Siyasət 

Rəcəb Tayyib Ərdoğan: Atılacaq daha çox imzalar var

İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi, bu Qələbəyə həsr olunmuş Zəfər paradında dost, qardaş ölkənin Prezidentinin iştirakı, səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının  yeni salnaməsini yazdı

“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Ölkə  Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı  çıxışında onu da  bildirmişdir ki, hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, Qarabağ Azərbaycandır! Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!

44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsi, Ermənistanın məğlubiyyəti, bu Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsi, işğaldan azad edilmiş torpaqlarımızda qaldırılan üçrəngli bayrağımızın Azadlıq meydanına gətirilməsi dövlətimizin başçısının iki il  bundan öncə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli paradda söylədiyi fikirlərin reallıqda əksini tapması oldu.

Müharibə şəraitində yaşayan ölkə üçün  hərbi qüdrətimizin möhkəmləndirilməsi əsasdır. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü ordunun olması ilkin şərtdir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan, Günnüt əməliyyatları,  bu il  iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata, ən əsası  27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində   rəşadətli Azərbaycan Ordusunun cavabı, gücü, qüdrəti  deyilənlərin təsdiqidir.

Bu məqamı da xüsusi qeyd etməliyik ki,   Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının, həmçinin Bakının işğaldan azad olunmasının  100 illiyinə həsr olunan hərbi paradlar, dünyaya səs salan, Azərbaycanın Qələbəsinin dünyaya təqdimatı olan 10 dekabr Zəfər paradı  ordumuzun gücü, qüdrəti ilə yanaşı, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığının təqdimatı oldu.  Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilən paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bildirmişdi ki,  Azərbaycanın sevinci, bizim sevincimiz, qüruru bizim qürurumuz, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik.  Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların Türkiyədən  sərhədləri açmağı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi  aydındır: «Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir.»

Atdığı addımları ilə hər zaman Azərbaycanın yanında olduğunu təsdiqləyən Türkiyə ilə ölkəmiz arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir.

Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilirək  vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən  layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ  neft-qaz layihələrinin ardınca BTQ  dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq  coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin, onun əsas seqmentlərindən olan TANAP-ın,  “Star” neft emalı zavodunun işə düşməsi və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı növbəti layihələrin müjdəçisi kimi qiymətləndirmişdir.

Reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Türkiyə rəsmiləri də bu məqamı  qeyd edirlər ki, qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin  mənzərəsində aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə göstərir.

Azərbaycanla Türkiyə arasında əlaqələr  digər sahələrdə olduğu kimi, hərbi sahədə də  yüksək səviyyədədir. Azərbaycan  və Türkiyə hərbçilərinin ənənəvi olaraq keçirilən hərbi təlimləri  deyilənlərin təsdiqidir. Ötən il Naxçıvanda Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin «Sarsılmaz qardaşlıq-2019» adlı birgə döyüş atışlı taktiki təlimləri bir daha bu birliyə, həmrəyliyə işıq saldı. Türkiyənin Milli Müdafiə naziri Hülusi Akarla Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun Naxçıvanda keçirdikləri görüşdə bildirmişdilər ki,  hər iki ölkə arasındakı hərbi əməkdaşlıq dostluq, qardaşlıq münasibətləri əsasında möhkəmlənir. «Sarsılmaz qardaşlıq-2019» bütün dünyaya nümayiş etdirdi ki, Silahlı Qüvvələrimiz hər bir vəzifəni təkcə və birgə icra etməyə hazırdır və qadirdir. Eyni fikirlər  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə bu ilin  iyulun 29-dan avqustun 10-dək keçirilən birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri haqqında da söylənildi.  Bu təlimlər qardaş ölkənin KİV-lərində  daha çox müzakirə olunmaqla, Azərbaycan-Türkiyə dostluğunun, birliyinin  bariz nümunəsi kimi qeyd edildi. «Bir millət, iki dövlət» kimi dəyərləndirilən  Azərbaycanla  Türkiyə arasında əlaqələrin inkişafının göstəricisi kimi şərh edilən bu təlimlər, həmçinin  iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət etdi, regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verdi.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı Azərbaycan Ordusunun qətiyyəti, dövlətimizin mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən böyük dəstək qazandı. Dövlətimizin başçısı İlham Əliyev  diqqəti  beynəlxalq təşkilatların məlum təxribata reaksiyasına yönəldərək bildirmişdir ki, ilk növbədə, qardaş Türkiyəyə və onun Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirirəm. Biz  Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər.  Prezident tərəfindən çox önəmli açıqlama verildi: «Ondan əvvəl Müdafiə naziri, Xarici İşlər naziri, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu yaşanan vəziyyət bir daha onu göstərir. Ona görə bir daha qardaş Türkiyə xalqına, onun Prezidentinə Azərbaycan xalqı adından və öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm.» Türkiyə Prezidenti hər zaman bu fikri bildirirdi ki, Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və Vətənlərini müdafiə etmək səylərini də eyni anlayışla dəstəkləyirik. Özümüz və dostlarımız üçün necə lazımdırsa mübarizə aparacağıq.

Bütün beynəlxalq təşkilatlarda   vahid mövqedən çıxış edən, hər bir məsələyə yanaşmada ədaləti ortaya qoyan Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının birgə fəaliyyəti də diplomatik uğurlarımıza davamlı töhfələr verir. İstər 12 iyul hadisələri, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsi zamanı  Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində ermənilərin iç üzləri bir daha dünya ictimaiyyətinə açıqlandı.

Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu inamı ifadə edirdi  ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb variantını seçəcəyi təqdirdə də qələbəsi şəksizdir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. İşğalçı dövlət heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil.   Ermənistan xarici iyanələrdən asılı olan ölkədir. İşğalçı dövlətin büdcəsinin 70-80 faizi erməni lobbisinin ayırdığı vəsaitlər hesabına formalaşır. Belə bir vəziyyətdə olan dövlətin güclü iqtisadiyyatdan və ordudan danışması mümkünsüzdür.  Xalqımız əmin idi  ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli  həllini tapacaq, hər sahədə davamlı uğurları ilə  seçilən, inkişaf strategiyası nümunə göstərilən Azərbaycan daha da qüdrətlənəcək, inkişaf edəcək.  Ən yüksək tribunalardan səsləndirilən “Bir qarış torpağımız belə düşmənə verilməyəcək”, “Azərbaycan xalqının səbri tükənməz deyil” kimi bəyanatlar  işğalçı Ermənistana və ona dəstək olan dövlətlərə ciddi mesaj kimi ünvanlanırdı.

Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artiq yoxdur. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim  hücum əmrini gözləyən Azərbaycan Ordusu göstərdiyi şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan tarixi Zəfəri ilə 2020-ci ilin heç zaman unudulmayacaq tarixini yazdı- 10 noyabr Zəfər Günü. 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günü olduğu üçün  dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu. Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədi həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!

44 günlük müharibə Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığını bir daha  dünyaya göstərdi. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını izləməsi, birliyimizi, həmrəyliyimizi,  dünyaya mesajlarını özündə əks etdirən çıxışı,  həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü oldu.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında “Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli idi, qiymətli idi, eyni zamanda, bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kimsə mane olmasın. Azərbaycan haqq davasına çıxıb, Vətən savaşına çıxıb. Türkiyə Azərbaycanın yanındadır. Bu mesaj, əslində, həmrəyliyin bir təcəssümü idi. Onu göstərdi ki, Azərbaycan öz  davasında haqlıdır: “Biz tarixi ədaləti bərpa etdik. Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı. Bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik.”

Azərbaycanın  cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcəyini bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki,  Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”

Bu kimi xoş, səmimi fikirləri xeyli sayda qeyd etmək olar. İki dost, qardaş ölkənin münasibətlərinin inkişafında qarşılıqlı səfərlər və bu səfərlər çərçıvısində omzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində dekabrın 10-da təkbətək görüş başa çatandan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Bakı Nəqliyyat Agentliyi ilə “BMC Otomativ Sənaye və Ticarət” şirkəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “BMC.AZ” şirkəti, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol imzalandı.  Məlum olduğu kimi, bu ilin 25 fevralında imzalanmış Sazişə əsasən iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala bilərdi. Sazişə əlavə olaraq imzalanmış Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala biləcəklər. Bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaq. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir. Azərbaycan  öz tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün Müqavilə imzalayıb. Tərəflər, habelə saxta sərhədkeçmə sənədlərindən istifadənin qarşısının alınması məqsədilə əməkdaşlıq etməyə qərar veriblər. Bu isə iki ölkənin sərhəd təhlükəsizliyinin gücləndirilməsi sahəsində yeni imkanlar yaradacaq.

“Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir, müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir. Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənayesinin məhsullarını Azərbaycana təqdim edəcək. Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik bir yer tutur” söyləyən dövlətimizin başçısı İlham Əliyevin mətbuata bəyanatının ardınca  “İnanıram ki, biz bu yay fəslində gəldikdə, inşallah, Qarabağın necə dəyişdiyini də görəcəyik. Buna şübhə etmirəm” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki,  bu gün atılan imzalar, əslində, simvolik imzalardır: “Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir. Allah köməyimiz olsun.”

Yeganə Əliyeva, “İki sahil”

Daha çox xəbərlər