Siyasət 

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Milli Məclisdə olub

ARANTV.AZ xəbər verir ki, ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons Milli Məclisdə olub.

Milli Məclisin sədri Oqtay Əsədov Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonsla görüşündə ölkəmizdə idmanın inkişafı üçün görülən işlərdən danışaraq bunun dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu dedi. Bildirdi ki, 2008-ci ildə paralimpiyaçılar üçün Xüsusi Olimpiya İdman Mərkəzi yaradılıb. Gəncə şəhərində regional dayaq mərkəzi də fəaliyyətə başlayıb. Sonuncu dəfə olimpiya komandamız Rioda çox yaxşı nəticələr göstərərək 18 medal qazanıb. Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançıları, ümumilikdə, 29 medal əldə edib. Bu, bir daha göstərir ki, Azərbaycan güclü idman ölkəsidir. Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibəti yüksək dəyərləndirdi. Qeyd etdi  ki, Azərbaycanda idmançılar üçün yaradılan şərait, fiziki cəhətdən qüsurlu insanların cəmiyyətdə və idmanda özlərini təsdiqləməsi üçün yaradılan imkanlar çox əhəmiyyətlidir. Qonaq ölkəmizdə müxtəlif səviyyəli beynəlxalq yarışların keçirilməsini təqdir etdi.

 

Daha çox xəbərlər