İlham Əliyev tarixi dəyişir
Mən nəyi nə zaman etmək gərəkdiyini bilirəm.
Dövlət başçısının söyləyə biləcəyi və əslində, söyləməsi gərəkən ən vacib, fəaliyyətin məhvərini, preambulasını təşkil edən ifadədir bu. Çox az prezident, baş nazir belə deyə bilər.
Azərbaycanın Prezidenti İlham Əliyev deyib. Çünki, gerçəkdən də, nəyi nə zaman etməyin gərəkdiyini bilir. Konsept, strategiya və taktika olaraq.
Məhz bu səbəbdən o, çağdaş dünyanın geosiyasi düzəninini dəyişə biləcək qərarlar və əməllər sahibidir.
Sentyabrın 27-dən başlayaraq noyabrın 10-da başa çatmış Vətən Müharibəsi ilk baxışdan adi silahlı qarşıdurma, regional savaş təsiri bağışlaya bilər.
Lakin dünyanın ən nüfuzlu “beyin mərkəz”lərinin, ekspertlərinin dəyərləndirmələri faktiki olaraq identikdir: Azərbaycan bu savaşda tamamən yeni müharibə taktikası, mübarizə strategiyası və savaş konsepsiyasını nümayiş etdirdi.
Məsələ heç də 44 gün ərzində minlərlə insanın ölümünə səbəb olmuş genişmiqyaslı, qanlı savaşda deyil.
Məsələ heç də Azərbaycan Ordusunun düşmənə qarşı tətbiq etdiyi və Qərb ekspertlərinin “Game of Drones” adlandırdıqları yeni, ən müasir texnologiyalı savaş modelində də deyil. Doğrudur, bu model dünyanın ən iri ölkələrinin və ən böyük regional dövlətlərin şəksiz marağına səbəb oldu.
Ən nəhayət, 28 ildən bəri erməni işğalında olan ərazilərimizin azad edilməsi də qlobal geosiyasətə ciddi təsir edən məqam deyil.
Heç deyil – hərbi qüdrətini, ordusunun və xalqının gücünü, iqtisadiyyatının potensialını və müdafiə qabiliyyətini bariz nümayiş etdirmiş Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu xeyli artırsa da.
.jpg)
Əsas məqam dövlətin başçısının yürütdüyü siyasət və bilavasitə onun kimliyi, şəxsiyyətidir.
İlham Əliyev Cənubi Qafqazla bahəm, bütün bölgənin reallıqlar düzənini, qlobal geosiyasi qüvvələr nisbətinin yerli formasını dəyişdi. Çox ciddi dəyişikliklərin əsası qoyulub.
İkinci Dünya Savaşından sonra dünyada bərqərar olmuş ikiqütblü siyasi arenanın sonradan “Pax Americana” imperativini reallaşdırmağa çalışan ABŞ-ın fəaliyyət dairəsinə çevrilməsi, sonucda da həmin imperativin də dağılaraq xaotik qüvvələr toqquşmasına çevrildiyi bir dönəmdə İlham Əliyev kompromis variant qismində regional stabillik platformasını təklif etdi.
Həmin platforma ilkin dövrlərdə böyük güclərə illüzor gəlsə də, real və dəqiq, ən başlıcası isə məntiqi olduğunu göstərdi.
Rusiya ilə Türkiyə arasındakı münasibətlərin normallaşmağa başlaması, İranla Azərbaycan münasibətlərinin mehriban qonşuluqdan dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, İsraillə çox sıx və intensiv siyasi, iqtisadi və hərbi əməkdaşlığın qurulması, Xəzər və Mərkəzi Asiya bölgəsində geosiyasi müstəvinin stabilləşməsinə yönəlmiş addımlar, habelə Suriya böhranının çözülməsi üçün Bakının NATO-Rusiya danışıqlarına ev sahibliyi etməsi, Qoşulmama Hərəkatına liderlik…
Məhz bu maraqların simbiozu Vətən Müharibəsindəki qələbəni şərtləndirən əsas məqamlardan biri oldu.
İlham Əliyev dünya siyasətinə də messiclərini ünvanlayıb.
Milli və dövlət maraqlarının üstün tutulması, suveren hüquqlarla beynəlxalq haqqın uydurma “istəklər və tələb”lərdən öndə durması, dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyi, müstəqillik və ərazi bütövlüyü, böyük dövlətlərin hegemoniyasının kiçik dövlətlərə təzyiq vasitəsi formatından çıxaraq bumeranqa çevrilmə təhlükəsi…

Yeni geosiyasi qarşıdurmalar və münaqişələr dönəmi isə Azərbaycana Qoşulmama Hərəkatının ideologiyası ilə prinsiplərini təftiş edərək bu strukturu “yoxsulların zəiflərə və kasıbların varlılara qarşı” təşkilatından qlobal hegemonluqla neoimper təşəbbüslərə qarşı ilkin müqavimət strukturuna döndərə bildi. Qoşulmama Hərəkatı indi yarandığı ilk dövrlərdəki ideologiyasına – ədalətli, bərabərhüquqlu iqtisadi-siyasi qlobal düzən tələbinə dönür.
Ölkəmiz üçün Vətən Müharibəsi qədər önəmli digər olay Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi, COVİD-19 koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı sessiyasının çağırılması oldu.
Sessiyada İlham Əliyev 120 dövləti sıralarında birləşdirən Qoşulmama Hərəkatının, bu beynəlxalq koalisiyanın lideri qismində çıxış etdi.
İlham Əliyev xalqın əsl Lideri, dövlətin Başçısıdır.
Məhz onun siyasəti sayəsində ötən əsrdə geosiyasi yolayrıcında olan Azərbaycan sürətli siyasi, iqtisadi və hərbi inkişaf dövründən keçərək regionun lider ölkələrindən birinə çevrildi.
Sadəcə, tarixi şəxsiyyətlər buna qadirdir.
Tarixin qanunauyğun inkişaf məcrasına məntiqi təsirə malik insan…

