2019-cu ilin dövlət büdcəsinin gəlir və xərcləri ilkin proqnozlaşdırılandan da çox olacaq
ARANTV.AZ xəbər verir ki, 2019-cu ilin dövlət büdcəsinin gəlir və xərcləri ilkin proqnozlaşdırılandan da çox olacaq. Ölkənin növbəti il üçün əsas maliyyə sənədi və büdcə zərfinə daxil digər qanun layihələri Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirə edilib. İclasda Vergi Məclləsinə edilən köklü dəyişikliklər də məqbul sayılıb.
2019-cu ilin dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya 1.1 faiz artaraq 23 milyard 168 milyon manat, xərcləri isə ilkin proqnoza nisbətən 410 milyon manat və ya 1.7 faiz artaraq 25 milyard 190 milyon manat təşkil edəcək. Xərclərin ümumi daxili məhsulda xüsusi çəkisinin də 0,7 faiz artırılaraq 30,7 faiz proqnozlaşdırılır. Maliyyə naziri Samir Şərifov dedi ki, millət vəkillərinin büdcənin birinci oxunuşunda müzakirələr zamanı səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin olaraq təhlil edilib. Bəzi tədbirlər üzrə xərclərin artırılması üçün tələb olunan maliyyə təminaıtnın mənbəsi, görüləcək işlərin fiziki həcmi və icra müddəti və xüsusiyyətləri nəzərdən keçilərək layihəyə müəyyən dəyişiklik olunub. Bunun da ümumi maliyyə tutumu 610 milyon manat təşkil edir. Artımın əsas hissəsi sosial layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Belə ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsindən 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Regionlarda məşğulluğun səviyyəsinin artırılması məqsədilə məşğulluq tədbirlərinin keçirilməsi üçün büdcədən əlavə olaraq 80 milyon manatın ayrılması nəzərdə tutulur.
Nazir dedi ki, Milli Məclisin saxlanma xərclərinə əlavə 10,1 milyon manat, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və digər tədbirlər üçün kənd təsərrüfatı xərclərinə əlavə olaraq 40 milyon manat ayrılacaq. Diqqətə çatdırıldı ki, verilən təkliflərin ümumilikdə ilkin maliyyə tutumu 7 milyard tələb edir ki, bu da növbəti illərdə mərhələli şəkildə həllini tapacaq. İndiki mərhələdə büdcə gəlirlərinin və xərclərinin artımı əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalarda gözlənilən artım hesabına baş tutacaq. Bu mənbənin 251 milyon manat məbləğində artırılması proqnozlaşdırılır. Dəyişiklikdən sonra icmal büdcəsinin gəliləri 29 milyard 149 milyon manat, xərcləri 27 milyard 156 milyon manat təşkil edəcək. Bununla da icmal büdcənin profisiti 1 milyrad 993 milyon manat proqnozlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olaraq 3 milyard 928,1 milyon manat nəzərdə tutulur. Bu isə cari ilin proqnozu ilə müqayisədə 9,8 faiz çoxdur.
Fondun xərclərinin 97,6 faizi əhaliyə ödənişlər istiqamətində xərclənəcək. Orta aylıq əmək haqqının artım tempi cari ildə 5,7 faiz təşkil etdiyi üçün əmək pnesiyalarının indeksləşdirilməsi üçün 171 miyon manat vəsait nəzərdə tutulub. Növbəti ildə əmək pensiyalaırnın orta aylıq məğləği 6,3 faiz artaraq 241 manat, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 272 manata çatacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev diqqətə çatdırdı ki, nazirlik sosial təminat sahəsində yeni konsepsiyalar həyata keçirəcək.
Vergi Məcəlləsinə də beş istiqamət üzrə köklü dəyişikliklər edilir. Bunlar iqtisadiyyatın şəffalaşdırılması və kölgə iqtisadiyyatının azaldılması, vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi və vergi ödəyicisinin hüquqlarının genişləndirilməsi, sahibkarlığın inkişafının dəstəklənməsidir.
Mühüm dəyişikliklərdən biri qeyri-dövlət və qeyri neft sektorunda aparlacaq vergi islahatlarıdır. Yəni burada əmək haqqına edilən vergi güzəştidir. Belə ki, fiziki şəxslərin gəlir vergisi üzrə vergi yükü əhəmiyyətli dərəcədə azaldılır. Güzəştin 7 il müddətinə tətbiqi nəzərdə tutulur. Bu, iqtisadiyyatın qeyri-neft sektorunu dəstəkləməklə yanaşı, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, muzdla çalışanların sosial müdafiəsi və pensiya təminatının gücləndirilməsinə yönəldilib.
Dəyişikliklərin mühüm cəhətlərindən biri nağdsız ödənişlərin genişləndirilməsidir. Bu yolla xərclənən vəsaitlərin əlavə dəyər vergisinin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması nəzərdə tutulur. Millət vəkilləri dəyişiklikləri vacib saydılar. Qeyd olund ki, dəyişikliklər ölkədə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əlavə dəyər, əmlak və torpaq vergiləri sahələrində güzəşt və azadolmaları da təsbit edir. Dəyişikliklərin əsas xətti ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsidir.
2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövr üçün yaşa görə əmək pensiyası təyin edilərkən sığorta stajı avtomatik olaraq hamı üçün 25 il hesablanacaq. 2021-ci ildən etibarən isə bu proses hər təqvim ili üçün bir il azaldılmaqla hesablancaq. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik olunur. Şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək ki, siz pensiya yaşına çatmısınız. Müəyyən edilən pensiya məbləği və pensiya kartının hansı ünvandan götürülməsi barədə məlumat da SMS vasitəsilə göndəriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verdi ki, gələn il pensiyaya çıxanların pensiyalarında, sosial müavinat alanların isə müavinatlarında ciddi artımlar olacaq. Gələn il 122 manatdan az penasiya alan 45 min nəfərin pensisiyası 35 faiz artacaq. 73 manat sosial müavinat alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək ki, bununla da təqribən 38 min adamın aylıq gəliri 48 faiz artacaq. Hər il vətəndaşların pensiya təminatları tam avtomatlaşdırılmış qaydada aparılacaq. İclasda “Azəbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları”, “Milli Məclisi deputatının statusu” haqqında qanunlara və Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişikliklər də qəbul olundu. Dövlət borcunun götürülməsi və dövlət zəmanətinin verilməsinə nəzarətin artırılması, dövlət borcuna xidmət üçün vəsaitlərin mənbələrinin artırılması, nəticədə dövlət biorcuna daha operativ və keyfiyyətli xidmət göstərilməsinə imkan yaradılması məqsədilə “Dövlət borcu”, eləcə də “Büdcə sistemi” haqqında qanunlara da dəyişikliklər təklif olunur. Layihəyə əsasən, hər il üçün dövlət büdcəsi haqqında qanunda dövlət borcunun digər göstəriciləri ilə yanaşı, il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin yuxarı hədləri də müəyyənləşdiriləcək.

