Siyasət 

Bu gün Azərbaycan və Türkiyə həmrəylik nümunəsi göstərirlər

Bu birlik qardaş Türkiyə Prezidentinin  şanlı Zəfərimizin təqdimatı olan   Qələbə paradında iştirak etmək üçün ölkəmizə səfərində də öz aydın ifadəsini tapır

Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə 30-a yaxın xarici mətbuata müsahibələrində, xüsusilə  Türkiyənin «TRT Haber» televiziya kanalına  müsahibəsində bir daha bildirmişdir ki, Türkiyə Prezidentinin qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu – kənarda durun, qarışmayın, Azərbaycan tək deyil,  Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! 

Türkiyə-Azərbaycan birliyi, həmrəyliyi hər zaman dünyaya nümunə göstərilib. İstər ikitərəfli əlaqələrin inkişafında, istərsə də çoxtərəfli müstəvidə iki dost, qardaş ölkələrin birliyi göz önündədir. Azərbaycanın yerləşdiyi coğrafi məkan  geosiyasi, iqtisadi və strateji  baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyətli rol oynayır. Yəni, ölkəmizlə əməkdaşlıqda, səylərin birləşdirilməsində, təcrübə mübadiləsində maraqlı olan dövlətlərin, şirkətlərin sayı artmaqda, Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin qovşağında yerləşən ölkə olaraq mövqeyini möhkəmləndirməkdədir. Gerçəkləşən layihələr, atılan addımlar, eyni zamanda,  Azərbaycanın tranzit ölkə kimi də möhkəmlənən mövqeyinə  işıq salır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan-Gürcüstan- Türkiyə birliyinin, həmrəyliyinin təcəssümü kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında söylədiyi  “Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr – Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər” fikri birgə səylərin qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaratmasının əyani təzahürüdür. Daim əhəmiyyəti enerji layihələri ilə eyni şəkildə dəyərləndirilən  Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən etibarlı yol kimi qeyd edilir.

Dövlətimizin başçısı  İlham Əliyevin qeyd etdiyi kimi, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin uğurlu icrası, yeni-yeni layihələrin gündəmə gətirilməsi Azərbaycanın regional əməkdaşlığın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuzuna aydınlıq gətirir və bu inam  ifadə olunur ki, icrası başa çatan və çatmaqda olan, həmçinin qarşıya qoyulan hədəflərə nail olmaq  üçün  gündəmə gətirilən layihələr Azərbaycanın rolunu daha da artıracaq.

Regionda sülhün, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyinin, iki dövlətin siyasi iradəsinin və qətiyyətinin sayəsində reallaşan layihələr göz önündədir. Azərbaycan və Türkiyəni  eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarına bənzədən  Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirmişdir ki, həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı. “Star” neft emalı zavodunun  Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biri olduğunu vurğulayan  Fatih Dönməz həyata keçirilən layihələrin Azərbaycanın və Türkiyənin bölgədəki gücünü daha da artıracağına əminliyini ifadə etmişdir.

“Enerjinin İpək Yolu” kimi dəyərləndirilən TANAP  zamanın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Türkiyəyə,  oradan da Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin yaranmasına  töhfə verəcək. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır.

Reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Türkiyə rəsmiləri də bu məqamı  qeyd edirlər ki, qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin real mənzərəsində aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur.

2020-ci il üçün Türkiyə-Azərbaycan birliyi, həmrəyliyi 30 il həllini gözləyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində özünü bir daha dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı «Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib» bəyanatı ilə işğalçı Ermənistana və onun havadarlarına nəyi dərk etməli olduqlarını çatdırdı.  «Rossiya-1»  telekanalının «60 dəqiqə» proqramında Azərbaycan-Ermənistan təmas xəttində  baş verən hadisələrə həsr olunan verilişi xatırlatmaq istərdik. Ermənistanın baş nazirinin  tarixi həqiqətlərin inkar edilməsi  ilə  yanaşı,  tərbiyəsizcəsinə  bu hücumları Azərbaycan tərəfinin başladığını, həmçinin qardaş Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsini bildirməsi dövlətimizin başçısı İlham Əliyevin sərt münasibəti ilə cavablandırılmışdı. Bu  barədə erməni tərəfinin  yaydığı bütün  şaiyələrin təxribat xarakteri daşıdığını, indiki dildə desək, feyk-nyus olduğunu qeyd edən cənab İlham Əliyev bildirmişdir ki, məqsəd   üçüncü dövlətin məsələyə cəlb olunması barədə fikir yaradıb öz çirkin niyyətlərini həyata keçirməkdir.

Dövlətimizin başçısı İlham Əliyev bu yalanlara cavab olaraq bildirdi ki,  Azərbaycan Ordusu kifayət qədər güclü,  təchiz edilmiş ordudur. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə qətiyyətli mövqeyinə, qardaşlıq münasibətinə görə dərin təşəkkürünü bildirən cənab İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki,  əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır: «Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər… İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.»

Hər zaman bildirdiyimiz kimi, dost, qardaş Türkiyənin dəstəyi nəinki dövlət başçısı səviyyəsində, eyni zamanda. sıravi vətəndaşlar tərəfindən də yüksək dəyərləndirilir.  Ölkə Prezidenti İlham Əliyev «TRT Haber» televiziya kanalına  müsahibəsində bir daha bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin qədim tarixi köklərə malik olduğunu, bu birliyin, həmrəyliyin illər keçdikcə daha da möhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdırmışdı. Keçilən yola baxış əsasında  dövlətimizin başçısı İlham Əliyev bu fikri böyük qürur hissi ilə qeyd etmişdi ki,  Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək deyil:  «Odur ki, biz – bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq. Eyni zamanda, bu döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibəti çox önəmlidir. Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır.»

Hər zaman olduğu kimi, bu gün də Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi qürurvericidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Cənab İlham Əliyevin fikirlərinə istinad etsək, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi: «Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu – kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!»

Yazının əvvəlində də qeyd etdiyimiz kimi,  Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir. İki qardaş ölkənin   birgə səyləri, qarşılıqlı faydalı əməkdaşlığı nəticəsində gerçəkləşdirilən irimiqyaslı layihələr strateji tərəfdaşlığı səciyyələndirən mühüm məqamlardır.   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının işgaldan azad olunmasının 100 illiyinə həsr olunan paradda səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik.  “Biz bu gün yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik: “Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik.”

İqtisadi güc hər bir ölkənin davamlı inkişafında, siyasi mövqeyinin möhkəmlənməsində əsas amillərdən biridir. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Türkiyə ilə Azərbaycanın siyasi iradəsi və qətiyyəti sayəsində reallaşdırılan layihələr bu gün nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına geniş imkanlar açır. Hər bir layihə əməkdaşlıq əlaqələrinin dünəninə və bu gününə bir daha işıq salır, gələcək perspektivlərin müəyyənləşdirilməsində bir növ katalizator rolunu oynayır. Ölkə Prezidenti İlham Əliyev iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olduğunu önə çəkərək bildirir ki, bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Birgə gerçəkləşdirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir. Bu inam da ifadə edilir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək.

Türkiyənin son illərdə böyük və şərəfli yol keçdiyini qeyd edən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da xüsusi qeyd edir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib: “Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfərimizin, Azərbaycan Ordusunun 44 gündə yazdığı tarixin dünyaya təqdimatı kimi dəyərləndirilən Qələbə paradında iştirak etmək üçün Azərbaycan səfəri də “Bir millət, iki dövlət” tezisinin tərkib hissəsi, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın Qələbəsi ilə başa çatmasının sevincidir. Bu birlik, həmrəylik dünyaya, eyni zamanda, haqq-ədalət mesajını ünvanlayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərinə istinad etsək,  Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz.

Yeganə Əliyeva, “İki sahil”

Daha çox xəbərlər