Region Xəbərləri 

Jurnalistlər “ABAD” Şəki keramika və tətbiqi sənət mərkəzində

ARANTV.AZ xəbər verir ki, “ABAD” Şəki keramika və tətbiqi sənət mərkəzinə media-tur təşkil edilib. Müxtəlif televiziya və mətbu orqanların əməkdaşları Qafqazda ilk olan layihənin perspektivləri ilə tanış olublar.

Vaxtilə Şəkidə istehsal olunan keramika məhsullarının şöhrəti dünyaya yayılıb. Yerli sənətkarların əl işləri alınıb Vyanaya, Parisə aparılırdı. Prezident İlham Əliyevin oktyabrın 29-da açılışını etdiyi bu məkan da həmin ənənəni bərpa etmək məqsədi ilə yaradılıb.

“ABAD” Şəki Keramika və tətbiqi sənət mərkəzində  27 sənət növü üzrə 100-dək sənətkar fəaliyyət göstərir.

Mərkəzin yaradılması həm də Şəkidə turizmin inkişafı ilə bağlı həyata keçirilən növbəti uğurlu layihə hesab edilir. Media-turun iştirakçılarının diqqətinə çatdırıldı ki, bura qədim şəhərin qonaqlarının da diqqətindədir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğun ərazisindəki tarixi-memarlıq abidələrini, o cümlədən Şəki xanlarının sarayını ziyarət edən turistlər Keramika və Tətbiqi Sənət Mərkəzinə də baş çəkərək, şəkili sənətkarların yaradıcılığı ilə əyani tanış olmaq imkanı qazanırlar.

Ölkəmizdə vaxtı ilə mövcud olan 100-dək gil növlərinin indiyədək 80-90 faizindən istifadə edilir. Onlardan da bir çox Şəki regionunun payına düşür. Bu baxımdan Qafqazdakı ilk keramika mərkəzi burada yaradılıb. Bu məkan həm də UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilən Şəkidə yeni nəsil sənətkarların yetişməsinə imkan verəcək. Mərkəzdə onlar üçün hər bir şərait yaradılıb. Hətta gələcəkdə burada tanınmış əcnəbi ustaların iştirakı ilə beynəlxalq tədbirlər, həmçinin müasir avadanlıqlardan istifadə etməklə təlimlərin təşkili  nəzərdə tutulur.

Daha çox xəbərlər