Bizim həkim 

“Mütləq sərt karantin rejiminə keçirilməlidir” – Azərbaycanlı alimdən AÇIQLAMA

“Elm bildirir ki, may və noyabr koronavirus infeksiyasına ən çox yoluxma baş verdiyi aylardır”.

ARANTV.AZ bildirir ki, bu sözləri Lent.az -a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib. O bildirib ki, adını çəkdiyi aylar yeni növ koronavirus infeksiyası olan COVID-19-a da aid edilir:

“Amma bu onun növbəti digər aylarda sabitləşməsi demək deyil. Güvənli, amma müvəqqəti stabilləşməni almaq üçün mütləq olaraq ən azı 2-3 həftə sərt karantin rejiminə keçilməli, bundan sonra isə insanlar deyilən bütün qaydalara əməl etməlidir. Təkcə məsafə saxlayıb və maska taxmaq yox, insanlarla ünsiyyət saylarını aşağı salmaq, qapalı məkanlarda görüşləri təxirə salmaq, klaster (topluluq – red.) üsulu ilə yoluxmalara nəzarət və s. bu günə qədər dediyimiz vacib qaydalara əməl etməlidirlər”.

N.Abdullayev qeyd edib ki, ancaq bunlara əməl olunarsa, nəzarəti əldə saxlamaq mümkün ola bilər:

“Əks halda virusla mübarizə çox təhlükəli qazanılmış immunitet strategiyasına qədəm qoyur. Real olaraq bu gün pandemiyanın tam bitməsi barədə nələrsə demək çox çətindir, amma yaxın zamanlarda peyvəndin Avropada, o cümlədən Almaniyada müəyyən formada tətbiqinə başlanacağını nəzərə alsaq, deyə bilərik ki, yəqin, hər şey nəzərdə tutulan kimi olarsa, yay aylarına tam təhlükəsiz peyvəndin olmasını gözləmək olar”.

Azərbaycanlı alim əlavə edib ki, havanın virusun yoluxdurma qabiliyyətinə heç bir təsiri yoxdur:

“Yadınızdadırsa, bir çox insan mart və apreldə yay aylarında istidə virusun yox olacağını deyirdi. Amma elm belə demirdi və biz bir daha gördük ki, elm doğru deyir və yay aylarında Azərbaycanda növbəti dalğa oldu. İndi də qış aylarında havanın təsiri olmasa da, əgər yuxarıda qeyd etdiklərimizə insanlar əməl etməsələr, eyni zamanda insanların maarifləndirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən kifayət qədər işlər aparılmasa, klasterlər izlənilməsə və karantin, eləcə də izolyasiya tədbirləri müasir elmin dediyi kimi olmasa bizləri önümüzdəki aylarda da çox çətin günlər gözləyir”.

Daha çox xəbərlər