Region Xəbərləri 

Şəki Mərkəzi Xəstəxanasından – REPORTAJ

Səhiyyə Nazirliyi tərəfindən bir qrup media nümayəndəsinin Şəki rayon Mərkəzi Xəstəxanasına mediaturu təşkil edilib. Səfərin məqsədi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti barədə ictimaiyyəti bilgiləndirmək olub.

ARANTV.AZ xəbər verir ki, media nümayəndələri ilk olaraq müasir texnologiyalarla təchiz edilmiş Şəki Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə yaxından tanış olublar.

Altı korpusdan ibarət olan xəstəxanada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika şöbələri fəaliyyət göstərir. Şöbələrdə quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə əsaslanır. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompüter-tomoqrafiya, laboratoriya, süni nəfəs aparatları quraşdırılıb. Xəstəxana dünyanın aparıcı ölkələrinin istehsalı olan tibbi avadanlıqlarla təchiz edilib.

Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirovjurnalistlərə xəstəxana barədə geniş məlumat verib. O bildirib ki, hazırda rayonda 65 tibb müəssisəsi fəaliyyət göstərir:

“Rayonun tibb ocaqlarında 238 həkim və 1100 nəfər orta tibb işçisi fəaliyyət göstərir. Son dövrlərdə xəstəxanamıza altı yeni həkim cəlb edilib. Onu da qeyd edim ki, bu gün gənc kadrların rayon xəstəxanalarında çalışması üçün bir çox tədbirlər görülür. Onlardan biri də rayonumuzun yeni istifadəyə verilən kənd məntəqələrində gənc mütəxəssislərin yaşaması üçün zəruri əşyalar və avadanlıqlarla təmin edilmiş evlər mövcuddur.

Mərkəzi xəstəxanamız 185 min nəfərin sağlamlığının keşiyində dayanır. İl ərzində tibb müəssisələrində 600 min nəfər ambulator tibbi xidmətə, səkkiz min nəfər isə stasionar müalicəyə cəlb olunublar. Bu gün Şəki Mərkəzi Xəstəxananın 100 çarpayılıq cərrahiyyə korpusu var. Eyni zamanda, bizim rayonun mərkəzində 320 çarpayılıq terapevtik korpusumuz da fəaliyyət göstərir. Hazırda Şəkinin tibb müəssisələrində ümumi olaraq 620 çarpayı yeri var”.

Daha sonra junalistlər ən son texnologiyalarla təchiz edilmiş hemodializ şöbəsində göstərilən xidmətlə tanış olublar. Xəstəxana Şəki, Oğuz və Qax rayonlarından müraciət edən xəstələri qəbul edir. Bildirilib ki, hazırda hemodializ şöbəsində ümumilikdə regionlardan gələn 60 xəstə müalicə alır. Xəstələrdən ən yaşlısının 70-dən yuxarı, ən gəncinin isə 23 yaşı var. Ən uzun müddət müalicə alan xəstə isə beş ildir hemodializ şöbəsinə müraciət edir.

Şəki və ətraf rayonlarda onkoloji xəstəliklərin təyin edilməsi üçün yeganə laboratoriya da məhz Şəki rayon Mərkəzi Xəstəxanasında yerləşir. Patositomarfologiya Laboratoriyanın yaradılmasının təşəbbüskarı olan həkim patomorfoloq İntiqam Əmrahov deyir ki, xəstəxanada onkoloji xəstəliklərin hüceyrə və toxuma səviyyəsində yoxlanılması üçün hər cür şərait var:

“Bu gün hüceyrə (sitoloji) və toxuma(histaloji) səviyyəsində müxtəlif onkoloji xəstəliklərin diaqnozunun qoyulduğu yeganə laboratoriya buradadır. İstər əməliyyat zamanı orqanlarda istər onkoloji, istərsə də qeyri-onkoloji xəstəliklərin dəqiq diaqnozu bu laboratoriyada aparılır. Son bir neçə ildə regionda ən çox süd vəzi xərçəngi geniş yayılıb. Bundan başqa, kişilərdə prostat və bağırsaq xərçənginə, qadınlarda ginekoloji problemlərə daha çox rast gəlinir. Hətta qadınlarda müraciət edən 10 xəstədən səkkizində xərçəng xəstəliyi aşkar edirik.

Azyaşlı uşaqlarda isə əksər hallarda xoşxassəli hemogemalara rast gəlinir. Müraciət edən xəstələr arasında Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Mingəçevir bölgələrində yaşayan sakinlər olur. Rayon yeri olmasına baxmayaraq, xərçəng xəstəliyinin son vaxtlarda artmasına səbəb ekoloji faktor, durğun həyat tərzi, qidalanma, həkim konsultasiyalarına laqeyd yanaşmadır”.

Həkimlərin sözlərinə görə, regionda vərəm xəstəliyi ilə bağlı müraciətlər də kifayət qədər çoxdur. Xüsusilə Qax və Oğuz rayon sakinləri üstünlük təşkil edir. Həkimlər bunu regionun rütubətli olması ilə əlaqələndirir. Xəstəxananın iki həkim radioloqundan biri olan Aysel Əzimova deyir ki, əhali arasında ən çox rast gəlinən xəstəliklərdən biri osteoxondrozdur:

“Rayon əhalisinin böyük hissəsi kənd təsərrüfatı sahəsində çalışdığı üçün ən çox rast gəlinən xəstəliklərdən biri osteoxondrozdur. Süd vəzi, ağciyər xərçəngi, beyində şiş, insult, demək olar ki artıb. Xərçəng xəstəliyi cavanlaşıb. Cavan qızlarda belə süd vəzi xərçənginə tez-tez rast gəlirik”.

Ultrasəs Müayinəsi kabinetində üç həkim çalışır. Onların sözlərinə görə, müraciət edən xəstələrdə daha qadınlarda qalxanvari vəzin xəstəlikləri (zob), kişilərdə isə qaraciyər piylənməsi daha çox müşahidə edilir.

Şəki endemik zona olduğundan əhali arasında zob xəstəliyinə daha çox rast gəlinir. Şəkidə region əhalisinə xidmət göstərən 70 çarpayılıq endokrinoloji şöbə də fəaliyyət göstərir. Hazırda rayonda 3343 nəfər şəkərli diabet xəstəsi var. Onlar dövlət tərəfindən zəruri dərmanlarla təmin olunurlar.

Jurnalistlər daha sonra xəstəxananın geniş oftalmoloji kabineti ilə tanış olublar. Xəstəxanada dörd həkim-oftalmoloq fəaliyyət göstərir. Media nümayəndələrinin suallarını cavablandıran oftalmoloq Gülnarə Məmmədova deyir ki, qloukoma (qara su) xəstəliyinə tez-tez rast gəlinir:

“Azyaşlı uşaqlarda daha çox refraksiya anomaliyaları, yaşlı və şəkər xəstələrində göz dibində dəyişiklik müşahidə edilir. Yaş qrupuna görə daha çox qocalarda qlaukoma, mirvari suyu artıb. Xəstəxanada gün ərzində 100 nəfərdən çox pasiyent qəbul edirik. Ən son tibbi avadanlıqlar sayəsində gözün müxtəlif xəstəliklərinin cərrahi əməliyyatlarla aradan qaldırılması da mümkündür”.

Xəstəxananın ilkin təxirəsalınmaz yardım şöbəsi gün ərzində 10-15 ağır xəstə qəbul edə bilir. Regionda ağır qəzalar zamanı xəstələr Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilir. Ümumi reanimasiya şöbəsində 12 -24 nəfərə qədər xəstəyə tibbi xidmət göstərilə bilir.

Cərrahi şöbədə aparılan əməliyyatlarla bağlı jurnalistlərin suallarını isə xəstəxanada uzun illərdir çalışan cərrah Xaliq Yusifov cavablandırıb. O bildirib ki, əməliyyat zamanı birbaşa Səhiyyə Nazirliyi ilə canlı bağlantı qurmaq mümkündür:

“Təcili cərrahi əməliyyatlarla yanaşı, xəstəxanamızda planlaşdırılmış cərrahi prosedurlar da həyata keçirilir. Planlı cərrahi əməliyyatlar açıq və laparoskopik üsullarla həyata keçirilir. Son zamanlar daha çox prosedurlar ikinci üsulla həyata keçirilir. Əməliyyat zamanı Səhiyyə Nazirliyi ilə birbaşa əlaqə yaratmaq, aparıcı mütəxəssislərdən zəruri məlumatlar almaq mümkündür. 2006-cı ildən bu günə qədər xəstəxanaya yeni cərrahlar, demək olar ki, gəlməyib. Bu gün xəstəxanada gənc və savadlı cərrahlara, həqiqətən də, ehtiyacımız var”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov media nümayəndələri üçün təşkil edilən səfərlərin davam edəcəyini deyib:

“Mediaturların məqsədi jurnalistləri və onların vasitəsilə bütün əhalini regionlarda səhiyyənin vəziyyəti ilə tanış etməkdir. Gənc həkimlərimiz rayon xəstəxanalarındakı ən son vəziyyəti görsünlər. Öz qüvvələrini burada yaşayan və onlara ehtiyacı olan əhali üçün sərf etsinlər.

Regionlarımızda fəaliyyət göstərməkdən çəkinməsinlər. Bu media turlar silsilə şəklində davam etdiriləcək. Noyabr ayında biz artıq Lerikdə olduq. Bu dəfə Şəki rayon Mərkəzi Xəstəxanasındakı vəziyyətlə tanış olduq. Növbəti səfərimiz isə Quba rayonuna olacaq”.

Tibb ocağında cərrahiyyə blokları ən son tibbi avadanlıqla təmin edilib. Bloklarda xüsusi sensorlu monitorlar quraşdırılıb. Bu monitorlar vasitəsilə cərrahiyyə bloklarında işıqlandırma və havalandırma rejiminə vahid mərkəzdən nəzarət olunur.

Bununla da jurnalistlərin Şəki rayon Mərkəzi Xəstəxanasına təşkil edilən media tur sona çatıb.

Daha çox xəbərlər