Siyasət 

Azərbaycan Ermənistan və onun havadarlarının yaratdığı mifləri dağıtdı

Azərbaycanın bu vaxta qədər diplomatik sahədə əldə etdiyi uğurlar, münaqişənin həlli ilə bağlı formalaşan hüquqi baza, tarixi həqiqətlər və real vəziyyətin dünya ictimaiyyətinin diqqətinə çatdırılması böyük qələbəmizi şərtləndirən əsas amillərdir. Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmiz Ermənistan və onun havadarlarının yaratdığı mifləri dağıtdı. Son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər nüfuzlu beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrlə münaqişənin həlli ilə bağlı müvafiq hüquqi baza yaradıldı. Mühüm ikitərəfli və çoxtərəfli sənədlərə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə dair  müddəaların daxil edilməsi bizim mövqeyimizi daha da gücləndirdi.

Eyni zamanda Prezident İlham Əliyevin ayrı-ayrı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində, beynəlxalq tədbirlərdə iştirakı zamanı Azərbaycanın mövqeyinin, tarixi və mövcud vəziyyət haqqında həqiqətləri çatdırması olduqca vacib idi. Bu illər ərzində məhz Azərbaycanın qətiyyəti sayəsində Ermənistanın və onun havadarlarının müxtəlif təşkilatlarda anti-Azərbaycan xarakterli sənədləri qəbul etdirmək cəhdlərinin qarşısı alındı. Buna nümunə kimi Qoşulmama Hərəkatına üzvlük və sədrlik, bu təşkilat çərçivəsində səmərəli fəaliyyət, 120 ölkənin birmənalı dəstəyi sayəsində BMT-də Ermənistanın və havadarlarının Azərbaycana qarşı növbəti təxribatının qarşısının alınmasını göstərmək olar. Eyni zamanda bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının beynəlxalq miqyasda təşkili, 10-dan artıq ölkənin Xocalı soyqırımını tanıması böyük qələbəyə gedən yolda mövqelərimizi daha da möhkəmləndirdi.

Hərbi əməliyyatlar dövründə Azərbaycan informasiya cəbhəsində də  qələbə qazandı. 44 günlük müharibə müddətində Prezident İlham Əliyevin dünyanın nüfuzlu media orqanlarına verdiyi müsahibələr erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı. Beləliklə, Azərbaycan öz  güclü iqtisadi potensialı, müstəqil siyasəti, güclü ordusu və Prezident İlham Əliyevin qətiyyəti hesabına bütün təzyiqləri dəf edərək, böyük dövlətlərin, nüfuzlu dairələrin və lobbi təşkilatlarının himayə etdiyi Ermənistanı məğlub etdi.

Daha çox xəbərlər