Sosial 

QƏLƏBƏ QURBANSIZ OLMAZ!

Şəhid Rahim Babayev – 50

 

Yaşasaydı 50 yaşı tamam olacaqdı bu il. Arzuladığı qələbənin qurbanı, mübarizə əzmi qəlbinə, ruhuna hakim kəsilən mücadiləçi 20 Yanvar şəhidimiz Rahim Babayev. Cəmi 19 yaş yaşadı. Elə 19 yaş yaşayacağı da uzaqgörənliklə ürəyinə damıbmış əzəldən. Görünür, taleyin hökmü beləymiş. Ancaq qismətinə düşmüş 19 illik ömür payını elə mənalı, elə şərəfli yaşadı ki… Gələcək nəsillərə örnək olası, cəsur, savaşçı, mübariz, igid, qəhrəman ömrü tək. Şəhidimizin sağlığında özünün dediyi kimi “İstəyirəm az yaşayım, ancaq bu ömrü mənalı yaşayım. Qəhrəman kimi yaddaşlarda qalım, heç vaxt unudulmayım. Heykəlim ucalsın, adıma dastanlar yazılsın. Bax, budur həyatda ən böyük arzum!”

O, xoşbəxt, müstəqil gələcək naminə azad və firavan həyat sahibi görmək istədiyi xalqının, millətinin qəlbində özünə elə bir heykəl ucaltdı ki, bu məğrur heykəli qəlblərdən heç bir qüvvə yıxa bilməz. O, şərəfli, qəhrəman adına elə bir dastan yazdırdı ki, bu mərdlik timsalı, qəhrəmanlıq dastanının heç zaman sonu bilinməz. Koroğlu, Babək, Qaçaq Nəbi, Mehdi Hüseynzadə kimi Azərbaycan qəhrəmanları onun idealı, Vahid bir Azərbaycan ideologiyası onun ən əlçatmaz arzusu, bu ideologiya ətrafında birləşmək isə onun ən ümdə, ən ali məqsədi idi. Kişi kimi yaşayıb, kişi kimi də ölmək, bir sözlə, bu dünyada ölümsüzlük adını qazanmaq! Bu müqəddəs amal idi onu Şəhidliyə sövq edən.

1990-cı ilin 20 Yanvar adlı qəhrəmanlıq dastanının qanla yazılacağını, müstəqilliyə gedən mübarizənin sonunun qurbanla nəticələnəcəyini, yolunu tutduğu qələbənin qurban tələb edəcəyini yaxşı bilirdi Rahim. Azadlıq, istiqlaliyyət oduna yanan qəlbiylə əmin idi ki, qələbənin qurban tələb etdiyi həmin şərəfli qəhrəmanlardan biri də özü olacaq. O qovğalı illərdə respublikamızı başdan-başa milli oyanış dalğası bürüyəndə Bakıda xalq hərəkatı vüsət almışdı. Şəhərin mərkəzi meydanında baş qaldırmış aramsız nümayişlərin qaynar şölələri daha da gur alovlanmaqda idi. Həmin ziddiyyətli günlərdə Rahimi təhsil aldığı Azərbaycan Neft-Kimya İnstitutundan başqa ancaq cəmiyyət arasında, kütlə içərisində, xalqın toplaşdığı, azadlığımızın ab-havası duyulan Azadlıq meydanında görmək olardı. Onun uzaqgörən, müdrikanə baxışları tribunaya dikilər, müstəqillik vəd edən nitq sədalarına diqqət kəsilərdi. Şahidi olduğu bütün bu ictimai-siyasi proseslər şanlı mücadilə yollarında onun həssas ruhunu dirçəldər, mübarizə əzmini möhkəmləndirərdi. Milli azadlıq hərəkatına qoşulduğu ilk anlardan bütün ictimai işlərdə fəallığından geri qalmaz, bu şərəfli yolda əlindən gələni əsirgəməzdi. Yaşının az olmasına baxmayaraq, onun parlaq zəkası, ibrətamiz fikirləri zamanı üstələyirdi. Ağlı, kamalı, fitri istedadı sayəsində hər kəsin rəğbətini qazanan, hər kəsin qəlbinə yol tapanlardan idi Rahim. Qəlbinin səsi ona yalnız və yalnız parlaq qələbə vəd edirdi. Çünki uğrunda canını qurban dediyi qələbə günəşinin bir gün Vətən səmasında parlayacağına, haqq, ədalətin zəfər çalacağına qəti əmin idi.

Əziz Rahimimiz! Bir gecədə taleyinə yazılmış müqəddəs Şəhidlik amalın bənövşə ətirli təravətli gəncliyinə, namərd gülləsiylə susdurulmuş təbinə, yarıda qalmış qönçə arzularına, nakam məhəbbətinə üstün gəldi. O müdhiş gecədə ürəyinin yarısı doğma yurdda – Ordubadda ola-ola Bakımızın bağrından axan qanlara dözmədin. Yüzlərlə Vətən övladı kimi sən də öz etiraz səsini ucaltmaq üçün gecənin bir vədəsində evdən ayrılıb meydana yollandın. Məsləkin, məramın arzusunda olduğun Şəhidlik adlı zirvəyə doğru yol aldı. Bəli, sən Tanrı dərgahında nicat tapmaqla, mübarək ada layiq görülüb ən “üstünlər”dən oldun. Lakin sənin Şəhidlik yolun da hamar olmadı. Qanlı imperiyanın mənfur əli ilə çəkdirdiyi min bir iztirablara, əzab, əziyyətlərə düçar oldun. Bu mübarək yolda Haqqa qovuşanadək, ən ali məqama yüksələnədək Vətən qarşısında ağır imtahandan, bir böyük şanlı mücadilədən keçdin. Çeynənmiş azadlığımız uğrunda gedən mübarizədə bu yurdun, bu torpağın 1990-cı ilin qanlı 20 Yanvar gecəsinin “Haqq bağıran səsi” oldun, ey mücadiləçi Şəhidimiz! Alnıaçıq, başıuca, müdrik simalı Vətən övladı!

İllər bir-birini üstələsə də, bağrımızın başında dərin kök salmış 1990-cı ilin qanlı yanvar yarası heç zaman sağalmayacaqdır. Bu məlum yanvar həqiqətlərinin müəyyən qisminin üstünə pərdə salınsa da, tarix təhrifi sevmir, unutqanlığı isə əsla bağışlamır. Belə ki, qanlı tarixin vaxtilə pərdə arxasında gizlənmiş müəyyən acı həqiqətləri bu gün aşkara çıxaraq dil açmağa başlayır.

Rahimin tələbə yoldaşı Bahəddinin xatırladığına görə, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Salyan kazarmasına yollanan hər iki dost hasarı adlayıb keçmək istəyərkən cəmi 5 dəqiqə vaxtları var imiş. Həmin məhdud dəqiqələrdə xəstəxanalara yaralı daşıyan 123 nömrəli avtobusun sürücüsü Rüstəm Əliyev hasarın bağlandığını görərkən əliyalın olmasına baxmayaraq, əsgərlərə müqavimət göstərməyə çalışır ki, 5 dəqiqə müddətində camaat hasardan küçəyə tullana bilsin. Odur ki, igid Rüstəm idarə etdiyi avtobusuyla irəli, tankların üzərinə şütüyür. Tankın avtobusu atəşə tutduğu dəqiqələrdə yağıların əlinə keçməmək üçün Rahimə hasarı aşmasını təklif edən Bahəddinə “Səni buraya bu gecə vaxtı yataqxanadan mən özüm çağırıb gətirmişəm. Əgər sənin başına bir iş gələrsə, mən onda həyatım boyu özümü bağışlaya bilmərəm”, – deyərkən tələbə yoldaşının həyatını xilas etmək naminə bu yolda öz canını fəda etməkdən çəkinməmişdir vəfalı, sadiq dost. Belə ki, Rahim şərəfli ölümün üzünə dik baxaraq, 3 məsləkdaşı ilə birgə həmin qanlı gecədə sovet ordusu cəlladlarının 4 günlük əsirinə çevrilir.

1990-cı illərin mətbuat səhifələrindən verilən məlumatlara əsasən Salyan kazarmasının yanındakı binada yaşayan Bakı sakinlərindən birinin şahid qismində yaddaş saxlancından bir tarixi faktı nəzərə çatdırmaq istəyirəm: “Həmin dəhşətli gecədən sonra hər gün oradan, ələlxüsus gecələr saat 2 radələrində “Yaşasın azad Azərbaycan!”, “Qarabağ bizimdir!” şüarları eşidilirdi. Bu hadisə yanvarın 24-nə kimi davam etdi. Yanvarın 24-də yenə həmin hadisə təkrar olundu və atəş səslərindən sonra kazarmadan bir daha şüarlar eşidilmədi.” Bəs gözlərini türk qanı tutmuş mənfur imperiya cəlladlarının göstərdiyi ağlasığmaz təzyiq, işgəncə altında həmin şüarları yağdıraraq milli kimliyini, öz haqqını, hüququnu, torpağının ərazi bütövlüyünü tələb edən vətəndaş kim idi? Təbii ki, qəlbi azadlıq eşqiylə kükrəyən, Vətən üçün bu yolda qurban getməyi özünə oğul borcu bilən igid tələbə Rahim Babayev idi.

Ey Vətən oğlu! “Haqq yolunda doğru sözə zaval yoxdur” şüurlu təfəkkürünə sığınaraq, həqiqəti sillə kimi nifrətlə imperiya cəlladlarının üzünə çırpdın. Nə yazıq ki, sənin haqq səsini alnına tuşlanan bircə odlu güllə ilə susdurdular. Ancaq sənin duyğuların susmadı, yaşadı… bu gün də yaşayır və yaşayacaq! İgid Rahimimiz! Vətəni təkcə top-tüfənglə, silah-sursatla qorumurlar. Sən bağrında dərin, sağalmaz yaralar açılan qan qoxulu bir gecənin ürəyində böyük Vətən sevgisi gəzdirən silahsız əsgərinə çevrildin. Necə ki, özünün dediyin kimi:

Azəri oğluyam, xalqıma əsgər,
Döyüşə hazıram, yüz illər keçsə.

Tarix boyu düşmən qarşısında yenilməyən, alınmaz, məğrur qalaya çevrilmiş əzəmətli Naxçıvan torpağı o qanlı gecədə də azadlıq uğrunda mübarizəyə qoşularkən öz asayişini bərpa etməyə can atdı. Bu qədim, ulu diyar qoynunda ilk qurbanlarını verən zaman Ordubadın qaranquş Şəhidi sən oldun. Qanın o məsum Şəhid qanlarına qarışdı! Müqəddəslər sırasına qoşuldun. Sən də bu torpağın, bu yurdun, bu elin daim fəxarət hissi ilə xatırlanacaq qəhrəman övladları sırasında qərar tutdun. Vətənə candan bağlanmış azadlıq aşiqi kimi mübariz eşqinin ilk və son ünvanı Vətən, Vətən, yenə də Vətən oldu! Qeyrətinə, dəyanətinə, şərafətinə əhsən, əhsən, min əhsən, Vətən oğlu!

“Avazı “Odlar Yurdu”nun ürəyi Qarabağ olan durna qatarındayam. Məni bu yoldan heç nə, heç kim döndərə bilməz!” deyirdin, Rahim! Bu gün sənin müdrik məramının, sonsuz diləyinin gerçəkləşdiyi və nigaran ruhunun şad olduğu gündür, Şəhidim! Çünki 30 ilə yaxın bir müddətdə yadelli işğalçılar əlində əsir olan cənnətməkan Qarabağımızın hər qarış torpağı yağı tapdağından təmizlənərək, azadlığına qovuşur. Səbri tükənən xalqımızın milli ruhu dirçəlir, ağrılı yurd həsrəti sona yetir. Müzəffər Azərbaycan Ordusu öz hərbi mübarizə əzmini və mətin gücünü bütün dünyaya sübut etdirərək bu gün şanlı tarix yazır. Azərbaycanın dəmir yumruğu mənfur düşməni qarşısında diz çökdürməklə möhtəşəm tarixi qələbəyə imza atır. Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu və məqsədyönlü siyasəti nəticəsində Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada, Ağdamda, Kəlbəcərdə igid, qəhrəman Azərbaycan oğullarının mübarək əlləriylə sancdığı üçrəngli bayrağımız dalğalanır. Doğma yurd yerlərimizdə ocağımız isinməyə, çırağımız yanmağa başlayır. Ruhun duysun bu xoş müjdəni, Şəhidim! Nə xoş ki, doğma Laçınımızın Vətənə qaytarılması dekabrın 1-nə, sənin anadan olduğun günə təsadüf edir. Necə də qürurverici bir hiss! İndi asayişi bərpa edilən o mübarək yurd yerlərimizi sənin gözlərinlə seyrə dalacağıq, Şəhidim! Bəli, biz bu gün parlaq qələbəmizi Şəhidlərimizin qanı, canı bahasına qazanmışıq. Çünki vaxtilə özünün vurğuladığın kimi, “Qələbə qurbansız olmaz! Həqiqətən də itirilmiş torpaq qanla geri alınar. Çalınan zəfər, qazanılan qələbə isə qurbansız, Şəhidsiz olmaz! İndi məzarında rahat uyu, Şəhidim Rahim! Çünki Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

Qələbənin qurban tələb etdiyi şanlı və şərəfli gecədə də “Qələbə qurbansız olmaz” nidasıyla çıxdın Şəhadət yoluna. Əbədi yolçuluğunun son ünvanı sayılan nurlu Şəhadətinin 30-cu, dünyaya gəlişininsə 50-ci ili mübarək olsun, qəhrəman Rahimimiz!

 

Sevinc Ədalətqızı,

yazıçı, tədqiqatçı, publisist, “Qızıl Qələm” Media Mükafatı laureatı

Daha çox xəbərlər