazarını sağlamlaşdırmaq, qeyri-rəsmi məşğulluğun səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq və əmək haqlarını leqallaşdırmaq məqsədilə neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda 7 il müddətinə güzəşlər nəzərdə tutulub.

Maliyyə naziri Samir Şərifov bildirdi ki, növbəti ilin icmal və dövlət büdcələri yeni büdcə qaydasına uyğun olaraq hazırlanıb.

Qeyd olundu ki, növbəti ildə qeyri-neft sektorunun inkşafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istahsalçılarına tətbiq edilən vergi güzəştinin daha beş il müddətinə uzadılması nəzərdə tutulur. İqtisadiyyat naziri Şahin Mustafayev isə diqqət çatdırdı ki, ortamüddətli dövr üçün ölkənin iqtisadi proqnozları hazırlanarkən kompleks iqtisadi islahatların davam etdirilməsi, bank sektorunun inkişafı, makroiqtisadi sabitliyə təsir edən xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülüb. Qeyd edilənlər, habelə neft və qeyri-neft sektorunun inkişafı amilləri nəzərə alınmaqla 2019-cu ildə ÜDM-in 3,6 faiz, növbəti illərdə orta hesabla 3,4 faiz artacağı, tədiyə balansının cari hesabının müsbət olacağı, yəni 3.9 milyard ABŞ dolları proqnozlaşdırılır. Dünya iqtisadiyyatında baş verən proseslər və beynəlxalq təşkilatların proqnozları təhlil edilərək neftin bir barelinin qiyməti ortamüddətli dövr üçün 60 ABŞ dolları götürülüb. Gələn il “Şahdəniz” yatağında neft-qaz hasilatının artması hesabına neft sektorunda 3,1, növbəti illərdə orta hesabla 3.2 faiz artım gözlənilir. Növbəti ildə əsas kapitala investisiya qoyuluşları 17.9 milyard manat, o cümlədən xarici investisiyaların 7.5, daxili sərmayələrin 10.4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda artım 2,5 faiz gözlənilir.

Qeyd olundu ki, dövlət başçısının sərəncamları ilə yaradılmış, qeyri-neft sənayesinin inkişafında mühüm rola malik sənaye parkları və məhəllələrində indiyədək 62 sahibkarlıq subyektinə rezident statusu verilib. Qeyri-neft sənayesinin inkişafı üzrə həyata keçirilən islahatların gözlənilən nəticələri nəzərə alınmaqla, sahə üzrə 2019-cu ildə 9.7 faiz, növbəti illərdə orta hesabla 5.8 faiz artım proqnozlaşdırılır. Növbəti 5 ildə kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilərək bu sahədə dövlət investisiyaları hesabına özəl istehsal və emal sahələrində infrastrukturun yaradılması, kənd təsərrüfatı texnikalarının alınması və digər dövlət dəstəyi tədbirləri davam etdiriləcək. Hazırda 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1.4 milyard manat olan 45 aqroparkın yaradılması üzrə işlər aparılır. Artıq 6 aqropark fəaliyyətə başlayıb və ilin sonunadək daha 12 aqroparkın açılması gözlənilir. Bütün bunlar nəzərə alınaraq aqrar sektor üzrə 2019-cu ildə 4.6 faiz, növbəti 3 ildə orta hesabla 4.5 faizdən çox artım gözlənilir. Qeyd olundu ki, dövlət başçısının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq qarşıdakı illərdə də vətəndaşlarımızın həyat səviyyəsinin davamlı şəkildə yüksəldilməsi başlıca məqsəd olacaq. 2019-cu ildə əhalinin gəlirləri 59.2 milyard manat, yeni vahid verginin tətbiqi, qeyri-neft və qeyri-dövlət sektorunda vergi dərəcələrinin optimallaşdırılması nəticəsində orta aylıq əmək haqqı real ifadədə 11%-dək artaraq 642 manat, yaşayış minimumu isə 180 manat səviyyəsində proqnozlaşdırılır.

Büdcə layihəsinə Hesablama Palatası da rəy verib. Palatanın sədri Vüqar Gülməmmədov layihənin büdcə sistemi haqqında qanunvericiliyə uyğun hazırlandığını dedi.

Müzakirələr zamanı çıxış edən millət vəkilləri xeyli təkmil olan 2019-cü ilin dövlət büdcə layihəsinin qanunvericiliyə uyğun hazırlandığını bildirdilər. Azərbaycanın 2019-cu il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri büdcə sistemi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq, dünya iqtisadiyyatının inkişaf meyilləri və qlobal çağırışlar, ölkə başçısı tərəfindən təsdiq edilmiş strateji yol xəritələri, inkişaf konsepsiyaları və dövlət proqramları ilə müəyyənləşdirilən tədbirlər nəzərə alınmaqla tərtib olunub. Bildirildi ki, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi ölkənin əsas maliyyə sənədinin müsbət cəhətlərindəndir. Millət vəkilləri çıxışlarında bəzi təkliflər də səsləndirdilər. Büdcə layihələrinin Milli Məcisdə müzakirəsi davam edir.

Daha çox xəbərlər