Sosial 

Aç qollarını, Şuşam! Biz gəldik!

(Şuşaya daxil olan ilk şuşalıların dilindən)

Başı bəlalı dağlar,

Köksü yaralı dağlar,

Biz Şuşaya qovuşduq,

Göylər sevincdən ağlar.

Nağıl diliylə desəm, çox maneələr aşdıq, çaydan xəlbirlə su daşıdıq, düşmənlərlə savaşdıq, nəhayət sonunda sənə qovuşduq, gözəl Şuşam! Tanrım, sənə şükürlər olsun, nəhayət, bu həsrət bitdi və biz Qarabağa – Azərbaycanın gözmuncuğu, baş tacı olan Şuşaya qovuşduq. Aç qollarını, canım Şuşam, biz gəldik, bizi bağrına bas, sevinclə bir-birimizə sarılaq, vüsalın şirinliyi ilə ayrılıq acısınıcanımızdan çıxaraq.

Gözümün nuru, Şuşam! Torpağına ilk qədəmlərimi qoyduqda öncə diz çökdüm, səcdə etdim, torpağı ovuclayıb tutya kimi gözlərimə çəkdim. Həsrətindən nuru öləziyən gözlərimə işıq gəldi, sonra müşk-ənbər qoxuyan ətirli torpağını qoxulayıb Vətən qoxusunu dərindən ciyərlərimə çəkdim. Sanki ölmüşdüm, dirildim. Ölü bədənimə can gəldi, damarlarımda qanım coşdu, vüsal həyəcanından ürəyim köksümdə at kimi çapmağa başladı. Daha sonra qulağımı torpağının köksünə dayayıb dinləməyə başladım. Sevincdən içini çəkərək ağladığını, hıçqırıqlarını eşitdim. Nəfəsimi içimə çəkərək daha dərindən dinləməyə başladım. Mənə elə gəldi ki, torpağın qoynunda yatan ulular da qovuşmağımızı bayarm edirlər. Qulağıma Xan əminin, Bülbülün sevincli zəngulələri, ecazkar avazları gəldi. Sanki Üzeyir bəy fortepianoda yenicə bəstələdiyi Qələbə marşını çalırdı. Bir anlıq Vaqifin qoşmalarını, Xan qızı Natəvanın qəzəllərini eşitdim, Qarabağ igidlərinin sevincdən şahə qalxan köhlən atlarının kişnərtisi gəldi qulağıma. Daha nələr, nələr duydum…

Ah, Şuşam, ah! Başıbəlalı, könlü yaralı, Şuşam! Sənin əsrarəngiz gözəlliyin, füsunkar təbiətin, sərvətlərin, nemətlərin həmişə düşmənlərin iştahını qabardıb, daim ac gözlərini səninlə doyurmaq, sənə sahib olmaq istəyiblər. Ancaq uzun illərdir düşmən bizi bir-birimizdən ayrı salsa da, sənə sahib ola bilmədi. Heç vaxt da sahib ola bilməyəcək, buna izin vermərik.

Ah, Şuşam! Könlümün məhbubu, gözümün didəsi, Şuşam! Sənə nələr, nə sitəmlər ediblər… Yağı düşmən sərvətlərini taladı, meşələrini yandırdı, tarixi abidələrini məhv etdi. Gör nə qədər alcaq düşməndir ki, daş heykəllərə belə kin, nifrət bəslədilər, adlı-sanlı övladlarının abidələrini gülləbaran etdilər. Ən ümdəsi səni bizdən – övladlarından, sevdiklərindən ayırmaqla sinənə çalın-çarpaz dağ çəkdilər.

Səninçün o qədər darıxmışdım ki, gözəl Şuşam. Ətir qoxuyan torpağın, dərdə dəva təbiətin, buz bulaqların, başıqarlı dağların, rəngarəng çiçəklərin, başqa torpaqda bitməyən, sənə sadiq qənirsiz gözəl Xarı bülbül üçün çox, lap çox darıxmışdım. Həsrətindən bağrımız yandı, ancaq bir gün mütləq sənə qovuşacağımıza inam, ümid bizə ayrılığına dözmək üçün güc, səbir verdi. Vüsal anını gözlədik.

Sən də bizsiz çox darıxmısan, Şuşam! Uzun illərdir gözlərin övladlarının gələcəyi yollara dikildi, ayrılıq acısı səni də için-için yandırıb qovurdu. Ancaq yağı düşmənin tapdağına, sənə etdiyi sitəmlərə mərdliklə sinə gərib dözdün… Çünki sən də övladlarının bir gün mütləq qayıdacaqlarını, səndən əsla vaz keçməyəcəklərini yaxşı bilirdin, hətta bundan əmin idin. Canım Şuşam, bütöv Azərbaycan vətənimiz olsa da, insanın doğulub boya-başa çatdığı torpaq, yurd bir başqa əzizdir. Yurd sevgisi insanı daim ahənrüba kimi özünə çəkir. Yurdunu itirmək insanın canından can qopmasıdır. Yurd itkisi insanın qəlbində daim qövr edən sağalmaz yara açır. Tanrı bizi bir daha ayırmasın. Həm sən təkcə bizim deyil, bütöv Azərbaycanın, əlli milyonluq xalqımın döyünən ürəyi, hər kəsin göz bəbəyisən.

Bilirəm, övladlarınçün, Cıdır düzündə qız gəlinlərin şaqraq gülüşləri, gənc oğlan və qızların oğrun-oğrun bir-birinə baxıb özlərinə nişanlı seçmələri, igidlərin köhlən atlarla cıdıra çıxmaları, gözaltı etdikləri qızların könlünü qazanmaq üçün birincilik uğrunda yarışları, çövkən oyunları, Qarabağ bülbüllərinin xoş avazları – yanıqlı Qarabağ şikəstəsi üçün çox darıxmısan.

Canım Şuşam! Çox yaxında bütün övladlarına qovuşacaqsan. Yenə də Cıdır düzünü qız-gəlinlərin qəhqəhələri, musiqi sədaları başına götürəcək, cavanlar əl-ələ tutuşub yallı gedəcəklər. İsa bulağının başında sevinc-şadlıq məclisləri qurulacaq, Qarabağ şikəstəsi dağları-daşları dilə gətirəcək. Övladların bütün yaralarına məlhəm olacaqlar, abadlaşıb daha da gözəlləşəcəksən, yenidən yer üzünün cənnəti, bizim ana yurdumuz olacaqsan. Bu, çox yaxında olacaq, Şuşam, azacıq səbr et, tezliklə bütün övladlarını bağrına basacaqsan.

Bilirəm, ayrılıq çox uzun çəkdi, Şuşam – düz 28 il 6 ay. Gec gəldiyimiz üçün gözlərində giley də gördüm, Şuşam. Qurbanın olum, bunun üçün bizi qınama. Ah, Şuşam! Bir bilsən qarşımızdakı düşmən necə namərd düşməndir?! Bu namərd düşmənin özü kimi namərd açıq və gizli havadarları da var. Bizim qovuşmamağımız üçün onlar hər yola, hər fitnə-fəsada əl atdılar. Ancaq sənə qovuşmaq, səni düşmən tapdağından xilas edib, azadlığına qovuşdurmaq üçün igid oğulların mərdliklə, cəsarətlə vuruşdular, düşmənin nəfəsini kəsdilər. Neçə-neçə qəhrəman oğulların sənin azadlığınçün “uf” demədən canından-qanından keçdi – şəhid oldu. Neçə-neçə analarımızın övlad açısıyla bağrı yandı, ancaq sənə qovuşmaq, səni yağı düşmənin murdar ayaqlarının tapdağından qurtarmaq üçün analar oğullarını qurban verdilər.

Artıq əmin ol, Şuşam, əmin ol ki, bir daha torpağına yağı düşmənin murdar ayağı dəyməyəcək, onların murdar nəfəsi bir daha sənə toxunmayacaq. Çünki səni qoruyan müdrik, cəsur, böyük sərkərdən, müzəffər ordun, qəhrəman oğulların var. Artıq başın üzərini qara buludlar almayacaq, aydın səmanda daim Günəş parlayacaq, doğma övladlarının nəfəsi səni qızdıracaq.

Aç qollarını, canım Şuşam! Övladlarını bağrına bas, bərk-bərk sarıl onlara, bir daha da buraxma.

Nüşabə Səməndər

Daha çox xəbərlər