Sosial 

Bu qədər məsuliyyətsizlik olarmı?

Son günlər ölkəmizdə koronavirus epidemiyasının getdikcə artan dinamika ilə  yayılması barədə məlumatlar əhalini narahat edir. Buna əsas var. Belə ki, hətta qeydə alınmış elə koronavirus daşıyıcıları var ki, onlar nəinki karantin qaydalarını pozur, bununla bərabər, küçələrə və ictimai yerlərə tibbi qoruyucu maskasız çıxırlar. Bu isə isə təbii ki, infeksiyaya yoluxma təhlükəsini artırır.

Bu barədə  Daxili İşlər  Nazirliyinin rəsmi məlumatlarında da  bildirilir. Belə ki, COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib. İş o yerə çatıb ki, karantin qaydalarına əməl edilməsinə polis nəzarəti daha da gücləndirilib. Keçirilən reydlər zamanı  Bakının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində sosial təcrid, özünütəcrid tədbirlərinə əməl etməyən, 25 yaşlı aktiv koronavirus xəstəsi Elvin İbrahimov müəyyən olunaraq saxlanılıb.

Tibbi qaydalar gözlənilməklə E.İbrahimov ictimai yerdə müəyyən edilərək yaşadığı evə qaytarılmaqla müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Onun barəsində toplanan materiallar Nərimanov RPİ-nin istintaq şöbəsinə göndərilib. E.İbrahimov barədə istintaq araşdırmaları davam etdirilir.

Onu da qeyd etməliyik ki, bu kimi məlumat və faktlar çoxdur. Koronavirus xəstələrinin bu cür “gəzintiləri” haqqında məlumatlar artıq ölkəmizin bölgələrindən də gəlməkdədir. Nümayiş etdirilən telesüjetlərdən görünür ki, bəzi soydaşlarımız mağazada, avtobusda və küçələrdə maskasız hərəkət edir, sosial məsafə gözləmirlər. Bu cür şəxsləri saxlayıb yoxlayanda məlum olur ki, çoxu qeydiyyata alınmış koronavirus xəstələridir. Bunlarla bərabər, hər gün paytaxt küçələrində də tibbi qoruycu maskalarsız gəzən soydaşlarımıza rast gəlirik. Dərhal düşünürük ki, bu qədər məsuliyyətsizlik olarmı? Özünü qorumadığı bəs deyil, başqaları üçün risq yaradan belələrinin hərəkəti təəccüb doğurur. Belələri yanından keçənlərin narazı atmacalarına da əhəmiyyət vermirlər. Polis yaxalayıb müvafiq qaydalara uyğun olaraq cərimə ödətdirmək istəyəndə isə dil töküb cərimədən yaxa qurtarmağa çalışırlar.

DİN əməkdaşlarının reydləri, ciddi nəzarəti və rəsmiyyət öz yerində, ancaq virusa yoluxmuş və qeydə alınmış şəhər sakinlərinin bilərəkdən ictimai yerlərə getməsinə nə ad vermək olar? Həmişə elliklə gələn bəlaları elliklə birləşib aradan qaldırmışıq. Gəlin indi də öz birlik və həmrəyliyimizi nümayiş etdirək, mübarizəmizi birləşdirək və koronavirus bəlasını da aradan qaldıraq.

Vəli İlyasov, “İki sahil”

Daha çox xəbərlər