Region Xəbərləri Təhsil Millətin Gələcəyidir 

Bərdə məktəbliləri bilik yarışı və mini-futbol turnirində qüvvələrini sınayıblar

Bərdə məktəbliləri Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümü münasibətilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu və mini-futbol turnirində qüvvələrini sınayıblar.

ARANTV.AZ xəbər verir ki, YAP Bərdə rayon təşkilatının gənclər idman idarəsi və təhsil şöbəsi ilə birlikdə keçirdiyi yarışlarda rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. YAP Bərdə rayon təşkilatının məsul işçisi Fuad Ağayev, gənclər və idman idarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov, təhsil şöbəsinin metodistləri Vüsal Quliyev və Anar Rəsulov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi şərəfli yoldan, ölkəmizdə gənclərin hərtərəfli inkişafına, təhsilə və idmana göstərilən diqqət və qayğıdan, gənc nəslin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən danışıblar.

Çıxışlardan sonra yarış başlanıb. Gərgin mübarizə şəraitində keçən yarışda daha yüksək intellektual oyun nümayiş etdirən şəhər 7 nömrəli tam orta məktəbin komandası birinci, 3 nömrəli tam orta məktəbin komandası ikinci, 8 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri tutub. Mini-futbol turnirində isə Muğanlı kənd, şəhər 4 və 8 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.

Qalib komandalar Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 26-cı ildönümü münasibətilə keçiriləcək tədbirdə müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

azərtac

Daha çox xəbərlər