Sosial 

“Azərbaycana ayaq basacağım gün öz evimdən qabaq məhz həmin şəhidin məzarına gedəcəm”

Amerikada yaşayan azərbaycanlı reper, keçmiş HOST qrupunun üzvü Orxan Zeynallı (Aid) şəhidlə bağlı təsirli paylaşımı ilə diqqət çəkib.

ARANTV.AZ bildirir ki, reper Azərbaycana qayıdanda ilk onun məzarını ziyarət edəcəyinə söz verib.

“Bir neçə gün bundan qabaq, hələ Şuşa zəfərindən də öncə inboksuma bir mesaj gəldi. Yazan döyüş bölgəsində olan Xüsusi Təyinatlı idi. Mənə bildirdi ki, bir neçə gün öncə döyüşə girməzdən qabaq yanındakı əsgər məndən danışıb və deyib ki “Orxanla görüşməyi çox istəyirəm. Bir gün Amerikaya getsəm, mütləq tapacam onu. Amma səndən xahiş edirəm ki, şəhid olsam, ona bildir. Çox istərəm ki, mən onun yanına gedə bilməsəm də, o, mənim məzarıma gəlsin”. Bunu deyən qardaşımız həmin döyüşdə şəhid olur və yoldaşı bu son sözlərini mənə çatdırır. Təkcə adı və Mingəçevirdə dəfn olunduğu məlum idi. Lakin qismətə bax ki, qardaşımızın adı “Əzəmi”dir. Nadir ad. Bu adı ilk dəfə idi eşidirdim və onun kimliyini də dərhal tapdıq. Yaxın günlərdə də ailəsi ilə həm ailəm, həm də özüm danışacam. Burda bu statusu oxuyan hər kəs qarşısında söz verirəm ki, Azərbaycana ayaq basacağım gün öz evimdən qabaq məhz onun yanına gedəcəm. Əslində, nə yazmağa, nə də yanına gedəndə deyəcəyim sözləri tapa bilmirəm. Keçirdiyim hisslərimi də ifadə etmək alınmır. Bu dəfə alınmır. Bir qəhrəmanın dilində olmağın qüruru, yoxsa həyatın bu qədər kədərli ola bilməsi. Mən tanımadığım insanları hələ heç vaxt bu qədər özümə doğma hiss etməmişdim. Və hələ heç vaxt cənnətin mövcudluğuna bu qədər inanmaq istəməmişdim. 31 yaşım var. Cəmi bir doğma bacım olub həmişə. İndi isə yüzlərlə doğma qardaşım var.

Allah bütün şəhidlərə rəhmət etsin. Cənnət yox idisə belə, onlarçün olmuş olsun. Qazilər də, yaralı ya sağlam hər bir döyüşçü də mənim başımın tacıdır. Yaxşı ki, bu dünyaya gəlmisiz…”

Daha çox xəbərlər