Sosial 

COVID-19: Birlik varsa, zəfər də var!

Koronavirus pandemiyası hələ də davam edir. Ölkəmizdə bu gözə görünməyən bəladan xilas olmaq üçün çox ciddi addımlar atılıb, dünya ictimaiyyətinin də diqqətini çəkən tədbirlər reallaşdırılıb. Təbii ki, tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir.

Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib. Təbii ki, gözəgörünməz bəla ilə mübarizədə vətəndaşların da məsuliyyətli olması əsasdır. Bununla bağlı Daxili İşlər Nazirliyindən əhaliyə müraciət edilərək bildirilib ki, koronavirus infeksiyasının doğurduğu təhlükəni bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq: “Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik. Biz birlikdə daha güclüyük!”

Hazırda planetimiz böyük bir fəlakətlə – koronavirusla (COVID-19) ciddi şəkildə və çətinliklə mübarizə aparır. Bütün dünya ölkələri, Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, habelə ayrı-ayrı dinlərin rəhbərləri bəşəriyyəti bu fəlakətdən qurtarmaq üçün eyni hədəfə vurur, hamını bu qorxulu düşmənlə mübarizəyə səsləyirlər. Ölkələrin əksəriyyəti pandemiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər görür, sərt qaydalar tətbiq edirlər. Təəssüf ki, Azərbaycanda da virusa yoluxma halları çoxdur. Sağlamlıq insan üçün hər zaman birinci yerdədir və hər kəsin sağlamlığı, ilk növbədə, onun özü, ailəsi və yaxınları üçün lazımdır. Amma ən vacibi odur ki, insanın sağlamlığı cəmiyyətimiz, ölkəmiz və dövlətimiz üçün çox əhəmiyyətlidir.

Hər bir Azərbaycan vətəndaşının borcu belə ağır günlərdə məsuliyyətli olmaq, ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, bununla da dövlətimizə və həkimlərə dəstək olmaqdır. Cənab Prezident İlham Əliyev də vurğulayıb ki, bu gün həkimlərə kömək göstərmək, onların işini asanlaşdırmaq hər bir vətəndaşın borcudur. Bu böyük bəla ilə mübarizənin effektivliyi, ilk növbədə, həm də fərdi olaraq vətəndaşın özündən asılıdır.

Ölkəmizdə xəstəliklə mübarizədə sərt tədbirlər görülməsinə baxmayaraq, bəzi vətəndaşlar hələ də məsuliyyətsiz davranış nümayiş etdirirlər. Narahatlıq doğura biləcək yeganə məqam bəzi vətəndaşların məsuliyyətsizliyi, rəsmi qurumların müəyyən etdiyi qaydaları pozmalarıdır. Bu, çox ağır nəticələrə gətirə bilər. Çünki bu xəstəlik tez yoluxma gücünə malikdir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da xroniki xəstəliklərin daşıyıcıları var. Koronavirus həmin şəxslər üçün çox ağır keçir və ölümlə nəticələnə bilər. Sağlam insanlar bu xəstəliyə yoluxduğu halda, onların da cəmiyyət üçün təhlükəli daşıyıcıya çevrildiyini hər birimiz çox gözəl bilirik. Hamımızın ailəsində xroniki xəstəliyi olan insanlar ola bilər, yaxud yaşlı valideynlərimiz və ya yaxın qohumlarımız var. Ona görə də hər birimiz qaydalara ciddi riayət etməli, sadəcə, özümüzü deyil, bütün ölkə əhalisini, dövlətimizi düşünməliyik.

Cavid Əkbərov, “İki sahil”

Daha çox xəbərlər