Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Astarada olublar
ARANTV.AZ xəbər verir ki, ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Astara rayonunda olublar. Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən səfərin məqsədi ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərini Azərbaycanda regionların inkişafı ilə yaxından tanış etməkdir.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun 70-ə yaxın nümayəndəsi ölkəmizin cənub bölgəsinə səfər edərək bu zonada icra edilən sosial-iqtisadi layihələr, habelə turizmin inkişafı ilə bağlı görülən işlərlə daha yaxından tanış oldular. Astara bulvarını gəzən qonaqlara ümumilikdə, rayonda görülən işlər barədə məlumat verildi. Diplomatik korpusun nümayəndələri prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda icra olunan nəhəng sosial-infrastruktur layihələrini yüksək qiymətləndirdilər.
Qonaqlar Astaranın Çaybaba kəndindəki çay fabriki ilə tanış oldular. Onlara regionda yaradılan qida və kənd-təsərrüfatı məhsullarının ixrac potensialı haqqında məlumatlar verildi. Diplomatik korpusun nümayəndələri Lənkəran rayonunda da olacaqlar.

