Rusiyalı jurnalistlə Ermənistan səfirliyi arasında gərgin mükalimə davam edir
ARANTV.AZ xəbər verir ki, “Paşinyan siyasət sahəsində seçim edə bilmədiyi kimi, cinsi azlıqlara münasibətdə də mövqeyini müəyyən edə bilməyib”. Məşhur rusiyalı jurnalist, “Qovorit Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko belə bir bəyanatla çıxış edib. Jurnalistin bu fikri Ermənistanın Rusiyadakı səfirliyini hiddətləndirib. Süjeti izləyək.
“Qovorit Moskva” radioverilişində tanınmış jurnalist Sergey Dorenkonun həmsöhbəti Anastasiya Onoşko olub. Anastasiya Onoşkonun “necə ola bilər ki homoseksualizm doğuşların sayına bu qədər təsir etsin? Mən bu əlaqəni başa düşə bilmirəm” sualına Sergey Dorenko “bəli, təsir edir, çünki homoseksualizm ailənin özəyini sarsıdır. O, ailəni dağıdır. Bildiyim qədəri, hazırda Ermənistanda homoseksuallıqla bağlı qalmaqal davam edir” deyə cavab verib. Anastasiya Onoşko bunun qalmaqal deyil parad olduğunu bildirsə də, Dorenko bunun qalmaqallı parad olduğunu, dekabrın 9-da Ermənistanda seçkilər keçiriləcəyini və seçkidə iştirak edəcək Paşinyanın homoseksualizmi anlaşılmaz şəkildə şərh etdiyini deyib.
Sergey Dorenko bildirib ki, bir siyasətçi kimi Paşinyanın kofe verən oğlanla bağlı fikirləri son nəticədə mütləq şəkildə onun üzünə çırpılacaq. Əgər Paşinyan siyasətçidirsə, bunu başa düşməlidir, siyasətçi mövqe nümayiş etdirməlidir. Məqsədli şəkildə qarışıqlığa yol açmamalıdır. Paşinyan Ermənistan parlamentində çıxışı edir və sual qoyur. “Neyləyək, onları tankla əzək?” Yəni o, cinsi azlıqlara simpatiyası olduğuna eyham vurur. Dorenko Paşinyandan sitat gətirir.
Anastasiya Onoşkonun Paşinyanın seçkilərdə uğursuzluğa düçar olacağını proqnozlaşdırırsınız sualına da Sergey Dorenko özünəməxsus formada cavab verib. Dorenko bildirib ki, Paşinyan özü seçkilərə gedib. O, vəziyyəti seçkilərdə daha çox uğur əldə etmək üçün gərginləşdirib. Siyasətçi insanlar və parlamentə “nə edək? necə düşünürsünüz gey olaq və ya yox? ay parlament gey olaq?”- kimi sualları vermək üçün gəlmir. Belə olmaz. O halda sən siyasətçi deyilsən. Sən ya gəlib deməlisən: ”Bəli, siz hamınız geysiniz”. Və ya əksinə. Mövqe tut. Mən bu cür siyasəti anlamıram.
Bu radioverilişdən sonra “Qovorit Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko ilə Ermənistanın Rusiyadakı səfirliyi arasında gərgin mükalimə davam edir. Ermənistan səfirliyi bu verilişə sərt mövqe nümayiş etdirib. Ermənistanın səfirliyi jurnalisti ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyan haqqında “heç bir əxlaq çərçivəsinə sığmayan” ifadələr işlətməkdə ittiham edib və Sergey Dorenkonun “Paşinyan siyasət sahəsində seçim edə bilmədiyi kimi, cinsi azlıqlara münasibətdə də mövqeyini müəyyən edə bilməyib” sözlərini bütün erməni xalqına qarşı təhqir kimi qiymətləndirib. Səfirlik, həmçinin jurnalistin Paşinyanı cinsi azlıqların İrəvanda keçirilən forumuna müsbət yanaşmaqda ittiham etməsini də “erməni liderin imicinə vurulan ciddi zərbə” kimi dəyərləndirib. Sergey Dorenko səfirliyin bəyanatına cavabında bildirib ki, onun erməni xalqını təhqir etmək niyyəti olmayıb və söz azadlığı çərçivəsində Nikol Paşinyan haqqında düşüncələrini dilə gətirib.

