Gündəm 

Yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 351 milyon ABŞ dolları dəyərində mal ixrac olunub

ARANTV.AZ xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 351 milyon ABŞ dolları dəyərində mal ixrac olunub. Azexport.az portalına ilin ilk 10 ayında 433 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayının təqdimatında bu barədə məlumat verilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 132 milyon ABŞ dolları və ya 11 faiz  artıb. Rusiyaya 467,1 milyon, Türkiyəyə 293,8 milyon, İsveçrəyə 114,4 milyon Gürcüstana 106,5  milyon və Qazaxıstana 38,4  milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Sözügedən dövr ərzində ixrac edilən məhsulların siyahısında pomidor birinci, qızıl ikinci, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen isə üçüncü yerdə qərarlaşıb. “Azərkosmos” ASC tərəfindən 23 ölkəyə 22,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac olunub. Təkcə oktyabr ayında “Azərkosmos” ASC 5,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Oktyabr ayının göstəricilərinə gəlincə, qeyri-neft sektoru üzrə ixrac 144 milyon ABŞ dolları təşkil edib. Ən çox mal ixrac olunan ölkələrin siyahısına  Rusiya, Türkiyə, İsveçrə və digərləri daxildir. İxracda xurma, qabığı təmizlənmiş meşə fındığı və alma üstünlük təşkil edib. Ay ərzində Azexport.az portalına 23 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə 10 ayda “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri 433 milyon ABŞ dolları təşkil edib. Bu da 10% artım deməkdir. “İxrac İcmalı”nın noyabr buraxışında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi müəyyənləşib. 10 ay ərzində Azərbaycana 194 ölkədən təxminən 2 milyon 420 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 119 milyon manat təşkil edib.

Daha çox xəbərlər