Siyasət 

German Zaxaryayev: Azərbaycan, sənə sülh və tərəqqi arzulayıram!

Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGI) prezidenti German Zaxaryayev Azərbaycanı Zəfər paradı münasibətilə təbrik edib.

ARANTV.AZ  AZƏRTAC-a istinadla xəbər verir ki, G. Zaxaryayev özünün sosial şəbəkədəki səhifəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yekunlaşan silahlı münaqişənin başa çatmasından artıq bir ay keçdiyini xatırladıb.

O vurğulayıb: “Bu hadisə şərəfinə dünən Bakıda Zəfər paradı keçirilib. Qüdrətli, müasir və yaxşı silahlanmış Azərbaycan Ordusu bütün dünyaya nümayiş etdirdi ki, ölkənin sərhədləri etibarlı şəkildə qorunur, respublika vətəndaşlarının başı üzərindəki açıq səmanı pozmağa heç nə qadir deyil. Paradda Azərbaycanın ən müasir texnikaya, o cümlədən İsrail istehsalı olan texnikaya sahib olduğunu görmək mümkün idi”.

Həmyerlimizin fikrincə, Azərbaycanın qüdrətli hərbi-sənaye potensialı bundan sonra əsas səyləri sakit şəkildə mülki quruculuq, müharibə nəticəsində dağıdılmış infrastrukturun bərpası, əhalinin həyat səviyyəsinin yüksəldilməsi məsələləri üzərində cəmləşdirməyə imkan verəcək.

G.Zaxaryayev deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərmanı dinc həyata tam və qəti keçidin simvolu kimi xidmət edir. Əminəm ki, bundan sonra Cənubi Qafqazda qan tökülməsinə birdəfəlik son qoyulub. Azərbaycan, sənə sülh və tərəqqi arzulayıram! Hamıya sakit şabat diləyirəm!”

Daha çox xəbərlər